Fransa Yeni Kaledoniyada əməliyyat keçirib: ölənlər var

Yeni Kaledoniya. Foto: Reuters

Polis küçələrə çıxan sakinlərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Yeni Kaledoniyada Fransa jandarmlarının keçirdiyi əməliyyat zamanı iki nəfər kanaklının (yerli sakin) öldürüldüyü bildirilir.

Sentyabrın 19-da səhər saatlarında 29 yaşlı Yoan Kaydin və 30 yaşlı Samuel Moekyia polislə atışma zamanı həlak olublar.

Hər iki şəxs bu ilin iyunundan bəri polis və jandarmlara qarşı atışmalarda, həmçinin altmış silahlı avtomobilin qaçırılmasında şübhəli bilinirlər.

Bununla da 2024-cü ilin mayından bəri Yeni Kaledoniyada başlayan iğtişaşlar fonunda ölənlərin sayı 13-ə çatıb.

Baş verənlərdən sonra Yeni Kaledoniya sakinləri küçələrə çıxıblar.

Polis gözyaşardıcı qazdan istifadə edərək nümayişi yatırıb.

Bununla əlaqədar olaraq hakimiyyət orqanları yaxın günlərdə komendant saatının müddətini uzatmağı planlaşdırır.

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) olayla bağlı bəyanat yayaraq, baş verənlərlə bağlı Fransa hökumətini qınayıb.

İğtişaşlar 2024-cü il mayın 13-dən Yeni Kaledoniyanın Fransanın nəzarətindən çıxıb, müstəqil dövlət olması fonunda başlayıb.

Etirazların əsas səbəbi Fransa tərəfinin Yeni Kaledoniyada tətbiq etməyi planlaşdırdığı səsvermə islahatları ilə bağlıdır.

Fransa hökuməti Yeni Kaledoniyada son 10 ildə məskunlaşmış şəxslərin lokal səsvermələrdə iştirak etməsinə imkan verən qanunu qəbul etməyi planlaşdırıb ki, bu da yerli əhalinin etirazlarına səbəb olub.

1998-ci ildə ölkənin paytaxtında imzalanmış “Numea razılaşması”na görə seçkilərdə yalnız ada sakinləri və ya onların nəsillərindən gələn şəxslər iştirak edə bilərlər.

Etirazçılar hesab edirlər ki, mövcud dəyişiklik Yeni Kaledoniyanın gələcəkdə müstəqil olması yollarını tamamilə bağlayır və Fransanın xarici maraqlarına hesablanıb.

Yeni Kaledoniyada 2018, 2020 və 2021-ci illərdə keçirilmiş Fransanın tərkibindən çıxmaq, müstəqil olmaqla bağlı referendumda əhalinin böyük əksəriyyəti Fransa Dənizaşırı Bölgələr Birliyinin tərkibində qalmağa səs verib.

Müstəqillik tərəfdarları ifadə edirlər ki, 2020 və 2021-ci ildəki referendum məqsədli şəkildə, COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə keçirilib və nəticələr də yerli xalqın iradəsini əks etdirmir.

2024-cü il mayın 13-də başlayan iğtişalar əvvəlkilərdən etirazçıların kütləvi formada silahdan istifadə etməsi ilə fərqlənir.

Ana səhifəXəbərlərFransa Yeni Kaledoniyada əməliyyat keçirib: ölənlər var