Fransa hökuməti etirazçılara güzəştə getməyə hazırlaşır

Yanacağa olan vergilərin artırılması planı Fransanı çalxalayıb

Source:


Yanacağa olan vergilərin artırılması planı Fransanı çalxalayıb

Fransa hökuməti bir neçə həftə davam edən etiraz aksiyalarından sonra yanacağa olan verginin artırılmasına moratoriy qoya bilər.

Bu barədə yazan Qərb mətbuatı, bildirir ki, qərarı dekabrın 4-də gün ərzində Baş nazir Eduard Filip elan

edəcək.

Moratoriy bir neçə aylıq olacaq.

Bununla birgə, hökumətin mətbuat xidməti Baş nazirin etirazçıların nümayəndələri ilə dekabrın 4-ə nəzərdə tutulan görüşünün baş tutmayacağını bildirib.

Belə bir görüşün təşkilini prezident Emmanuel Makron tələb etmişdi. Amma, görüşə getməli olan nümayəndələrə sosial şəbəkələrdə digər etirazçılar tərəfindən hədə-qorxu gəlinib. Buna görə də, onlar Baş nazirlə görüşə getməkdən imtina ediblər.

Yaranmış vəziyyəti E.Filip dekabrın 3-də siyasi partiyaların liderləri ilə müzakirə edib.

Dekabrın 2-də isə hökumətin mətbuat xidməti bəyan etmişdi ki, prezident Makron etirazçıların tələbi ilə siyasətini dəyişmək niyyətində deyil.

Fransa hökuməti 2019-cu il yanvarın 1-dən dizel yanacağına verginin 6,5 faiz, benzinə verginin 2,9 faiz artırılması barədə qərarını açıqladıqdan sonra ölkədə etirazlar başlayıb. İlin əvvəlində də yanacağa verginin dərəcəsi müvafiq olaraq 7,6 və 2,9 faiz artırılmışdı.

Hazırda dizel yanacağının bir litri 1,48 avro, 95 aktanlı benzinin qiyməti 1,47 avrodur.

Hökumət izah edib ki, vergilərin artırılması dövlət xəzinəsinə əlavə gəlirlərdən başqa, ekologiyaya və fransızların sağlamlıqlarına xeyirlidir. Hökumət bildirib ki, fransızlar daha çox velosiped sürüb, piyada gəzməyə başlayarlar.

Yerli vəziyyətdən xəbərdar olanlar bildirirlər ki, hökumət dizel yanacağı ilə işləyən avtomobillərin istifadə olunmasına son qoymaq istəyir və buna görə də, onun qiymətini artırır ki, belə avtomobilləri sürmək sərfəli olmasın. Amma bununla belə, Fransada dizel təkcə avtomobillər üçün deyil, qışda evlərin qızdırılması üçün də istifadə edildiyindən, hökumətin qərarı geniş ictimaiyyətin narazılığına səbəb olub.

Ana səhifəDünyaFransa hökuməti etirazçılara güzəştə getməyə hazırlaşır