Fərid Mehralızadə ittihamların əsassız olduğunu deyir

Fərid Mehralızadə. illüstrasiya: Meydan TV

Martın 6-da Ali Məhkəmədə hakim Zaur Hüseynovun sədrliyi ilə “AbzasMedia işi” çərçivəsində həbsdə olan AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə və AbzasMedianın direktor müavini Məhəmməd Kekalovun kassasiya şikayətləri üzrə məhkəmə iclası keçirilib.

Onların hər ikisi prosesdə iştirak edib.

Fərid Mehralızadənin vəkilləri Cavad Cavadov və Xalid Hüseynov məhkəmədə bildiriblər ki, müdafiə etdikləri şəxsin cinayət əməli törətməsi ilə bağlı sübut yoxdur və onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.

Mehralızadə də çıxışında ittihamları qəbul etmədiyini deyərək işinin bəraət əsasları ilə bağlanmasını istəyib.

Müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, istintaq materiallarında Fərid Mehralızadənin AbzasMedia ilə əməkdaşlığını sübut edən hər hansı fakt yer almır. Vəkillərin sözlərinə görə, o, həmin media qurumuna yalnız iki dəfə iqtisadi məsələlər üzrə ekspert qismində müsahibə verib və bu fəaliyyətinə görə heç vaxt maaş almayıb.

Onlar həmçinin xatırladıblar ki, Mehralızadənin avtomobili müsadirə edilib. Vəkillər bildirib ki, o, bank sektorunda işləyib və kifayət qədər yüksək əməkhaqqı alıb.

Jurnalist öz çıxışında qeyd edib ki, o, siyasi fəaliyyətlə məşğul olmayıb, yalnız iqtisadi mövzularda analitik yazılar hazırlayıb. Onun sözlərinə görə, həbsinin səbəbi aydın deyil, lakin ehtimal edir ki, iqtisadi araşdırmaları buna səbəb ola bilər.

Mehralızadə əlavə edib ki, tez-tez xaricə səfər edən bir şəxsin ölkəyə qaçaqmal yolu ilə pul gətirməkdə ittiham olunması məntiqsiz görünür.

Məhkəmə iclası martın 13-dək təxirə salınıb. Növbəti prosesdə Dövlət Vergi Xidmətinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışı gözlənilir.

“AbzasMedia işi” üzrə həbslər 2023-cü ilin noyabrında başlayıb. Fərid Mehralızadə isə 2024-cü il mayın 30-da saxlanılıb.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə hökm elan edib. Qərara əsasən, AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, AbzasMedianın direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası alıb. Onlara qarşı qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürülüb. Jurnalistlər və onların vəkilləri isə istintaqın bu ittihamları təsdiqləyən yetərli sübutlar təqdim etmədiyini bildirirlər.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda qaçaqmalçılıq ittihamı ilə qruplar halında 30-dan çox jurnalist və ictimai fəal həbs edilib. Yerli hüquq müdafiə təşkilatlarının siyahılarına əsasən, hazırda ölkədə təxminən 340 siyasi məhbusun olduğu bildirilir.

Rəsmi qurumlar isə ölkədə heç kimin siyasi baxışlarına və ya peşə fəaliyyətinə görə həbs edilmədiyini vurğulayır və siyahılarda adı olan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər. Beynəlxalq insan haqları təşkilatları isə Azərbaycan hakimiyyətini haqsız həbs olunduğu iddia edilən şəxsləri azad etməyə çağırır.

Ana səhifəSiyasətFərid Mehralızadə ittihamların əsassız olduğunu deyir