Ali Məhkəmə qərar verdi
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın keçmiş baş həkimi, koronaviruslu xəstələrin yaxınlarından rüşvət almaqda ittiham olunan İmran Ağayevin cəzasını Ali Məhkəmə də azaldıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ona kəsdiyi 8 il 3 aylıq həbs cəzasını avqustda apelyasiya məhkəməsi 4 ilə endirmişdi. Noyabrın 30-da Ali Məhkəmə də bu cəzanı 1 il azaldaraq, 3 il edib. Bu barədə Ali Məhkəmədə Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası qərar qəbul edib.
Qərara əsasən, İmran Ağayevlə birlikdə mühakimə olunan, hospitalın keçmiş üç işçisinin də cəzası 6 aydan 1 ilə qədər azaldılıb.
Cinayət işinin materiallarında iddia olunur ki, baş həkim digər əməkdaşlarla əlbir olub, COVİD xəstələrini hospitalın “VİP korpus”larına yerləşdirib, daha yüksək tibbi xidmətlə təmin etmək üçün 6 nəfər xəstənin yaxınından ümumilikdə 10 min 500 manat pul alıb. İmran Ağayev hospitalın işçilərindən də yenidən əmək müqaviləsi bağlamaq üçün rüşvət almaqda təqsirləndirilir.
“İmran Ağayev COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstəni özünün təsisçisi və direktoru olduğu “MediStyle” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsilə Modul Tipli Hospitala aparılmasını təşkil edib. Buna görə həmin şəxslərdən xidmət haqqı kimi ümumilikdə 51 min 600 manat pul alıb. O, həmçinin COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin mütəmadi hospitalı tərk edib, sərbəst şəraitdə hərəkət etməsinə şərait yaradıb. Bununla da xəstəliyin yayılmasına real təhlükə yaradıb”, – prokurorluğun ittihamı belədir.
İmran Ağayevə qarşı rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejimlərinin pozulması kimi ittihamlar irəli sürülüb.
İmran Ağayev cinayət işində göstərilən ittihamların heç birini qəbul etmir. O, heç kimdən rüşvət almadığını, təqsirsiz olduğunu bildirib.
İmran Ağayevgillə eyni vaxtda “Yeni Klinika”da da əməliyyat keçirilmiş, bu tibb müəssisəsinin baş həkimi Pərviz Abbasov həbs olunmuşdu. O da koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda ittiham olunurdu. Lakin Pərviz Abbasov özünü təqsirli bilmir, ümumiyyətlə, rüşvətdən uzaq olduğunu, maaşla dolandığını, bir avtomobil və ipotekada olan bir evdən başqa heç bir əmlakı olmadığını bildirmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində Pərviz Abbasova 8 il 6 ay həbs cəzası kəsilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsində onun cəzası 8 il 6 aydan 5 il 6 aya endirildi. Bu iş üzrə həbsdə olan daha üç nəfər – “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin cəzası da dəyişərək, 8 ildən 5 ilə qədər azaldıldı.