Frank Şvabe: “İlham Əliyev elə bilir ki, COP29 Formula-1-dir”

Frank Şvabe, foto: bundestag.de

Almaniyalı deputat: “ABŞ və Almaniya Azərbaycandakı problemləri dilə gətirməlidir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe jurnalist Sevinc Osmanqızına müsahibəsində COP29 iqlim konfransında iştirak edəcək ölkələrə müraciət edib.

O, hər kəsin COP29-da iştirakını vacib sayıb:

“COP29 iqim konfransıdır, bu, tədbirin keçirilməsinin çox tərəfdarıyam. Hətta Pekində, yaxud da Moskvada keçirilsə, deyəcəyəm ki, COP baş tutmalıdır. Bu konfransı blok etmək doğru deyil. Bununla belə, hər bir ölkə hara getdiyini bilməlidir. Onlar Azərbaycandakı situasiya haqqında danışmalıdırlar. Bu, Almaniyaya da aiddir. Təşkilatlar Bakıda olmaqdan qorxmamalıdırlar. Heç kim Azərbaycan hökumətini tənqid etməkdən qorxmamalıdır. İstər Almaniya, istərsə də ABŞ olsun. Onlar Azərbaycandakı mövcud vəziyyət haqqında danışmalıdırlar. Amma COP bitəndən sonra yox”.

“Azərbaycanda çox az adam varlıdır, onlar da İlham Əliyevin ətrafındadır”

“İlham Əliyev fikirləşir ki, dünyada geosiyasi baxımdan prolemlər çoxdur və Azərbaycandakı vəziyyətə diqqət ayıran azdır. Bununla o hesab edir ki, Azəraycandakı situasiyanı görən olmayacaq. Səhv edir, bu vəziyyət çox çəkməyəcək. Onlar hər zaman Ermənistan “kartı”ndan istifadə edirlər. Bir daha demək istəyirəm ki, Qarabağ Azərbaycan deməkdir. Bu, elə əvvəldən məlum idi. Ermənistanlı həmkarlarım bəyənsələr də, bəyənməsələr də bu, belədir. Qarabağ Azərbaycandır. Mən daha çox siyasi və iqtisadi məsələlərə toxunmaq istərdim. Vəziyyət, həqiqətən də, bərbaddır. Azərbaycanda çox az adam varlıdır, onların hamısı da İlham Əliyevin ətrafındakı adamlardır”, – deyə almaniyalı deputat bildirib.

“Mən Azərbaycan xalqını sevirəm, onların yaxşı hakimiyyəti olmalıdır”

Şvabe bildirib ki, bir ölkə olaraq Azərbaycanı və onun xalqını sevir, amma Azərbaycan rəhbərliyi AŞPA-nın öhdəliklərinə əməl etməlidir:

“Heydər Əliyev adına Hava Limanına gəlirsən, hər yer gözəldir, təmizdir. İçərişəhəri “Disneyland” kimi düzəldiblər. Ölkənin qalan hissəsində isə vəziyyət çox bərbaddır. Mən Azərbaycanın hər yerini çox səyahət etmişəm. Orada iqlimin necə çirklənməsini görmüşəm. Bütün ölkədə adamların necə əziyyət çəkdiyini görmüşəm. Tənqid edəndə Azərbaycan xalqını tənqid etmirəm. Mən Azərbaycanı sevirəm. Azərbaycanın çox gözəl yerləri, çox gözəl insanları, xalqı var. Onların eyni zamanda yaxşı hakimiyyəti olmalıdır, demokratiyası olmalıdır. Onlar özlərini, öz fikirlərini ifadə etməkdə azad olmalıdırlar. İfadə etdikləri fikirlərinə görə həbsə atılmamalıdırlar. AŞ PA-nın üzərinə götürdüyü öhdəlik bundan ibarətdir. Bu təşkilatın 75 yaşı var və siz hamınız bu qaydalara riayət etməlisiniz. Əgər siz qaydalara riayət etmək istəmirsinizsə, o zaman siz özünüz-özünüzü təşkilatdan kənarlaşdırmış olursunuz”.

“Jurnalistlər, QHT-lər məndən soruşurlar ki, Azərbaycana getsək, bizi hansı təhlükələr gözləyir?”

