”Film göstəriləndən sonra hər gün bu evə baxmağa gəlirlər”

”Bəyin oğurlanması” filminin çəkildiyi evdən reportaj

Source:


”Bəyin oğurlanması” filminin çəkildiyi evdən reportaj



– Ayə, bu toydur. Burda neyləmək lazımdır?




– Oynamaq.




– Oynamaq lazımdır!




– Nə təhər oynayaq e?! Səs o yandan gəlir, çalğıçılar da burda oturub.




– Ayə, nə tafootu (təfavütü-red) var, ə, bunun?! Burdan eşit, burdan da oyna da! Ayə, şair də yaxşı deyib: xəlqımın toy kimi bir adəti var. Bu gözəl adətinə hörməti var”.



Mərhum aktyor Səməndər Rzayevin (Sovxoz müdiri Hidayət) “Bəyin oğurlanması” kinokomediyasında kənd camaatı ilə olan bu söhbətini bilməyən çox az adam tapılar. Amma filmin Azərbaycanın hansı bölgəsində çəkildiyini və İsrafilin (Yaşar Nuri) evinin hələ də olduğu kimi qaldığını çətin ki, hamı bilə.

Film 34 il öncə Şamaxının Məlhəm kəndində çəkilib. 1985-ci ildə ekrana çıxan rəngli kinokomediyada bir-birindən məşhur aktyorlar – Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Hacı İsmayılov (Tağı), Nəsibə Zeynalova (Nəsibə xala), Yaşar Nuri (İsrafil), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən), Füzuli Hüseynov (Elxan), Firəngiz Mütəllimova (Telli), Vidadi Həsənov (Musa), Səməndər Rzayev (sovxoz müdiri Hidayət), Nəcibə Behbudova (Bibixanım), Rəsmi Cəbrayılov (Əhməd), Mirzə Babayev (Amanoğlu), Gümrah Rəhimov (Brodyaqa), Arif Quliyev (Miriş), Ələsgər Məmmədoğlu (Pirotexnik Ələsgər), Lətifə Əliyeva (Həsənin anası), Şükufə Yusupova (Jurnalist), Eldəniz Zeynalov (Komissiya sədri), Muxtar Maniyev (Qonaq) çəkiliblər.

Kəndə kino çıxardanlar gəlib

Filmin çəkilişlərinin aparıldığı evin sahibi Nazim Əmirov Meydan TV-yə deyir ki, atasının yadigarı olan bu ev 1960-cı ildə tikilib:

“Mən elə bu evdə 1961-ci ildə dünyaya göz açmışam, böyümüşəm. 23 yaşım var idi, kəndimizə kino çəkməyə gəldilər. Düz üç ay evimizdə çəkilişlər oldu. Çalğı, toy səhnəsi hamısı bu həyətdə olub. Yadımdadır, rəhmətlik Nəsibə Zeynalova mehmanxanaya da getmədi, elə bizdə qalırdı. Nənəmlə dostlaşmışdılar. Mən həmin vaxtlarda Bakıda yaşayırdım, evimizə ancaq həftəsonları gəlirdim. Çəkilişləri görmək imkanım az idi yəni. Rəhmətlik nənəmin çox maraqlı xatirələri vardı – çəkilişlərlə bağlı tez-tez danışardı. Bir də o yadımda qalıb ki, çəkiliş payız vaxtına düşdü. Bağımızda payızlıq alma ağacları var idi. Səyavuş, Yaşar, bir də Arif almaları ağacdan dərirdilər, duza batırıb yeyirdilər. Yaşar Nurinin kinoda sürdüyü maşın atamın idi. Yaşar sürə bilməmişdi, həqiqətən də qəza olmuşdu. Muxtar Manıyevin Səməndər Rzayevə sillə vurduğu səhnə də bu həyətdə çəkilib. Məclisdə iştirak edənlər də kənd camaatı idi. Toyun qalan hissələri, yaxınlıqda açıq sahələr vardı, orada çəkilmişdi. İndi həmin ərazidə evlər tikilib”.

“-Bax bu ac-susuz qalar, amma kinosuz öldür, qalmaz. O, “Brodyaqa” kinosuna 43 dəfə baxıb.



-Neyçün?



-Xoşum gəlirdi.



-Bizimkilər belədir də. Öz kinomuza bir dəfə baxmırıq. Amma onun-bunun kinosuna 43 dəfə baxırıq.



-Ay sağ ol! Siz də elə çəkin ki, adamın ürəyinə toxunsun. İnandırıcı kino olsun”.

