BQP-nin Ali Məclisi qərar qəbul edib
Böyük Quruluş Partiyasının (BQP) 7 fevral növbədənkənar Prezident seçkilərində iştirak edəcəyi bildirilir.
Bu barədə dekabrın 16-da partiyanın Ali Məclisi qərar qəbul edib.
Qərarda partiyanın başqanı Fazil Mustafanın namizədliyinin irəli sürülməsi əksini tapıb.
Fazil Mustafa Meydan TV-yə məlumatı təsdiqləyib.
O, növbədənkənar Prezident seçkilərində namizəd olacağını deyib.
1992–1993-cü illərdə Azərbaycan Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Fazil Mustafa 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
O, 2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib, 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə partiya başqanı seçilib.
F. Mustafa 2008-ci ilin prezident seçkilərində iştirak edib, 2,43 faiz səslə üçüncü olub.
O, hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavinidir.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Deputat bu ilin martında silahlı hücuma məruz qalaraq çiyin nayihəsindən və ayağından güllə yarası alıb.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Bu günə qədər ölkə başçısı İlham Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc namizədliyini irəli sürüb.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, prezident vəzifəsini icra edir.