“Prezidentə məktublar” silsiləsindən
Hörmətli cənab prezident!
Çoxdandır sizə məktub yazmıram. Səbəbsiz deyil, yazılan məktublar, qabardılan problemlərlə bağlı tədbir görülməməsi, məktuba cavab nədir, heç reaksiya verilməməsi adamı həvəsdən salır, yazmağa əlin gəlmir. “Eh, nə xeyri var” deyib keçmək istəyirsən. Ancaq elə hadisələr də baş verir ki, yazmamaq olmur…
Yox, inciməmişəm, vaxtınızın az olduğunu bilirəm, Qarabağ boyda bərpa projeniz var, Şuşa planlarınız var. İndi ölkənin ürəyinin o tərəflərdə döyündüyündən də xəbərdaram. Gününüzün mümkün olan çox hissəsini oralarda keçirirsiz, sizi qınamıram, 2003-cü ildən başlayaraq vəzifəyə gətirdiyiniz cavanlı-qocalı, demək olar, bütün məmurlarınız oğru və korrupsionerdir, gözünüzü bir az çəkən kimi çapıb-talayırlar. O üzdən bütün işlərin üstündə durmaq, bütün sahələrə nəzarət etmək gərəyi yaranır. Çox çətindir: ölkə idarə etmək, xarici səfərlərə getmək, gələn qonaqları qarşılamaq, fərmanlar, sərəncamlar vermək, kimlərisə mükafatlandırmaq, etimad göstərdiyiniz, etibar etdiyiniz kimlərisə (ağır da olsa) işdən çıxarmaq, icra başçılarının yerini dəyişmək, poçtunuza gələn məktublarla (köməkçiləriniz vasitəsilə olsa belə) tanış olmaq… saymaqla qurtarmayan işləriniz var, hələ şəxsi işlər, ailə tədbirləri…
Cənab Prezident!
Zaman göstərir ki, məmurlarınızı bir an da olsa nəzarətsiz qoymaq olmaz, bunu da siz hamıdan yaxşı bilirsiz. Ən çox etibar edib vəzifəyə gətirdiyiniz, ardıcıl olaraq general rütbəsiylə mükafatlandırdığınız, təhlükəsizliyinizi (təkcə özünüzün yox, həm də ölkənin) tapşırdığınız Eldar Mahmudov və komandası sizi və ölkəni hansı duruma saldı… Xarici siyasəti umud olduğunuz Elmar Məmmədyarov və komandası nələr etmədi… Səfirlər Azərbaycanın problemləri, Qarabağ boyda dərdi ilə məşğul olmaq əvəzinə büdcə puluyla biznesə girişdilər; kimi çaxır, kimi araq, kimi park, kimi daşınmaz əmlak, ofşorlar…
Qaçqınların və mətbuatın taleyinə sorumli etdiyiniz əli həsənovlar, yollarımızı tapşırdığınız Ziya Məmmədov, mədəniyyətimizin etibar olunduğu Əbülfəs Qarayev və komandası hansı oyunlardan çıxmadılar? Mədəniyyət evləri, kitabxanalar, ev muzeyləri və başqa incəsənət ocaqları ilə bağlı yüz milyonlarla manat yeyinti faktları bəlli oldu. Nazirlər, icra başçıları – demək olar, hamısı da sizin vəzifəyə gətirdiyiniz, arxalandığınız kadrlar – çoxu rüşvətxor, korrupsioner, büdcəni talayan çıxdı. Xüsusilə icra başçıları təkcə atanızın heykəli və onun ətrafının abadlaşdırılması adıyla hər il milyonlarla manat büdcə vəsaitini mənimsədilər… mənimsəyirlər. Tutulanların ortaya çıxan sərvəti çox şeydən xəbər verir. Ancaq maraqlıdır ki, o sərvətlərdən onlar tutulmazdan qabaq da, sizi deyə bilmərəm, çoxunun xəbəri vardı, sosial şəbəkələrdə bununla bağlı siqnal verənlər də az deyildi. Nədənsə bu faktları sizə onlar tutulandan sonra çatdırdılar… Düzdür, atanızın vaxtından da qalanlar vardı onların arasında, kommunist keçmişi olan bu adamları, bəlkə də, başa düşmək olardı, hamısı rüşvətlə vəzifəyə gəlmişdi, rüşvətlə böyümüşdü, rüşvətlə yaşamışdı, var-yatırı korrupsiya yoluyla qazanmışdı, ancaq siz təyin etdklərinizin çoxu gənc, Avropa təhsilli kadrlar idi. Bəs onların bir çoxu niyə naxələf çıxdı, yüksək etimadı doğrultmadı?