Ev sahibi “Film çəkiləndən sonra bu ev tarixə düşdü”,- deyir. Bir sözlə, kinokomediyada Əhmədin (Rəsmi Cəbrayılov) Əsədə (Həsənağa Turabov) “siz də elə kino çəkin ki, adamın ürəyinə toxunsun” replikası reallaşdı:

“Mübaliğəsiz deyirəm, film televizorda göstəriləndən sonra az qalsın, hər gün bu evi görməyə gəlirlər. Uzun illər idi ki, Bakıda yaşayırdım, evin qapısı bağlı idi. Artıq ata yurduma qayıtmışam, gələnləri qəbul edirik, hamı doyunca şəkil çəkdirir. Tarixi abidə kimi evin görünüşündə heç nəyi dəyişməmişəm. Daha doğrusu, dəyişməyə əlim gəlmir. Bir müddət əvvəl baxdım ki, aynabənd sökülüb-tökülür. İstədim plastik pəncərələr qoydurum, yenə də fikrimdən daşındım. Filmdə görmüsüz, pilləkənlərdə məhəccər vardı. Taxtadan idi, çürüyüb dağıldı. Hazırda evin təmir-bərpaya ehtiyacı var. Şüşələr qırılıb, taxtalar çürüyüb, divarlarda çatlar əmələ gəlib”.

Düz deyirsən, səni elə görməsələr yaxşıdır

Ev sahibinin 2014-cü ildə keçmiş Mədəniyyət və Turizm Nazirliyinə yazdığı məktubuna hələ də cavab gəlməyib. Deyir ki, imkanım olsa kimsəyə ağız açmaram, evimi özüm təmir edərəm:

Nazim Mirələmov
Nazim Əmirov

“Ev elə bir vəziyyətdədir ki, kimsə gəlib şəkil çəkdirəndə, adam lap utanır. Gəlirlər, şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşırlar ki, “Bəyin oğurlanması” çəkilən ev. Şərhlərdə hərə bir söz yazır, “ev köhnədir”, “pəncərələrinizi dəyişə bilmirsiniz?” kimi sözlərdən adam xəcalət çəkir. Durub, hamıya cavab yazası deyiləm ki, pul yoxdur. Yoldaşım işləmir, mən də təqaüdə çıxmışam. Təqaüdlə də evi düzəldim, yoxsa dolanışığımı edim? Ev tikildiyi gündən necədirsə, elə də qalıb. Yayda xaricdən Şamaxıya istirahətə gələn həmyerlilərimiz eşidirlər ki, “Bəyin oğurlanması” bu evdə çəkilib, gəlirlər. Amma ev elə vəziyyətdədir ki, gələn adamlardan utanırıq”.

8 min pul alıblar məndən, oynamaqlarına bax

“Demirəm ki, bir milyon pul versinlər, gəlib, baxıb, ona uyğun büdcə ayırsınlar. Özləri də təmir-bərpa işlərinə nəzarət etsinlər”, – ev sahibi belə deyir:

“Pulum olsa, heç kəsə ağız açmaram, özüm təmir edirəm. Amma imkanım yoxdur. Həm demirəm ki, mənə ev tiksinlər. Yeni qapı-pəncərə qoyulmağını da istəmirəm. İstəsəm, imkanım olanda dəyişərdim. Evi necə var, elə də saxlamaq istəyirəm, sadəcə, əl gəzdirib, yeniləmək lazımdır. Darvaza – kinoda baxın, görəcəksiniz – başqa rəngdədir. Qəhvəyi, üzərində də ağ paxlava bəzəklər vardı. Gördüm, paslanıb, əldən gedir, qırmızı rəngə boyadım. Deməyim odur ki, film də, ev də tarixə düşüb. İstəyirəm ki, Azərbaycanın tarixi muzeyi kimi həmin dağılan yerləri təzədən bərpa edim. Əvvəlki vəziyyətinə qaytarım”.

Sən söhbətini elə…

“Hərə bir söz deyir. Biri deyir ki, veriliş, yaxud kommersiya filmi çəkməyə gələnlərdən qonorar al. Kimisi də deyir ki, Mədəniyyət Nazirliyinə müraciət elə. Məktub yazdım, heç cavab gəlmədi. Telekanallardan gəlib çəkiliş edirlər, yalandan vədlər verib, gedirlər. Hamı ancaq boş vəd verir. Hələ ki, özüm deyib, özüm eşidirəm.

Çəkilişə görə qonorar almaq mənlik deyil. Bircə o qalmışdı ki, bura nəzir qutusu qoyum” – deyə, giley-güzar edən Nazim Əmirov Heydər Əliyev Fonduna məktub yazacağını bildirib.



“- Ay yoldaş, bir az sakit olar?



– Olar, niyə olmur ki?”

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Meydan TV-yə bildirilib ki, “Bəyin oğurlanması” filminin çəkildiyi ev nazirliyin qeydiyyatında deyil:

“Ev tarixi əhəmiyyət kəsb etsəydi, nazirliyin qeydiyyatında olsaydı, şikayətə baxmaq mümkün sayılardı. Hər film çəkilən yeri nazirlik təmir edib, qoruyub-saxlaya bilməz”.

Xalq yazıçısı Mövlud Süleymanlının ssenarisi əsasında ekranlaşdırılan filmin iki rejissoru Vaqif Mustafayevlə Ceyhun Mirzəyev olub.

Ana səhifəBölgə”Film göstəriləndən sonra hər gün bu evə baxmağa gəlirlər”