Almaniya Səfirliyi müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.
Səfirlik rəsmi açıqlamasını “Facebook” səhifəsi üzərindən yayıb.
“Bu gün Xarici İşlər Nazirliyinin dəvəti ilə məsələni nəzərə alan yüksək vəzifəli şəxsə izah etmişik. Almaniya Səfirliyi 2021-ci il dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə “Kekalove Adaptive Fashion” tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalovu və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləyib”.
“Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik. Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik”,- Səfirliyin açıqlamasında deyilir.
Azərbaycan tərəfi onların fəaliyyətini şiddətlə qınadığını deyir
Fransa səfiri, ABŞ və Almaniyanın isə müvəqqəti işlər vəkilləri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirlyinin məlumatında bildirilir ki, onlarla ayrı-ayrılıqda görüş keçirilib.
“Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib”, – XİN-in məlumatında bildirilir.
“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, “FreedomNow”, “New Democracy Fund” və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub”, – deyə məlumatda vurğulanır.
Nazirliyin məlumatında bildirilir ki, qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan qanunvericiliyinə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.
Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb.
İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.
İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub.
Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.