Filmin Xocalı faciəsinin 30-cu ildönümündə nümayişi nəzərdə tutulmayıb
İkinci Qarabağ müharibəsinə həsr olunan “Həyat, deyəsən, gözəldir” (Fəryad II) bədii filminin Xocalı faciəsinin 30-cu ildönümündə nümayişi nəzərdə tutulmayıb.
Bu haqda məlumatı Meydan TV-yə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin baş məsləhətçisi Ramil Ələkbərov verib.
Bildirib ki, hazırda filmin son tamamlanma işləri gedir. “Həyat, deyəsən, gözəldir” filminin ilk öncə festival həyatı başlayacaq: “Tarixlər festivallara uyğunlaşdırılacaq. Festivallarda təqdim olunduqdan sonra filmin yerli və beynəlxalq kinoteatrlarda nümayişi və təqdimatı nəzərdə tutulub. Kinoteatrlarda nümayişindən sonra onlayn platformalar və televiziyalarda yayımı planlaşdırılır”.
Mədəniyyət naziri Anar Kərimov ötən il Türkiyədə səfərdə olan zaman “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşmüşdü.
Görüşü zamanı Azərbaycan filmlərinin “Netflix”də yayımı ilə bağlı müzakirələr aparmışdı.
Ramil Ələkbərov deyir ki, “Həyat, deyəsən, gözəldir” və ya digər filmlərin “Netflix” platformasında nümayişi istisna deyil: “Ümumi olaraq ilkin danışıqlar aparılıb. Konkret olaraq hər filmlə bağlı ayrıca razılıq əldə olunmalıdır. Hər bir platformanın xüsusi kriteriyaları var. Təqdim olunan filmlər həm texniki, həm keyfiyyət, həm də mövzu baxımından tələblərə uyğun olmalıdır”.
“Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filminin çəkilişləri iki ay ərzində Hadrutda, Xızıda, Bakıda və Abşeronda aparılıb.
İkinci Qarabağ müharibəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayevdir.
Filmdə əsir götürülmüş erməni əsgərləri arasında iki qardaş var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.
Baş rolda Hikmət Rəhimov, rollarda Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.
İlk “Fəryad” filmi isə 1993-cü ildə çəkilib.
Film Birinci Qarabağ müharibəsinə həsr olunub.
Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.
Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
Filmin ssenari müəllifi Vaqif Mustafayev, rejissoru Ceyhun Mirzəyevdir.
“Fəryad”da Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Fərəc Fərəcov çəkilib.
Xocalı faciəsi Birinci Qarabağ müharibəsi dövründə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verib.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.
44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.