FİFA-dakı əməliyyatların pərdəarxası məqamları (TƏHLİL)

…Və ya futbol təkcə oyun deyil – I yazı

Source:


…Və ya futbol təkcə oyun deyil

FİFA-da baş verən son hadisələr dünya mətbuatının əsas müzakirə mövzusu oldu. Müzakirə mövzusunun ana xətti isə bu idi: FİFA-da baş verənlər daha çox siyasi qarşıdurmanın, ABŞ və Avropanın Rusiya ilə apardığı soyuq müharibənin təzahürüdü. Əslində, bu iddianın bəlli səbəbləri var. Rusiya ciddi-cəhdlə FİFA prezidenti Zepp Blatteri müdafiə edirdi. Hətta FİFA-da keçirilən prezident seçkilərinə bir neçə gün qalmış ABŞ və İsveçrə hökumətinin apardığı əməliyyatlara Rusiya preizdenti Vladimir Putin şəxsən münasibət bildirdi. O, FİFA məmurlarının həbs olunmasını Zepp Blatterə təzyiq kimi dəyərləndirdi.


Rusiya ilə aparılan mübarizə, yoxsa…

Rusiyanın 2018-ci ildə keçiriləcək mundiala ev sahibliyini əldə etməsindən sonra FİFA-ya qarşı ABŞ və İngiltərənin təzyiqləri daha da artdı. Britaniya mətbuatı məhz o vaxtdan başlayaraq, FİFA-dakı korrupsiya ilə bağlı silsilə materiallar dərc etdi. FİFA-ya təzyiqlərin məhz Rusiyaya görə edildiyini də iddia etmək mümkündü. Ancaq ortada başqa amillər də var. ABŞ və İngiltərənin FİFA ilə münasibətləri hələ Rusiya və Qətər DÇ-2018 və DÇ-2022-yə ev sahibliyini əldə etməmişdən öncə soyumuşdu.

ABŞ və İngiltərə mətbuatında dərc olunan materiallarda təkcə DÇ-2018 və DÇ-2022 ilə bağlı korrupsiya faktları ictimaiyyətə təqdim olunmur. 1998-ci ildə Fransada keçirilən dünya çempionatı ilə bağlı da ittihamlar səslənir. Eləcə də 2006-cı ildə Almaniyada və 2010-cu ildə CAR-da baş tutan mundiallar hədəf götürülür.

1998-ci ildə keçirilmiş mundialla bağlı faktları gün işığına çıxarılması, bu qarşıdurmanın Rusiya ilə mübarizə fonunda formalaşdığını birmənalı surətdə qəbul etməyə imkan vermir. Bəs, ABŞ və İngiltərəni FİFA-ya qarşı mübarizəyə sövq edən əsas amillər hansılar ola bilər? Elə bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.


İqtisadi maraqla siyasi marağın toqquşması

Heç kimə sirr deyil ki, hazır infrastruktura sahib olan ölkələr böyük turnirlərə ev sahibliyi etməkdə maraqlıdırlar. Elə turnirlər böyük iqtisadi gəlir gətirir. Hazır infrastruktur olduğundan, hər hansı bir turniri təşkil edən ölkə əlavə idman qurğularının tikintisinə vəsait xərcləmir. Bu da irimiqyaslı turnirlərin keçirilməsi zamanı böyük önəm daşıyır. Rusiya hazır infrastruktura sahib deyil. Amma bu ölkə ciddi-cəhdlə belə turnirlərə ev sahibliyi etmək niyyətini gizlətmir. Təbii ki, Rusiyanın bu istəyi iqtisadi yox, siyasi amillərə hesablanıb. Soçidə keçirilən Qış Olimpiya Oyunları Rusiyaya qara qəpik də xeyir vermədi. Əksinə, Soçidə tikilən arenalar indi Rusiya hökuməti üçün əlavə yükdü. Ancaq bu ölkə iqtisadi maraqlarını siyasi maraqlara qurban verdiyinə görə, bu yükü çəkməyə hazırdı.

İngiltərə və ABŞ-da isə istənilən turniri qəbul etmək üçün hazır infrastruktur var. ABŞ 1994-cü ildə dünya çempionatına ilk və son dəfə ev sahibliyi edib. Həmin vaxt bu ölkədə infrastruktur tamamilə yenidən qurulub. İngiltərə isə dünya çempionatını 1966-cı ildə qəbul edib. O vaxtdan ingilislərin mundiala ev sahibliyi etmək istəyi alınmır ki, alınmır. ABŞ 1994-cü ildə infrastrukturun qurulmasına sərf olunmuş xərci mundialın təşkili zamanı çıxarda bildimi? Bu suala cavab vermək çətindi. Ancaq bu ölkənin israrla yenidən dünya çemionatını qəbul etmək istəyi iki variantı önə çıxarır. Birincisi, ABŞ xərclərini çıxarda bilməyib. Ona görə də, növbəti dəfə çempionatı təşkil etməklə, gəlir əldə etmək istəyir. İkincisi, ABŞ çempionatdan gələn xeyirin hesabını bildiyi üçün, yenə də mundiala ev sahibliyi etmək niyyətindədi.

