Feministlər duruş sərgilədi: “Öldürən dövlət istəmirik”

Bakıda piket keçirilib, polis aksiyaçıların plakatlarını alıb

Martın 8-də Feminist Hərəkatı Bakının mərkəzində “8 MARŞ – Duruş sərgiləyirik” piketi keçirib.

Bir qrup qadın əllərindəki plakatlarla Xurşudbanu Natəvanın heykəlinin önündə toplaşıb.
Toplaşanları polis müşayiət edib. Onlar heykəli mühasirəyə alıb, piketi izləyiblər.

Feministlərin etirazı son zamanlar ölkədə qadın hüquqları ilə bağlı baş verənlərə olub. Onlar iqlim dəyişikliyinə, ədalətsiz əmək haqqına, erkən nikahlara, məişət zorakılığına, LGBTQİ+ vətəndaşların pozulan hüqualarına, qarşılaşdıqları diskriminasiyaya etiraz ediblər.

Həmçinin, haqsız yerə həbs edilən qadın jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın, eləcə də həbs olunan digər məhbuslara azadlıq tələb ediblər.

Şüarlar

“Pulu yedi hökumət, şotu ödədi mətbuat”, “Meydanda da, zindanda da yan-yana”, “Qız xeylağı özünü azad aparar”, “Sevinc üçün, Nərgiz üçün, Elnarə üçün”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”, “Kişi-ailə başçısı, oğru ölkə başçısı istəmirik”, “Erkən nikah uşaq istismarıdır”, “Partiarxal sistemə yox” – kimi plakatlar açıblar.

Polis piketə müdaxilə edib, qızların əlindəki plakatları alaraq, cırıb. Aksiyanın əvvəlində təşkilatçılardan Gülnara Mehdiyevanı polis ərazidən uzaqlaşdırıb. Az sonra o geri gəlib.

“Qolumu burdular, apardılar. Sonra sərbəst buraxdılar, özüm də anlamadım nə baş verdiyini”, – Gülnara Mehdiyeva bildirib.

Qadınlara qarşı zorakılıq artıb

Gülnara Mehdiyeva piketin bəyanatını səsləndirib. Bildirib ki, ötən 2023-cü ildə məişət zəminində qətlə yetirilən qadın sayı 63-dür. Ailə, Qadın, Uşaq problemləri üzrə Komitəyə gələn məişət zorakılığı müraciətləri isə son illərlə müqayisədə 3 dəfə artıb:

“Bu mövzuda tələblərimiz hələ də aktual qalır: hökumət qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün kağız üstündə yox, reallıqda ciddi tədbirlər həyata keçirsin! Mühafizə orderlərinin verilməsində süni baryerlər aradan qaldırılsın. Qadınların iqtisadi asılılıq olmadan, müstəqil yaşamlarına töhfə verəcək şərait yaradılsın!”

Jurnalist Nigar Mübariz həbsdə olan qadınlara diqqət çəkib. Bildirib ki, Sevinc, Nərgiz, Elnarə üçün burdadır. O, jurnalistlərə azadlıq tələb edib.

“Öldürən dövlət istəmirik”, “Öldürən ailə istəmirik”

Bundan sonra şüarlar səsləndirilib: “Öldürən dövlət istəmirik”, “Öldürən ailə istəmirik”, “Azyaşlı nikahına yox deyirik”.

Aksiya iştirakçıları daha sonra məktəblərdə bullinqə, evlərdə istismara, erkən nikahlara etiraz ediblər. Bildiriblər ki, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna diqqətli yanaşmalıdır.

“Bu Beynəlxalq Qadınlar Günündə biz ölkədə əməkçi qadınların hüquqlarının qorunması ilə bağlı mübarizəmizdə həmrəyik. Bərabər iş üçün bərabər ödəniş və iş yerində ayrı-seçkiliyə və qısnamaya məruz qalmadan əlverişli şəraitdə çalışmaq haqqımızdan əl çəkməyəcəyimizi vurğulayırıq”.

Qadınların iş yerlərində problemlərinə diqqət

İştirakçılar bildiriblər ki, bu yolda qarşılarına çıxan bütün maneələri yıxmaqdan çəkinməyəcəklər. Onlar dövlət qurumlarını qadınların iş həyatında rastlaşdığı problemlərin həlli istiqamətində düzgün çalışmağa dəvət ediblər:

“Valideynlik məzuniyyətinin yükünün sadəcə qadınların üstünə düşməməsini və qadınların öz peşəsindən uzaq qalmayacağı şəkildə tənzimlənməsini tələb edirik. Biz əməkçi qadınların iş həyatında olan töhfələrinin qiymətləndirilməsinə çağırırıq! Qadınların inkişafına dəstək olan, potensiallarına çata biləcəyi ədalətli, inklüziv iş yerləri tələb edirik!”

