“Facebook” və “Instagram”da rus hərbçilərinə qarşı nifrət nitqinə icazə verilib

“Facebook” və “Instagram”. Foto: Wachiwit/shutterstock

Putin və Lukaşenkoya ölüm çağırışlı yazılara da məhdudiyyət yoxdur

Amerikanın “Meta Platforms” şirkəti “Facebook” və “Instagram” sosial şəbəkələrində nifrət nitqinin qadağan edilməsi siyasətinə dəyişiklik edib.

Müvəqqəti olaraq bəzi ölkələrdəki “Facebook” və “Instagram” istifadəçilərinə Ukraynanın işğalı kontekstində rus hərbiçilərinə qarşı zorakılıq çağırışı etməyə imkan veriləcək.

Bu icazə Rusiya, Ukrayna, Litva, Latviya, Estoniya, Polşa, Macarıstan, Rumıniya və Slovakiya kimi ölkələrə, eləcə də Qafqaz dövlətlərinə şamil edilir.

Sosial şəbəkə həmçinin Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı ölüm çağırışlı yazılara da icazə verib.

Şirkətin mətbuat xidməti Endi Stoun bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı apardığı hərbi münaqişə zəminində atılan addımdır.

“Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışlarına icazə veriləcək. “Rus işğalçılarına ölüm”- kimi ritorikaya da icazə var”, – “Meta Platforms” şirkətinin sözçüsü bildirib.

Mülki şəxslərlə bağlı oxşar mesajlar isə bloklanacaq.

Amerikanın Ron Paul adına Sülh və Rifah İnstitutunun direktoru Deniel Makadams şirkətin qərarını irqçilik kimi qiymətləndirib.

Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidməti (Роскомнадзор) ölkə ərazisində “Twitter” və “Facebook”a girişi məhdudlaşdırıb.

Bildirilib ki, “Facebook” 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Twitter”ə giriş “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal qanunun 15.3-cü maddəsi əsasında məhdudlaşdırılıb.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasət“Facebook” və “Instagram”da rus hərbçilərinə qarşı nifrət nitqinə icazə verilib