İngiltərə demək olar ki, bütün çempionatlara ev sahibliyi etmək üçün ərizə verib. Amma hər dəfə də məğlub olub. 1998-ci ildə Fransaya məğlub olub. 2006-cı ildə isə Almaniyaya. Özü də cəmisi bir səslə. FİFA-da korrupsiya hallarının olması barədə ilkim məlumatlar Britaniya mətbuatında məhz həmin məğlubiyyətdən sonra dərc olunmağa başlayıb. İngilislər Almaniyaya məğlubiyyəti heç cür həzm edə bilmirdilər. ABŞ isə 2010-cu ildə keçirilən mundiala ev sahibliyi etmək istəyirdi. Amma CAR-a məğlub oldu. Zepp Blatterin mundialı bütün qitələrdə keçirmək ideyası ABŞ-ın istəyinə qalib gəldi.

ABŞ və İngiltərə məğlubiyyəti sevmir. Onlar istədiklərinə həmişə nail olmağa öyrəşiblər. Amma belə görünürdü ki, Zepp Blatterin prezidentliyi dönəmində bu ölkələr istədikləri vaxt dünya çempionatını qəbul edə bilməyəcəklər. Belə olan halda, yalnız bir çıxış yolu qalırdı: Blatteri FİFA-dan uzaqlaşdırmaq.


FTB FİFA-nı necə nəzarətə götürdü?

Onun uzaqlaşdırılması üçün ən yaxşı variant bütövlükdə FİFA-nın korrupsioner obrazını yaratmaq idi. Bunu isə ABŞ Federal Təhqiqat Bürosu (FTB) etməliydi. Avropa mətbuatında yayılan məlumatlarda bildirilir ki, FİFA-nın bir neçə məmuru FTB-nin informasiya ötürücüsü olub. Hətta həbs olunan məmurların da FTB-yə işlədiyi iddia olunur. Fikir verin, həbs olunanların əksəriyyəti Sürixə okeanın o tayından gələnlərdi.

FİFA-da əməliyyatlar isə mayın sonlarında yox, daha əvvəldən başlamışdı. FİFA-nın İcraiyyə Komitəsinin keçmiş üzvü, Şimali, Mərkəzi Amerika və Karib Futbol Assosiasiyaları Konfederasiyasının (KONKAKAF) keçmiş baş katibi Çak Bleyzer hələ bir neçə ilə əvvəl vergidən yayınmaqda ittiham olunurdu. Həmin vaxt Çakın günahı sübut olunsaydı, onu 75 ilə qədər həbs cəzası gözləyirdi. FİFA məmuru bu vəziyyətə düşməmək üçün FTB və ABŞ prokuroluğu ilə gizli sövdələşməyə gedib.

1997-2013-cü illərdə FİFA İK-da yer alan Bleyzer qurumun yüksək vəzifəli məmurlarının həbs edilməsində əsas sübut sayılan bütün sənədləri 2011-ci ildən başlayaraq, FTB-yə ötürməyə başlayıb. O, FTB-nin FİFA-dakı informatoru olub. Çak FİFA məmurlarının korrupsiyaya qurşandığı barədə FTB-ni məlumatlandırıb. O, 1998 və 2010-cu illərdə keçirilən mundialların ev sahibləri müəyyənləşərkən, FİFA məmurlarının rüşvət aldıqları barədə FTB-yə məlumat verib:

“İcariyyə Komitəsinin digər üzvləri ilə yanaşı, mən də iki dəfə satın alınmışam. Rüşvət alaraq, 1998-ci və 2010-cu illərdə keçirilən dünya çempionatının ev sahiblərinin müəyyənləşməsində Fransa və CAR-a səs vermişəm” (Mənbə: http://www.bbc.com/russian/sport/2015/06/150603_blazer_plead_guilty_documents).

Bu etirafı bir neçə gün əvvəl ABŞ prokurorluğu yayıb. Fikir verirsiz, söhbət 1998-ci və 2010-cu illərdə keçirilən dünya çempionatlarından gedir. 1998-ci ildə İngiltərə Fransaya, 2010-u ildə ABŞ CAR-a məğlub olmuşdu. Başqa bir məqama da diqqət çəkək.

İddia olunur ki, həbs olunan FİFA məmurları da FTB ilə əmkdaşlıq ediblər. ABŞ FTB-yə məlumat ötürən FİFA məmurunu niyə həbs etsin ki? Əslində onlar FTB ilə əməkdaşlığa başlayarkən gec-tez həbs olunacaqlarını bilirdilər. Bu əməkdaşlığın Blatter hakimiyyətinin yıxılması üçün formalaşdığını da. Elə həbs olunmalarının da bu missiyanın tərkib hissəsi olduğunu anlayırdılar. Müvəqqəti həbs olunmalarının. Niyə müvəqqəti? Suallar çoxdu. FİFA-dakı informatorlar məlumatı birbaşa FTB-yə ötürürdü? Bəs FİFA-dakı korrupsiya ilə bağlı britaniyalı jurnalistə məlumatları kim ötürürdü? Kimdi o jurnalist? FİFA-nın Blatterdən sonrakı idarəetmə sistemi necə olacaq? ABŞ və İngiltərə istədiklərinə nail olacaqlar? DÇ-2018 və DÇ-2022 Rusiya və Qətərdə keçiriləcək? Rusiya hansı adekvat addımlar ata bilər? Bu suallara növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq.

Ana səhifəXəbərlərFİFA-dakı əməliyyatların pərdəarxası məqamları (TƏHLİL)