Fərid Mehralızadə: “Polis mənə dedi ki, “cavan oğlansan, sənə “Azadlıq” radiosu lazımdır?”

Fərid Mehralızadə – Foto: AzadlıqRadiosu

“Bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək”

Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə keçirilən növbəti məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Fərid Mehralızadə sərbəst ifadə verib. Həbsdə olan jurnalist Fərid Mehralızadə deyib ki, onu “Azadlıq” radiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar. Bildirib ki, hökumət təmsilçiləri həmin vaxt istintaqı davam edən “AbzasMedia” ilə bağlı cinayət işinə onu da qoşublar.

“Yəqin düşünüblər ki, onsuz da əlimizdə hazır qurama cinayət işi var, bunu da qataq onlara, getsin. İttiham tərəfi mənə “AbzasMedia”da “vəzifə” də verib, guya mən orada iqtisadçı ekspert olmuşam, ofisdə fəaliyyət göstərmişəm. Bu iddiaların hər ikisi yalandır”, – F.Mehralızadə belə deyib.

Fərid Mehralızadə 2024-cü il mayın 30-da səhər saat 08:30 radələrində işə gedərkən başına torba keçirilərək zorakılıqla saxlanması, öncə naməlum yerə, ardından Bakı şəhər Baş Polis İdarəsinə aparılması, telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qalmasından danışıb.

F.Mehralızadə vurğulayıb ki, “AbzasMedia işi” üzrə şübhəli şəxs qismində cəlb olunsa da, gerçək səbəbin başqa olduğunu ilk gündən ona deyiblər:

“Orada bir polis vardı, mənə dedi ki, “cavan oğlansan, sənə “Azadlıq” radiosu lazımdır? Başını sal aşağı, həyatını yaşa da”. Baxın, bu cinayət işində “Azadlıq” radiosunun adı çəkilmir. Mən də ona yazılarımın radioda yayımlandığını deməmişdim. Həmin şəxsin bu ifadəni işlətməsi onu göstərir ki, həbsimin əsl səbəbi məhz “Azadlıq” radiosunda yayımlanan yazılarımla bağlıdır”.

Jurnalist  bildirib ki, ölkədə iqtisadi sahədə olan gerçəkləri dilə gətirirdi, onları konkret rəqəmlərlə ortaya qoyurdu. Məsələn, deyirdi ki, ölkənin ixracının 90, büdcə gəlirlərinin 50 faizinin neft-qaz sektoru hesabına təmin edilməsi Azərbaycan üçün ciddi risklər yaradır. Yaxud da işsizlik və yoxsulluq göstəricilərinin 5 faiz açıqlanması həqiqəti əks etdirmir və bunu alternativ hesablamalarla sübut edirdi.

Jurnalistin sözlərinə görə, ittiham tərəfi onun “AbzasMedia”da işləməsi, oradan ödəniş alması ilə bağlı heç bir sübut tapa bilməyib. Onun və digər təqsirləndirilən şəxslərin “Signal” mesencerindən istifadə etməsini sübut kimi qiymətləndirib:

“”AbzasMedia” bir çox dövlət rəsmisindən, millət vəkillərindən də müsahibə alıb. Onlar niyə istintaqa cəlb edilmir? Mən iqtisadçı kimi bir çox media resursuna və televiziya kanallarına müsahibələr vermişəm. Mən “AbzasMedia”nın ofisinin heç yerini bilmədiyim halda, yazıblar ki, guya orada fəaliyyət göstərmişəm”.

Heç bir cinayət törətmədiyi halda, bir ilə yaxındır həbsdə saxlandığını deyən Mehralızadə hakimlərin nəzərinə çatdırıb ki, bu müddətdə övladı dünyaya gəlib, ancaq onunla zaman keçirə bilmir.

İfadəsinin sonunda isə yada salıb ki, qarşıdan Azərbaycanda milli mətbuatın yaranmasının 150-ci ildönümü gəlir. Ötən 150 ildə Azərbaycanda müstəqil medianın Həsən bəy Zərdabidən Sevinc Vaqifqızına və Hafiz Babalıyadək prinsipial və peşəkar insanların sayəsində ayaqda qaldığını deyən F.Mehralızadə vurğulayıb ki, nə mürtəce qanunlar, nə siyasi sifarişli həbslər bunun qarşısını ala bilər:

“Siyasi motivli həbslər, bəlkə də, qısamüddətli perspektivdə kimlərəsə siyasi dividentlər qazandırır. Amma əmin olun ki, son nəticədə cəmiyyət olaraq hamımızın ziyanına işləyir. Media azadlığının olmadığı şəraitdə nəinki siyasi və iqtisadi inkişafdan, ümumiyyətlə, hansısa münasibətlər sisteminin inkişafından danışmaq olmaz. Uzun sözün qısası, müstəqil media susdurula bilməz!”.

“Əlimdə tutduğum kitab Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu cinayət işində tutduqları mövqedən sonra məndə belə təəssürat yaranıb ki, ittiham tərəfinin Azərbaycan Respublikasının Konstitusiyasından, xüsusilə də insan hüquq və azadlıqlarından bəhs edən hissədən xəbəri yoxdur. Ona görə də mən bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək”, – F.Mehralızadə ifadəsini belə yekunlaşdırıb.

Daha sonra “AbzasMedia”nın təsisçisi və icraçı direktoru Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından məhkəməyə pis şəraitdə gətirilməsindən şikayətlənib. O, hər il Penitensiar Xidmətə milyonlar ayrılmasına baxmayaraq, dustaqların ağır şəraitdə gətirilib aparıldığını deyib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət edəcəyini bildirib.

Daha sonra məhkəmədə şahidlərin dindirilməsi mərhələsi başlayıb.

İş üzrə dindirilən Şəms Sultanlı bildirib ki, o, Sevinc Vaqifqızının təlimində iştirak edib.

“Ailə vəziyyətimlə əlaqədar Ülvi Həsənlinin keçdiyi təlimdə ola bilməmişəm, Sevinc Vaqifqızının təlimində olmuşam. Onu müəllim kimi tanıyıram və çox böyük hörmətim var. Heç vaxt əməyini itirməyəcəm. Mənə heç vaxt pul təklif edilməyib və nəsə imzaladılmayıb”, – şahid bildirib.

Daha sonra növbəti şahid Ənvər Cəfərov dindirilib. İş üzrə istintaq materiallarında o, könüllü şahid kimi təqdim olunur. Ancaq Ənvər Cəfərov deyir ki, o, iş yerinin yanında çörək almağa çıxanda saxlanılıb.

“2 mülki geyimli polis idi. Maşında zorla telefonumun parolunu da aldılar və iş materialları kimi təqdim olunan materialları telefonumdan məndən xəbərsiz götürüblər”.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin şahidin zorakılığa və digər təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı suallarına cavab verilməsinə hakim imkan verməyib. Ənvər Cəfərov zaldan sürətli şəkildə çıxarılıb. Bu isə etirazlara səbəb olub. Təqsirləndirilənlər “şahid, şahid” deyə qışqırıblar.

Hakim prosesi aprelin 22-nə qədər təxirə salıb.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəSiyasətFərid Mehralızadə: “Polis mənə dedi ki, “cavan oğlansan, sənə “Azadlıq” radiosu lazımdır?”