***
Nərmin Şahmarzadə sərbəst buraxılıb. O, Meydan TV-yə deyib ki, ona təzyiq olmayıb, yalnız izahat yazıb.
***
Saxlanılan qadınlar 1 saat sonra buraxılıblar
İyunun 16-da günün ikinci yarısında bir qrup xanım fəal Daxili İşlər Nazirliyi qarşısında "Polis zorakılığına son!" şüarı altında etiraz aksiyası keçirib.
Qadınlar iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində keçirilən polisin əməliyyatına etiraz ediblər.
Fəal Nərmin Şamharzadə aksiyanın keçirildiyi yerə gələn polis əməkdaşlarına bildirib ki, iyunun 7-də vətəndaşlar zibil atmaq üçün çıxan insanın həbsinə etiraz ediblər. İnsanlar polisə zibil atıblar, heç bir polis xəsarət almayıb. Buna baxmayaraq, polis iyunun 8-də əməliyyat keçirərək 11 nəfəri həbs edib.
O, polisin vəzifələrini sadalayıb:
"Sizin vəzifəniz vətəndaşların hüquqlarını qorumaqdır. Siz isə məhkəmə qərarı olmadan, qanunsuz şəkildə vətəndaşın evinə basqın edirsiniz, vətəndaşı yarıçılpaq vəziyyətdə ailəsinin gözü qabağında basıb aparırsınız, söyüş söyürsünüz, şillələyirsiniz. Siz o vətəndaşın yerində olsanız, buna razı olarsınız, kimsə sizə belə eləsin? Hələ bütün bu qanunsuzluqları videoya da çəkmisiniz. Polis əməkdaşlarında bu cəsarət hardandır?"
Polislər Nərmin Şahmarzadəyə çıxışını bitirməyə imkan verməyiblər, onu və digər aksiya iştirakçılarını avtobusa mindirərək aparıblar. Onlar saxlanılan zaman fəallar "Polis zorakılığına son!" şüarı səsləndiriblər.
Aksiya zamanı saxlanılan Zəhra Kələntərova, Sanay Yağmur və Şərqiyyə Heydərova bir saat sonra sərbəst buraxılsa da, Nərmin Şahmarzadə Xətai İcra və Probasiya idarəsindədir.
Nərmin Şahmarzadə Meydan TV-yə deyib ki, məhkəmə onun üzərinə aksiyalarda iştirak etməmək barədə öhdəlik qoyduğu üçün hazırda izahat yazır.