Fatimə Mövlamlının anası: “Sabah onların balaları necə olacaq, ondan qorxsunlar”

Fatimə Mövlamlı. İllüstrasiya: Meydan TV

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Fatimə Mövlamlının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. 

Məhkəmə prosesi qapalı keçirilib.

Hakim vəsatəti təmin etməyib.

Fatimə Mövlamlı 2025-ci il fevralın 28-də  Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Avqustun 28-də “Meydan TV işi” üzrə istintaq başa çatıb və bu iş üzrə ittihamlar ağırlaşdırılıb.

İş üzrə həbs edilən 12 nəfər Cinayət Məcəlləsinin 8 maddəsi ilə - 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ilə ittiham olunurlar. 

Jurnalistin anası Vüsalə Mövlanova övladının həbsini ədalətsiz hesab edir. 

“7 maddə əlavə etdilər, haqsızlıqdır, başqa nə deyim. Artıq söz tapa bilmirəm. Bir maddə ilə tutursan, üstünə 7 maddə də əlavə edirsən. Bunu Allah götürməz. Heç nə demirəm. Fatimə Meydanın qanuni işçisi olmayıb, material verib. Lap Meydanda işləyib, Meydanda işləmək cinayətkarlıqdır? Nə olur Meydanda işləyəndə? Fatimə deyir ki, bilirdim tutacaqlar. Onları tutublarsa məni də tutacaqlar. Bu qədər analara haqsız yerə zülm elədilər. Nahaq yerə bizim balalarımızı həbs elədilər. Bizim balalarımız bizim üçün fəxrdir. Biz onlarla fəxr edirik. Sabah onların balaları necə olacaq bilinmir. Onlar ona görə qorxsunlar”, – Vüsalə Mövlanova Meydan TV-yə belə deyib. 

Ana səhifəSiyasətFatimə Mövlamlının anası: “Sabah onların balaları necə olacaq, ondan qorxsunlar”