Fiasko

Sistem böhranı saray çevrilişləri perspektivini gerçəkləşdirir

Source:


Sistem böhranı saray çevrilişləri perspektivini gerçəkləşdirir

Manatın çökəcəyi öncədən bəlli idi. Məsələ heç də neftin qiymətinin aşağı düşməsində deyil. Post-neft dövrünə heç bir hazırlığı olmayan və siyasi, iqtisadi baxımdan tam fiaskoya uğramış hakimiyyətin  iflası ehtimal edilən idi. İlin əvvəlindən baş verən proseslər onu deməyə əsas verirdi ki,  ölkə sistem böhranına qədəm basır və qarşıda bizi çox ağır günlər gözləyir.

Azərbaycanın vəziyyəti heç ötən əsrin 90-cı illərində də belə olmamışdı. O zaman ölkəni idarə edəcək komanda mövcud idi. İndi isə hakim elita bir-birləri ilə yeni  əmlak bölgüsü uğrunda amansız mübarizəyə başlayıb və bu savaş nəticəsində sistem tam iflasa uğradılır. Manatın can verməsi də sübuta yetirdi ki, hökumətin anti-böhran proqramı mövcud deyil. Nazirlər Kabineti, ümumiyyətlə, işlək deyil və yaşananları ancaq müşahidə etməklə məşğuldu və iqtisadi blok tam tərkibdə istefaya göndərilməli idi. Ən azından, maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə sferasındakı rüsvayçılığa görə məsuliyyətə cəlb edilməli idilər. Kənardan belə təəssürat yaranır ki, ölkənin maliyyə sektorunda baş verənlər yalnız səriştəsizliyin göstəricisi deyil, eyni zamanda sabotaj elementləri ilə zəngindir.

Ümumiyyətlə, son günlər baş verənlərdə sabotaj elementləri açıq-aydın sezilməkdədir.  Yeni il öncəsi manatın üzən məzənnəyə keçməsi milyonlarla insanın bayram öncəsi hakim elitaya qarşı qiyama sövq etmək cəhdi kim də dəyərləndirilə bilər. Hakimiyyətin obıvatelə münasibəti bəllidir. Lakin avtoritar idarəçilik ən azı ölkənin birinci şəxsinə yönəli addımlar atmağa məhkumdur. Bu baxımdan, dövlət başçısının ad günü ərəfəsində ona belə “doğum günü hədiyyəsi” etmək və vətəndaşları qıcıqlandırmaq kimə lazım idi? Yenə belə bir sual yaranır – ölkənin birinci şəxsi öz komandasının lideri kimi qəbul edilirmi?  O, proseslərə tam nəzarət edirmi?  Baş verənlər sıradan bir hadisə  deyil və xüsusi araşdırma tələb edir.

Azərbaycan kiçik ölkədir. Təhlükəsizlik məsələlərində isə problemlər kifayət qədər çoxdur. Son günlər baş verənlər  ölkə rəhbərinin ətrafında halqanın daraldığını deməyə əsas verir. Kənar baxışla baxdıqda görünən budur ki, bu ölkədə sabitliyi göyə sovurmaq elə də çətin deyil. Sabitliyin pozulması isə cəmiyyətə müsbət perspektiv vəd etmir və odur ki, islahatlara başlamaq zamanı çoxdan çatıb.  Hadisələrin inkişaf dinamikasına fikir verək. 6 milyardlıq maxinasiya nəticəsində ölkədə devalvasiya baş verir.  Bir müddət sonra Bakıda müəmmalı şəkildə bina yanır, 15 nəfər həlak olur.  İki nazir işdən azad edilir və hakimiyyət mənsublarının qalmaqallı həbsləri həyata keçirilir.  Ardınca Nardaranda insan tələfatı ilə başa çatan bərbad əməliyyat keçirilir, ardınca  həbslər baş verir.

Nardaran hadisələri ilə yanaşı “Günəşli” yatağında müəammalı yanğın baş verir və 32 nəfər həlak olur. Üstündən az müddət keçmiş əhali ən azı 50 faiz kasıblaşdırılır. Bu arada “MTN işi”ndə ən  mühüm isimlərdən olan polkovnik İlqar Əliyev həbsdə müəmmalı şəkildə intihar edir və zəncirin halqası qırılır.

Kənardan görünən budur ki, sistem fiaskoya uğrayıb. Manatın ucuzlaşması zəlzələ effekti yaradır. Siyasətdə zəlzələ effekti yaşandıqda böyük bir düzən dağılır. Ucdantutma nizamın pozulması, ilk baxışdan ədalətsiz görünə bilər.  Sistem artıq işləmədikdə onu tamamilə kənara atmaq lazım gəlir. Beləliklə, ölkə kataklizmlərə sürüklənir.  Kataklizmdən sonra inkişaf başlayır. Dünyanın şahidi olduğu bir Yaponiya təcrübəsi mövcuddur. ABŞ məhz kataklizmləri yaşadıqdan sonra dünyaya hakim ola bildi. Lakin siyasi təlatümlərdən qaçmaq da mümkündür. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən sahələrdə dəyişikliklər etmək  qaçılmazdır.

İqtisadçılar gələn ilin ortalarına doğru ölkədə manatın üçüncü çöküşünü proqnozlaşdırır. Ölkə bu çöküşə hazır deyil.  Son zamanlar baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzu edilən gəlir gətirməyəcəyi də gözləniləndir.  Ölkə post-neft dövrünə hazır deyil. 1998-2008-ci illər ərzində neft pullarından ölkəyə milyardlar axırdı. Həmin dövrdə qeyri-neft sektorunu inkişaf etdirmək zəruri idi. Hakimiyyət isə körpü tikintisi və bənzər layihələr adı ilə “pul silməklə” məşğul idi və əslində, iqtisadi və siyasi çöküşün əsası o zaman qoyulmuşdu.

Bu günün reallığı ondan ibarətdir ki, faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. Artıq siyasi idarəçiliyi də dəyişmək lazım gələcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və komandaya müstəqil düşüncəyə malik peşəkarlar cəlb edilməlidir.

Əks təqdirdə, ölkə kriminal “razborka”ların poliqonuna çevrilə bilər. Belə gedişat isə tam çöküşü sürətləndirə bilər. Elə bir vəziyyət yarana bilər ki, artıq güc strukturları da hakimiyyətin nəzarətindən çıxa bilər. Sistem böhranı saray çevrilişləri perspektivini də gerçəkləşdirən amillərdəndir. Bu barədə hakimiyyət ciddi şəkildə düşünməlidir…

Ana səhifəAnalitikaFiasko