“Bundestaqda çıxışım zamanı bildirdim ki, biz Azərbaycandakı vəziyyəti bilməliyik. Hökumətimiz bunu bilməlidir. Çünki Almaniya iqlim danışıqlarında aparıcı ölkələrdəndir. Biz eyni zamanda, insan haqlarına da toxunuruq. Biz gərək Azərbaycandakı insan haqlarını unutmayaq. Çünki Azərbaycanda insan haqları çox bərbaddır. Əminəm ki, xarici işlər naziri Annalena Berbok da bu vəziyyətdən xəbərdardır. Azərbaycanla bağlı ekspert biliyim olduğu üçün adamlar məndən soruşurlar ki, Bakıya getsək, orada təhlükəsiz olacağıqmı? Parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri məndən soruşurlar ki, ora getsək, bizə nə ola bilər? Ən son COP tədbirləri Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilib. Mən indiyə kimi 20 COP tədbirində iştirak etmişəm. Heç vaxt kimsə COP tədbirlərinə getməkdən qorxmurdu. Belə hal ümumiyyətlə olmamışdı ki, sadə insanlar belə bir ölkəyə getməkdən narahat olsunlar. Bu, ilk dəfədir baş verir”, – AŞPA üzvü vurğulayıb.

“İlham Əliyev elə bilir ki, COP29 Formula-1-dir, yaxud futbol oyunudur”

Jurnalistin “Prezident İlham Əliyevin xarici məsələlər üzrə müşaviri Hikmət Hacıyev bildirmişdi ki, COP konfransı elm haqqındadır, insan haqları haqqında deyil” sualını Şvabe belə şərh edib:

“İlham Əliyevə doğru-düzgün tövsiyə vermirlər. Bu hökumət hesab edirsə ki, COP29-da istədiyini edə, adamları həbsxanaya ata bilər və s. deməli, COP-la bağlı düzgün məlumata malik deyil. Çünki COP ilk növbədə insan haqlarıdır. Ümumiyyətlə, iqlimlə bağlı bütün danışıqlar, insan haqları danışıqlarının tərkib hissəsidir. Məsələn, günəş panelləri düzəldəcəksiniz. Panelləri düzəltdiyiniz yerdə yaşayan adamlar bunu istəyəcəklərmi? Yəni bu, biri-biri ilə üzvi sürətdə bağlı olan məsələlərdir. Ona görə də iqlim danışıqları həm də insan haqları danışıqlarıdır. COP29-a minlərlə jurnalist gedəcək və Bakı bunun qarşısını ala bilməz. Onların hər biri Azərbaycan haqqında öz hekayəsini yazacaq. Prezident istəsə də, istəməsə də, bu, baş verəcək”.

“Ümumiyyətlə, İlham Əliyev bilirdimi, COP29 nədir? O, elə bilir ki, Formula-1-dir, yaxud futbol oyunudur. Xeyr, COP29 Formula-1yarışması deyil. COP böyük bir siyasi konfransdır. Dünyada, bütün Avropada ən böyük konfranslardan biridir. COP-da yaşıl enerjidən danışılacaq. Təəssüf ki, biz Azərbaycanda enerji keçidini də görmürük. Çünki hakimiyyətdə olan adamlara bu əl vermir. Onlar bunda maraqlı deyillər, dəyişmək də istəmirlər. Niyə onlar neft və qaz kimi “narkotik”dən öz xoşlarına imtina etsinlər? Ona görə də biz Azərbaycanı COP-da enerji transformasiyası gündəmində hələ ki, görmürük. Əgər siz bir şirkət yaradırsınıza, əmin olmalısınız ki, bu şirkət işləyəcək. İlham Əliyevin komandasının adamları gəlib deməyəcək ki, bu, biznes mənimdir. Bununla da günəş panelləri bitdi, çünki mən bunu istəmirəm. Ona görə də ölkə belə bir keçidə hazır olmalıdır”, – Şvabe qeyd edib.

“COP29-u boykot etmək yox, ora gedib problemləri dilə gətirmək lazımdır”

AŞPA parlamentarisi qeyd edib ki, COP29-u boykota çağırmaq yox, ora gedib problemləri görmək və dilə gətirmək lazımdır:

“Ölkədə bir qrup adamın hər şeyi var və başqalarının heç nəyi yoxdur. Bir daha deyirəm ki, mən COP29-un əleyhinə deyiləm. Demirəm ki, onu boykot etmək lazımdır. Mən deyirəm ki, ora gedin, eyni zamanda mütləq ölkədəki vəziyyəti də dilə gətirin. Bilin ki, siz hara gedirsiniz və danışmaq hüququnuzdan istifadə edin”.

Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Təşəbbüsün müəllifi əsasən də Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe olub.

O, Azərbaycanı diktatura, İlham Əliyevi isə insan hüquqlarını məhdudlaşdıran “diktator” adlandırıb.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Ana səhifəXəbərlərFrank Şvabe: “İlham Əliyev elə bilir ki, COP29 Formula-1-dir”