Bu çıxışdan sonra “Bərabər əmək, ədalətli maaş!”, “Qızları qoru, gələcəyi qoru”, “Yaşasın qadın işçilər” şüarları səsləndirilib.

İştirakçılardan Sənubər Heydərova əlilliyi olan qadınların cəmiyyətdə diskriminasiyaya məruz qalmasına diqqət çəkib. Deyib ki, bu gün həm də onlar üçün duruş göstərirlər:

“Ən çox diskriminasiyaya məruz qoyan dövlətdir. Onlar üçün müəssisələrdə şərait olmadığından, evlərə qapadılırlar. Biz bu gün bura həm də onların hüquqları üçün gəlmişik”.

“Meydanda da yan-yana, zindanda da yan-yana”

Daha sonra çıxış edən jurnalist Aytac Tapdıq diqqəti həbsdə olan jurnalistlərə çəkib. Bildirib ki, bu gün Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova işlərini vicdanla yerinə yetirdikləri üçün həbsdədirlər.

“Peşələrinə sadiq olan bu cəsur qadınlar korrupsiya cinayətlərini ifşa etdiyi, həqiqətləri göstərdiyi üçün həbs olunublar. Azərbaycan hökumətindən jurnalistlərin haqqı olan azadlıqlarını tələb edirik. Həbs olunacağını bilə-bilə, ölkəsinə tələsən, təyyarə nərdivanlarındaca həbs olunan jurnalist Sevinc Vaqifqızının, gülüşü və məğrurluğu ilə məhkəmə hakimlərini utandıran Nərgiz Absalamovanın, həbs çantasını öncədən yığan, içinə qırmızı pomadasını qoymağı unutmayan Elnarə Qasımovanın dimdik duruşundan güc alaraq bu gün burada duruş sərgiləyirik! Onlar korrupsiya faktlarını ortaya qoyduqları üçün həbsdədirlər”.

“Təbiəti yox, sistemi məhv et”

Aksiya iştirakçıları ekoloji problemlərdən də danışıb. Deyiblər ki, bu gün qadınların ekoloji cəhətdən sağlam və təhlükəsiz mühitdə yaşamaq hüquqlarının bərpasını və bu hüquqların bərpa edilməsində qadınların mübarizəsinin zorakılıqla qarşısının alınmasına son qoyulmasını tələb edirlər:

“Biz dövlət tərəfindən həyata keçirilən qəddarlıqlara, flora və faunaya qarşı anti-humanist davranışlara, ətraf mühitin çirkləndirilməsinə, təbii resursların vəzifəli şəxslər tərəfindən talan edilməsinə son qoyulmasını tələb edirik! Bu sahədə haqq səsləri qəddarlıqla susdurulan qadınlarla həmrəy olduğumuzu bildiririk”.

O əlavə edib ki, iqlim dəyişmələri qadınlara xüsusilə təsir edir və bu sahədə qadınların qərar qəbuletmə payı öndə olmalıdır.

“Ölkəmizdə keçiriləcək COP29 İqlim Komitəsində yalnız tənqidi fikirlərdən sonra qadınların komitədə üzv edilməsini pisləyir, patriarxal idarəetmə sisteminin qurbanları olmayacağımızı bəyan edirik”.

“Qızları qoru, gələcəyi qoru!”

Piket təşkilatçılarından Nərmin Şahmarzadə diqqəti qız uşaqlarının məktəblərdə bullinqə, evlərdə istismara, erkən nikahlara məruz qalmasına çəkib. O, dövlət qurumlarından qız uşaqlarının hər hansı bir zorakılıq təhlükəsi altında olmadan məktəbdə və evdə güvəndə olmaları üçün hər şəraitin yaradılmasını tələb edib:

“Qız uşaqlarının intiharı tək çıxış yolu olaraq görmədiyi, vaxtından əvvəl böyümək məcburiyyətində qalmadığı, uşaqlığını uşaq kimi keçirə bildiyi bir həyatın dövlət tərəfindən təmin edilməsini tələb edirik”.

Sonda feminist marşı səslənib və piket baş tutmuş hesab edilib.

Piketin keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim edilmişdi. BŞİH piketin keçirilməsinə “yox” cavabı vermişdi.

Ana səhifəVideoFeministlər duruş sərgilədi: “Öldürən dövlət istəmirik”