“TotalEnergies”in SOCAR-la birgə çıxardığı qaz daxili bazarda satılacaq
Fransanın “TotalEnergies” şirkəti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə birlikdə Xəzər dənizindəki “Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlayıb.
Bu barədə iyulun 10-da “TotalEnergies” şirkəti məlumat yayıb.
Bildirilir ki, indiki mərhələdə sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır:
“Qaz Azərbaycanın daxili bazarında satılacaq (kondensat Bakı-Tbilisi-Ceyhan neft kəmərinə gedə bilər)“.
“TotalEnergies” qeyd edir ki, “Abşeron” yatağının işlənməsi şirkətin strategiyasına uyğun olaraq artan tələbatı rəqabətə davamlı texniki dəyər və istixana qazı tullantılarının aşağı intensivliyi ilə ödəmək üçün əlavə qaz tədarükünü təmin edir.
“Geolojı kəşfiyyat qrupumuzun uğurlu fəaliyyəti nəticəsində “Abşeron” qaz yatağının işə salındığını elan etməkdən məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatını ödəmək strategiyasına uyğundur və SOCAR ilə tərəfdaşlığımızı gücləndirir”, – deyə məlumatda “TotalEnergies” kəşfiyyat və hasilat şöbəsinin prezidenti Nikolas Terrazdan sitat gətirilir.
Bir qədər əvvəl “Turan” bildirmişdi ki, 2023-cü ildə “Abşeron”dan ümumilikdə təxminən 0,7 milyard kubmetr qaz hasil edilə bilər:
“2024-cü ildə isə yataq “Mərhələ 1”-in pik həddinə çatacaq – ildə 1,5 milyard kubmetr. “Mərhələ 1″dən qazın sahibi Azərbaycan tərəfidir və o, öz mülahizəsinə uyğun olaraq ondan istifadə edə bilər. “Abşeron” yatağının işlənməsi ilə SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən təsis edilən Joint Operating Company of Absheron Petroleum B.V. (JOCAP) məşğuldur. “Abşeron” üzrə müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat metrdir“.
“Turan” yazır ki, “Abşeron” bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir.
2019-cu ildə SOCAR və TOTAL şirkəti “Abşeron” yatağında dərinliyi 7411 metr olan “ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb.
Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçirilir.
“Abşeron”un işlənməsinin pik vaxtında bu yataq ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər.