Meydan TV ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 12 jurnalistin məhkəməsi yanvarın 16-da davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktının elanını davam etdirib.
Bu zaman jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) bildirib ki, vəsatəti var. Hakim isə ona vəsatətini səsləndirməyə icazə verməyib. Deyib ki, dövlət ittihamçısının çıxışı kəsilə bilməz.
Nurlan Libre isə etiraz edib: “Onsuz da məni bura zorla gətiriblər”.
O, istintaq təcridxanasında zorakılığa məruz qaldığını bildirib.
Hakim və prokuror əhəmiyyət verməyib, dövlət ittihamçısı çıxışını davam etdirib.
Daha sonra hakim Aytən Əliyeva təqsirləndirilən jurnalistlərin zalda olan yaxınlarına xəbərdarlıq edib, onları məhkəmə iclasından çıxarmaqla hədələyib. Jurnalistlər hakimin bu davranışına etiraz ediblər.
Nurlan Libre bildirib ki, yaxınlarını çıxarsalar, onlar da məhkəmədə iştirakdan imtina edəcəklər.
Fatimə Mövlamlı isə deyib ki, bu hakimlərin onları və yaxınlarını hədələməyə nə hüququ, nə də mənəvi haqqı var:
“Siz şərə xidmət edən, sifarişlər yerinə yetirən birisiniz, özünüzü böyük zənn etməyin”.
Dövlət ittihamçısı Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) haqqında ittihamın elanını tamamlayıb. Daha sonra təqsirləndirilən şəxslərdən Bakı Jurnalistika Məktəbinin direktoru Ülvi Tahirliyə aid ittihamı elan edib.
Məhkəmənin onun vəsatətinin dinləmək istəmədiyini görən Nurlan Libre zaldakılara elan edib ki, bu gündən aclığa başlayıb:
“Keçən məhkəmədə qolumu kəsəndən sonra təcridxanada iki gün “kars”a salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün iki səhifəlik vəsatət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar. Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur. Bu gün 30-a yaxın jurnalist və bloger, Toplum TV, AbzasMedia və Meydan TV-nin onlarla əməkdaşı saxta ittihamlarla həbsdədir. Həmkarlarıma və özümə qarşı baş verənlərə etiraz olaraq, bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”.
Dövlət ittihamçısının çıxışı təxminən üç saat davam edib və bu müddətdə hələ iki nəfər haqqında ittiham elan olunub. Hakimin tez-tez zaldakılara xəbərdarlıq etməsi, sonradan geri qayıtmaq istəyənləri buraxmaması təqsirləndirilən şəxslərin etirazına səbəb olub:
“Üç saatdır oxuyursunuz, nəzərə almırsınız ki, insanların təbii ehtiyacı ola bilər”.
Jurnalistlər bildirib ki, eyni cümlələr bütün təqsirləndirilən şəxslər haqqında ittihamlara köçürülüb və hamısının elan olunmasına ehtiyac yoxdur. Qərara alınıb ki, digər təqsirləndirilən şəxslər haqqında ittiham elan olunmuş hesab edilsin.
Məhkəmə prosesi yanvarın 30-na qədər təxirə salınıb.
Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb .
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.