“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsinin ildönümü ilə bağlı yazı yazıb.
Yazını olduğu kimi təqdim edirik:
“2025-ci il, fevral ayının son günləri. “Meydan TV işi” üzrə ikinci həbs dalğası təzəcə başlayıb. Hökumət mediasının (APA, Report, Baku TV və s.) sifarişlə tirajladıqları yazılarda adım çəkilir, məni qaçaqmalçı, cinayətkar dəstənin üzvü adlandırırlar. Hər şey aydındır, həbs növbəsi mənimdir.
Azadlıqda keçirdiyim son günlər yaxşı yadımdadır: Ciddi cəhdlə çalışır, nəinki bu günün işini sabaha qoymur, hətta sabahın işini də bu gün görürdüm. “Vaxt azdır, son bir reportaj daha hazırla”, – həmin günlər öz-özümə ən çox təkrarladığım cümlə bu idi. Hər reportaj sonuncu ola bilərdi.
Nəhayət, 28 fevral səhəri azadlığımın fikri sərhəddinə çatdım, həbs olundum. Hadisələr çox sürətlə cərəyan etdi: qaramaskalı əməliyyatçılar səni dövrələyir, heç bir izahsız qoluna qandal vurulur, qurama bir axtarış əməliyyatı təşkil edilir, yastığının altına pul atılır, günü sabah məhkəmə, mantiyalı “marionetka” sifarişi yerinə yetirir və budur, həbsdəsən…
Saxlanıldığım günü, Müvəqqəti Saxlanılma Yerində keçirdiyim gecəni xatırlayanda yadıma öz həbsindən yazan Nelson Mandelanın bu sözləri düşür: “Ən azından bu gecə polisin məni tapa biləcəyi haqqında narahatlıq keçirməyəcəkdim. Onlar artıq məni tapmışdılar”. Doğrudan da, məhz belə idi. Mən özümü həbs ediləndən sonra azadlığa çıxmış kimi hiss etdim. Çünki uzun müddətdir gərginlik içərisində yaşayır, gündəlik planlarımı belə həbs ehtimalını hesaba qataraq qururdum.
Bu gün həmin vaxtdan 1 il ötür. Son 1 ildir Bakı İstintaq Təcridxanasında saxlanılıram. Deyim ki, təcridxanaya gəldiyim elə ilk gündən etibarən buradakı hamıya mənimlə bağlı bir şey tam aydın oldu: Mən ruhən azadam. Həbs, təcrid olunmaq mənə kefimi pozacaq qədər dəhşətli hadisə kimi gəlmir. Təcridxanada işçili-məhbuslu çoxları tez-tez məndən soruşur ki, əhvalın necə həmişə belə yaxşıdır? İndi “google”da “search” edib aydınlaşdırmaq imkanım yoxdur ki, bu ifadəni daha əvvəl işlətmişəm, yoxsa yox, amma cavab həmişə eyni olub: Bu həbsi də, bərabərində gələn məhrumiyyətləri də mən özüm seçmişəm. Azadlıqda olduğum vaxtlar hər növbəti jurnalist həbsi xəbərini eşidəndə özümün də dəmir barmaqlıqlara doğru bir addım daha yaxınlaşdığımın yaxşı fərqində idim. Əvəzində işimə daha ürəklə bağlanır, əlimdən gələnin ən yaxşısını ortaya qoymağa çalışırdım. Elə həbsimi tezləşdirən də öz peşəmə bəslədiyim sevgi, sədaqət hissi və hər şeydən öndə dayanan prinsiplər idi. Açıq qəlblə bildirirəm ki, heç nə üçün peşman, yaxud da məyus deyiləm. O qədər ki, bu gün həbsdə ilk ilimi tamamlayıram, kimsə bu münasibətlə çıxıb desə ki, “neçə belə illərə”, gülərüz tövrlə “amin” deyərəm.
Yeganə istəyim müstəqil mətbuatın boyunduruqdan azad edilməsi üçün aparılan mübarizənin bir parçası olmaq, ona töhfə verə bilmək, insanlara həqiqətləri çatdırmaqdan ibarətdir. Buna müqabil bir müddət evimdən, ailəmdən, nəticə etibarı ilə azadlığımdan ayrı düşməyim gərək idisə, ona da razı oldum.
Həbs edildikdən sonra belə gələcəyə, yaxşı gələcəyə inamım öləzəməyib. Bilirəm ki, gecənin zülməti, ardınca gələcək sübh şəfəqlərinin müjdəçisidir. Sadəcə qaranlığın arxasında işığın var olduğunu bilmək, ona inanmaq, ümidsizliyi yeddi kənd uzağa qovmaq lazımdır. Səadət Cahangirin də bir şeirində deyildiyi kimi:
“Hələ azadlıq ağacları göyərməyən
Bu quraq mövsümlərdə
Dodaqlarımız çatlamış deyə
Yağmurlu buludlar qeybə çəkilmiş deyil,
Yerin dibinə batmış deyil göy üzü.
Hələ üfüqlər mavi, ay canlı,
Ulduzlar sapasağ
Və bilin, sizin dəmir qandallarda qanamış,
Acı tikanlar dalamış külüng əllərinizdən
İnsanlıq adına
Gül bağçası bir ölkə qurulacaq”.
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası