Fərəc Quliyev: Əşi, nə Cinayət Məcəlləsi?!

“Mən Hüseynovun bütün danışığımızı yaymasını istəyirəm”.

Source: Specify Source


Deputatlığa namizədlər arasında rüşvət qalmaqalı

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş bloger Mehman Hüseynov həmin dairədən namizədliyini vermiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısından belə bəlli olur ki, keçmiş deputat öz rəqibini ələ almaq niyyətindədir. O, Mehman Hüseynova müalicəsi üçün 10-15 min manat verə biləcəyini deyir və əvəzində blogerin onun xeyrinə namizədliyini geri götürməsini istəyir.

Mehman Hüseynov Mərkəzi Seçki Komissiyasına müraciət edərək, məsələnin araşdırılmasını istəyib.

Fərəc Quliyev isə Meydan TV-yə deyib ki, bloger onunla söhbətinin çox az hissəsini yazıb. Keçmiş deputatın sözlərinə görə, 45 dəqiqəlik söhbətin yalnız 5 dəqiqəsini yayımlamaqla Mehman Hüseynov qərəzlilik edib. Fərəc Quliyev seçkilərdə rəqibinə pul təklifini də qanunsuz saymır:

“Mən təklifin qanunazidd olduğunu düşünmürəm. Dünyanın hər yerində namizədlər rəqiblərini dəstəkçisinə çevirmək üçün danışıq aparır, mən də onunla danışıb, normal təkliflərimi irəli sürmüşəm. Demişəm ki, Mehman bəy, mənim vəkilim ol. Ən əsası, mən onunla təşviqat kampaniyasından əvvəl görüşüb söhbət etmişəm, 17 yanvardan öncə. Eyni zamanda, başqa namizədə də təklif etmişəm, Ramazan Bağırova. O, namizədliyini geri götürdü, hazırda bizim komandada təbliğat-təşviqat işləri ilə məşğuldur. Bunlar normal şeylərdir. Mehman Hüseynova da təklif etdim ki, səndən güclüyəm, namizədliyini geri götür, mənim vəkilim kimi fəaliyyət göstər. Gələcəkdə QHT yaratsan, əməkdaşlıq da edərik. Bu təklifimdən sonra dedi ki, biopsi analizi vermişəm, şiş var. Amma ikinci analizimin cavabı bir həftə sonra olacaq. Onda cavab verdim ki, inşallah, pis bir şey olmaz, pis bir şey olsa da, bunun 10-15 min manatlıq müalicəsi var, dostlarım da, mən də dəstək verərik. Əgər seçki marafonunda iştirak edə bilməsən, proses bitəndən sonra müalicə alanda sənə dəstək verəcəm”.

Fərəc Quliyev deyib ki, Mehman Hüseynov son 10 gündə o, 4 belə hadisə edib, ikisini Binəqədi dairəsində, ikisini də özünün namizəd olduğu dairədə:

“Mən Hüseynovun bütün danışığımızı yaymasını istəyirəm”.

Hüquqşünas Ələsgər Məmmədli namizəd Fərəc Quliyevin təkliflərini öz “Facebook” səhifəsində şərh edib. Ələsgər Məmmədli bildirib ki, rəqiblərinə bəlli imtiyazlar vəd edən “pullu” namizədlər gərək ehtiyatlı olsunlar:

“Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 2011-ci ildə əlavə edilən 312-1.2 maddəyə görə; “Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Kimsə düşünə bilər ki, burda “vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək”lə namizədə imtiyaz təklif etməyin nə əlaqəsi var? Bu sualın cavabını da 308-ci maddənin qeyd hissəsində tapmaq olar. Fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: “…. 2.dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər”.

Ə.Məmmədli vurğulayıb ki, Cinayət Prossesual Məcəlləsinin 46-cı maddəsinin tələbinə əsasən, imtiyaz təklif edən şəxsə qarşı cinayət işinin başlanması üçün səbəb həm də kütləvi informasiya vasitəsinin məlumatları ola bilir.

Ancaq Fərəc Quliyev hüquqşünasın söylədiklərinə belə reaksiya verib:

“Əşi, nə Cinayət Məcəlləsi? Onu qoyun kənara. Bir namizəd digərinə təklif edib sadəcə, rüşvəti almayıb da, verməyib də. Mən bu məsələdə narahat deyiləm. Müxtəlif yerlərdə olmuşam, indiyə qədər mənə kimsə rüşvət verməyə cəsarət etməyib, nə də almağa. Hətta Mehman Hüseynov montaj etsə də, xəstəliklə bağlı hissəni kəsib çıxara bilmir. Ümumiyyətlə, bu məsələyə mediaya sayğım olduğu üçün reaksiya verdim, yoxsa ehtiyac da görmürdüm”.

Mehman Hüseynov Meydan TV-yə Fərəc Quliyevlə 1 saat söhbət etdiyini təsdiqləyərək bildirib ki, danışığın hamısını yaya bilər:

“Özüm üçün heç bir narahatlıq da keçirmirəm. Çünki pulu o, mənə təklif edib, mən ona yox. İkinci mənə QHT yaratmaqda dəstək verməsi də ora daxildir. Əgər istəyirsə, hamısını yaya bilərəm, mənim narahat olacağım nəsə yoxdur”.

MSK-nın katibi Mikayıl Rəhimov “

Report

”a açıqlamasında deyib ki, məsələ ilə bağlı MSK-ya hər hansı bir müraciət daxil olmayıb:

“MSK-ya hər hansı bir müraciət daxil olarsa, araşdırılacaq”.

Mehman Hüseynovun isə deyir ki, MSK-ya, Ombudsmana və Respublika Prokurorluğuna faktla bağlı şikayət ediblər, DSK-ya materialları göndəriblər.

Ana səhifəSiyasətFərəc Quliyev: Əşi, nə Cinayət Məcəlləsi?!