Cənab Prezident!
Növbəti məktubu yazmaq səbəbi artıq ölkədə məşhur olan “parkinq”dir. AzTV-lər bunu günün əsas xəbərinə çeviriblər, AzTV-9 (İTV) dəxli olmayan verilişlərində belə bundan danışır. Hamısı da “qanunsuz parkinq”in sizin göstərişinizlə söküldüyünü deyir. Yalan danışırlar, həm də sizin adınızdan, bu ölkədə qanunsuz heç nə olmur, qanunsuz heç nə baş vermir, qanunsuz heç nə tikilmir. Tam məsuliyyətlə deyirəm. Bütün icazələr ən müxtəlif qurumlara (bəzən heç dəxli olmayan) çoxsaylı gediş-gəlişdən, tələb olunan məbləği ödədikdən sonra alınır, hətta iş prosesində də müəyyən məbləğlər ödənir. Şəhərin ortasında qanunsuz nəsə tikmək olar? İnanıram ki, onların yaydıqları xəbərə siz də inanmırsız, heç o “qanunsuz parkinq”in sökülməsinə də, deyildiyi kimi, sizin göstəriş verdiyinizə inanmıram. O “qanunsuzluq” barədə, tutaq ki, sizə deyiləndə, şübhə yoxdur, soruşmusuz: oranın bələdiyyəsi, icra hakimiyyəti, polisi və s. yoxdur, bəs “Baksovet” hara baxır?
O “qanunsuz parkinq”i kimsə sizin adınızdan sökdürüb, görünür, özünün gücü çatmayıb, bu yolla ədaləti bərpa edib, ancaq nə olubsa, kəsilən ağaclara olub…
Cənab Prezident!
Bu məktubun yazılma səbəbi həm də paytaxtda keçirilən Formula-1 yarışıdır. Bilmirəm bu barədə sizə deyiblər, yoxsa yox. Bu yarış paytaxt sakinlərinin rahatlığını pozur, həm də 6 ildir, onların rahat hərəkətinə mane olur, işə və evə gediş-gəlişini çətinləşdirir, psixikasını zədələyir, ən başlıcası, İçərişəhər kimi bir incimizi məhv edir. Neçə əsrlik binalar, qala divarları bu maşınların səsindən ziyan çəkir. Bu, tarixə düşmən münasibətdir. Düzdür, bunları alimlərimiz, mütəxəssislərimiz sizə deməlidir, həm də faktlarla, ancaq mükafat, prezident təqaüdü, fəxri ad, orden-medal dərdi çəkən bu adamlar onu sizə deməyəcək, deməyə cəsarətləri olmayacaq. Bu yarışı ya paytaxtdan çıxarın, ya da Azərbaycandan. Bu yarışın Bakıda keçirildiyi 6 il paytaxt sakinlərinə və tarixi abidələrimizə yetərincə travma yaşadıb. Dayandırmaq zamanıdır. Ölkədə bu yarışın aşırı həvəskarları varsa, onları hətta büdcə vəsaiti hesabına (yarış keçiriləndə büdcə daha çox ziyan çəkir) başqa ölkələrə göndərmək olar; getsinlər, baxsınlar, ləzzət alsınlar, ancaq milyonlara bu əzabı yaşatmaq olmaz. İçərişəhərisə zədələməyə heç kimin ixtiyarı yoxdur…
Təsəvvür edirsinizmi, yarış vaxtı 51 dövrə vurulur, yəni o maşınlar 51 dəfə İçərişəhərin başına dolanır, üstəlik, yarışdan qabaq sınaq yürüşləri də olur… Dayandığın yerdə kimsə sənin ətrafında dövrə vuranda başın hərlənir, görün o sürətlə gedən maşınların İçərişəhər ətrafında vurduğu dövrə tarixi abidəmizin başına hansı oyunları açır…
Bunu bir vətəndaşın siqnalı kimi qəbul edin!