Firəngiz Əlizadə: Heç bir bəstəkara qadağa qoymamışıq

Firəngiz Əlizadə bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Bəstəkarlar İttifaqına İkinci Qarabağ müharibəsi haqqında əsərlərin ifa olunması ilə bağlı tapşırıq verilib

Source: Specify Source


"Bütün meydanı toy musiqisinə vermək olmaz"

“Biz heç bir bəstəkara qadağa qoymamışıq. Sadəcə, həmişə deyirik ki, mahnılar keyfiyyətli olmalıdır. Zövqləri tərbiyə edək, daha gözəl əsərlər yaradaq”.

Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Meydan TV-yə açıqlamasında qurumda bəstəkarların əsərlərinə qadağa qoyulması məsələsinə aydınlıq gətirərkən belə deyib.

“Bəstəkarlara ancaq ittifaqın bəyəndiyi əsərləri sosial şəbəkələrdə yaymaq qadağası qoyulmayıb. “YouTube” açıq platformadır, orada peşəkar və qeyri-peşəkarların gündə yüzlərlə mahnıları yerləşdirilir. İnsanın qəlbindən mahnı gəlir, biz deyəcəyik ki, yazma? Xeyr, belə hal heç vaxt olmayıb. Yaradıcı insan – azad insandır. O, yaradacaq, bəstələyəcək. Amma biz seçməliyik. Yəni efirdə insanlara daha gözəl əsərlər, musiqilər təqdim olunmalıdır. Necə deyərlər, bütün meydanı toy musiqisinə vermək olmaz. Ciddi, gözəl, klassik mahnılar olmalıdır. Peşəkar bəstəkar mahnıları da olmalıdır”.

Firəngiz Əlizadə bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Bəstəkarlar İttifaqına İkinci Qarabağ müharibəsi haqqında əsərlərin ifa olunması ilə bağlı tapşırıq verilib: “Göstəriş verilib ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında qələbəmizə həsr olunan əsərlər ifa edilsin. Bununla bağlı dörd dəfə komissiya toplantısı olub. Katiblərimiz, musiqişünaslarımız, bəstəkarlarımızla birgə festivalda təqdim olunacaq əsərlərə qulaq asıb, müzakirələr aparmışıq. Söhbət böyük simfonik əsərlərin təqdimatından gedir. Festivalda ən gözəl əsərlər səsləndirilməlidir. Konsertə böyük məsuliyyətlə, ciddi hazırlaşırıq”.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 2021-ci il sentyabrın 18-də başlayacaq.

Bəstəkarlar İttifaqının təqdim edəcəyi konsert proqramı isə sentyabrın 24-də nümayiş olunacaq.

Ana səhifəMədəniyyətFirəngiz Əlizadə: Heç bir bəstəkara qadağa qoymamışıq