“Forbes”: Ermənistan ordusu 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdi

Məqalədə Stokholm Sülh Tədqiqatları İnstitutunun hesabatına istinadən qeyd olunub ki, 2016-2020-ci illər arasında Azərbaycanın hərbi idxalının 69 faizini İsrail silahları təşkil edib

Source:


“Azərbaycanın 2006 və 2019-cu illər arasında aldığı İsrail silahlarına təxminən 825 milyon dollar xərclənib”

Müdafiə məsələləri üzrə ixtisaslaşan jurnalist Pol İddon "Forbes" dərgisində Qarabağ müharibəsindən yazıb.

Jurnalist bildirib ki, Qarabağ müharibəsində müasir və təkmil hərbi vasitələrdən istifadə Azərbaycana qətiyyətli və dağıdıcı qələbə qazandırıb və onu bahalı və uzun sürən münaqişədən xilas edib:

“Bunu etməklə Bakı döyüş dronları kimi müasir hərbi texnologiyanın kiçik ordulara və ölkələrə döyüş meydanında öz çəkisindən ağır zərbə endirmək imkanı verdiyini nümayiş etdirib”.

Pol İddonun məqaləsini AzadliqRadiosu tərcümə edib.

Məqalədə qeyd olunur ki, Rusiya istehsalı olan T-72 tanklarının böyük cəbbəxanasının, havadan müdafiə üçün qüdrətli S-300 raketlərinin şəbəkəsi ilə üstün gələcəklərinə, ən azı cəbhə xəttini saxlaya biləcəklərinə inanırdılar:

"Amma nəticədə Ermənistan ordusu Azərbaycan hərbiyyəsi tərəfindən yerlə yeksan edildi. Səbəb o idi ki, 2020-ci ilin əvvəllərində bir çox erməni əsgər 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdi".

"Bakı bu heyrətamiz uğuru bu yüksək texnologiyalı silahlara müəyyən zaman müddətində nisbətən az pul xərcləməklə nail olub. Azərbaycanın 2006 və 2019-cu illər arasında aldığı İsrail silahlarına təxminən 825 milyon dollar xərclənib",-deyə jurnalist yazır.

Məqalədə Stokholm Sülh Tədqiqatları İnstitutunun hesabatına istinadən qeyd olunub ki, 2016-2020-ci illər arasında Azərbaycanın hərbi idxalının 69 faizini İsrail silahları təşkil edib:

"2020-ci ilin müharibəyəqədərki 9 ayı ərzində Türkiyə silahlarına 123 milyon dollar xərclənib".

Jurnalist iddia edir ki, Azərbaycan qüvvələri Şuşanı tutduqdan sonra Yerevan belə görünür, Bakını atəşkəsə məcbur etmək üçün Rusiya istehsalı qısamənzilli ballistik “İskəndər” raketi atıb:

"Bu raketlərdən biri Bakıya atılıb, lakin hədəfə dəyməyib, çünki Azərbaycanın onun vurmaq üçün saxladığı daha bir yüksək texnologiyalı silahı vardı. Söhbət İsrailin “Aerospace Industries” şirkəti ilə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının birgə istehsalı olan Barak 8 havadan müdafiə raket sisteminin “İskəndər”i havada vurmasından gedir".

Pol İddon yazır ki, Azərbaycanın belə bir müharibəni 21-ci əsrdə ilk dəfə olaraq aparmağa necə qadir olması qarşıdan gələn illərdə təhlil ediləcək:

"Bu, həm də onu göstərir ki, kiçik ölkələr özləri ölçüdə, hətta özlərindən də böyük ölkələrə müasir silah sistemləri ilə üstün gələ bilər".

"The Diplomat" nəşrində hərbi ekspert Erik Çan isə müharibədən əvvəlli vəziyyətə toxunaraq qeyd edib ki, Azərbaycanın statik səngər müharibəsinə hazırlaşdığına dair təsəvvür yaranmışdı:

"Ermənistan ordusuna 1994-cü il müharibəsinin veteranları tərəfindən təlimləndirilmiş könüllülərin ilkin axını da bununla əlaqədar idi. Ona görə də bu qüvvələr Ermənistana 1994-cü ildə qələbə vermiş sovet metodlu müharibəyə heç də bənzəməyən müharibə ilə üzləşəndə tamamilə demoralizə olundular. Erməni qüvvələri əvvəlcə donuxdu, sonra isə məhv edildi. Təkcə mövqe yox, həm də psixoloji baxımdan”.

Ekspert Azərbaycanın İsrail və Türkiyə ilə hərbi əməkdaşlığına da yer ayırıb:

"Bakı uğurlara ilk növbədə həm də çox dəqiq vuran İsrail istehsalı “Harop” “intihar” dronları və Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları ilə nail olmuşdu. Azərbaycanın “Harop” dronlarından erməni qüvvələrinin hava müdafiə sistemlərinə endirdiyi zərbələr “sadə olduğu qədər də dahiyanəydi”.

Bakı bu məqsədlə məsafədən idarə olunan ucuz “Antonov-2” biplanlarını havaya buraxmış və bu aldadıcı manevrlə ermənilərin bahalı S-300 komplekslərinin radarlarını hərəkətə gətirmiş, aşkar etmiş və ardınca onlara “Harop” dronları ilə zərbə endirmişdi".

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.

Ana səhifəSiyasət“Forbes”: Ermənistan ordusu 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdi