Parlamentdə büdcə müzakirəsi zamanı deputatlar təkliflər səsləndiriblər
“Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səylərini sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.
Milli Məclisin avqustun 5-də keçirilən iclasında büdcə dəyişikliyinin müzakirəsi zamanı deputat Fazil Mustafa belə çıxış edib.
O bildirib ki, əhaliyə verilən 190 manatı heç bir halda kəsmək olmaz.
“Vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi. Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı. Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürülməlidir”.
Əli Məsimli: “İşsizlər və imkansızlar ağır vəziyyətə düşüb”
Deputat Əli Məsimli də deyib ki, yeni iqtisadi paket işlənib hazırlanan zaman 5 aylıq dövr yaxşıca araşdırılmalı, sahibkarlığın inkişafı ilə bağlı yeni paketdə həmin tədbirlər qeyd edilməlidir:
“Hər bir ölkədə olduğu kimi Azərbaycanda da iqtisadiyyat daha çox özəl sektorun, biznesin üzərində qoyulub, ona görə də sahibkarlığa ciddi dəstəyin verilməsi vacibdir. Həmçinin bu gün işsizlər və imkansızlar ağır vəziyyətə düşüb. Təklif edirəm ki, problemlərin həllinə nail olmaq üçün başlanılan islahatlar daha da dərinləşdirilsin”.
Erkin Qədirli: “Təhsilhaqları yarıbayarı azaldılmalıdır”
Deputat Erkin Qədirli isə təhsil haqlarının azaldılması təklif edilib.
O bildirib ki, pandemiya ilə əlaqədar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilmədiyinə görə, təhsil haqları yarıbayarı azaldılmalıdır.
Deputat Aydın Mirzəzadə də iş yerlərini itirmiş şəxlərin övladlarının təhsilhaqqı ilə bağlı Maliyyə və Təhsil nazirliklərinə təkliflə çıxış edib:
“Artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. İş yerlərini itirən şəxslərlə bağlı aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlanmalıdır”.
O təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım alan şəxslərin siyahısı və kateqoriyasını daha da dəqiqləşdirilməlidir.
“190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin”.
Deputat məcburi böhran vəziyyətinə düşmüş sahibkarların kateqoriyasının müəyyənləşdirməsi ilə bağlı təkliflər hazırlanmasını məqsədəuyğun sayıb:
“Bu gün bəzi sahələr fəaliyyətini dayandırıb və həmin sahələrdə çalışan şəxslər gözlənilən gəliri əldə edə bilmir. Hesab edirəm ki, onlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər hökumət tərəfindən hazırlansa, daha yaxşı olar”.
Siyavuş Novruzov: Milli Şurada düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”
Deputat Siyavuş Novruzov Milli Şuranı tənqid edib. O bildirib ki, bu qurumu insanların taleyi düşündürmür:
“Milli Şura deyir ki, karantin rejimin uzanması onlara sərf edir. Düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”.
Deputatın sözlərinə görə, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir:
“Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməli, dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.