Finlandiya NATO-ya üzvlük astanasında (yenilənib)

Mənbə: “www.svoboda.org”

Peskov: “Finlandiyanın NATO-ya üzv olması Rusiya üçün təhlükəlidir”

“NATO-nun genişlənməsi Avrasiyada təhlükəsizliyə töhfə vermir, Finlandiyanın alyansa daxil olması isə Rusiya üçün təhlükədir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, NATO-nun növbəti genişlənməsi regionu daha sabit və təhlükəsiz etmir.

Peskov bildirib ki, Moskva mövcud vəziyyətə cavab olaraq öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək:

“Əlbəttə, bütün bunlar vəziyyəti tarazlaşdırmaq və təhlükəsizliyimizi təmin etmək üçün xüsusi təhlil və zəruri tədbirlərin işlənib hazırlanması elementlərinə çevriləcək”.


Finlandiya Prezidenti: “Helsinkini belə bir qərara Moskva sövq edib”

Finlandiya Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin ölkənin NATO-ya daxil olmasını dəstəkləyib.

Onların mayın 12-də yayılan birgə bəyanatında deyilir ki, birlik ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək: “Təşəbbüs parlament tərəfindən təsdiqlənərsə, Rusiyanın NATO ölkələri ilə sərhədi 1325 kilometr artacaq”.

Bəyanatda hərbi alyansa ərizənin bir neçə gün ərzində təqdim ediləcəyinə ümid etdikləri qeyd olunub.

Finlandiya Prezidenti Sauli Niinistö dünən keçirdiyi mətbuat konfransında deyib ki, Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaratmayacaq: “Moskva başa düşməlidir ki, Helsinkini belə bir qərara onun özü sövq edib”.

O əlavə edib ki, Ukraynada baş verənlər Rusiyanın qonşusuna hücum etmək iqtidarında olduğunu açıq şəkildə göstərdi.

II Dünya müharibəsindən sonra Finlandiya neytral statusa sadiq qaldı. Lakin 1994-cü ildən ölkə alyansla “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edir və alyansın Əfqanıstanda təşkil etdiyi missiyada iştirak edir.

Ehtimal olunur ki, Finlandiya ilə yanaşı, qonşu İsveç də bloka daxil olmamaq öhdəliyindən imtina edə bilər. Bundan əvvəl bildirilmişdi ki, ölkələr ittifaqa daxil olmaq üçün birgə ərizə verə bilərlər.

NATO-nun Baş katibi Yens Stoltenberq iyunda Finlandiya və İsveçi alyansa dəvət edə bilər.

Bu ehtimal isə Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbənin sözlərindən məlum olub.

“Finlandiya və İsveçin NATO-ya üzv olmağa yüksək hazırlığını və alyansın standartlarına yaxından riayət etməsini nəzərə alaraq, Baş katib bu ölkələrə alyansa qoşulmaq üçün artıq Madriddə bu ilin sonunda keçiriləcək sammitdə rəsmi dəvət göndərə bilər”, – deyə mənbə bildirib.

Ana səhifəDünyaFinlandiya NATO-ya üzvlük astanasında (yenilənib)