Fəaliyyətini dayandıran mikro və kiçik bizneslərin sayı kəskin artıb

Foto: earthphotostock\shutterstock

2024-cü ildə Azərbaycanda fəaliyyətini dayandıran mikro, kiçik və orta sahibkarlıq biznelərinin sayı 2023-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

 Dövlət Statistika Komitəsinin “Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq” məcmuəsinə görə, 2023-cü ildə ölkədə ümumilikdə 21 min kiçik sahibkarlıq subyekti fəaliyyətini dayandırmışdısa, ötən il bu göstərici 24 976-ya yüksəlib. Beləliklə, ləğv edilən subyektlərin sayı təxminən 19 faiz artıb.

Statistik məcmuədən aydın olur ki, fəaliyyətini dayandıran sahibkarların böyük əksəriyyəti mikro sahibkarlıq subyektləridir. Ləğv edilmiş mikrosahibkarlıq subyektlərinin sayı 24 951 təşkil edib.

Mikro bizneslərin əksinə olaraq, kiçik və orta sahibkarlıqda ləğvlərin sayı azalıb. 2023-cü ildə fəaliyyətini dayandıran kiçik sahibkarların sayı 36 idisə, 2024-cü ildə bu rəqəm 22 olub. Ləğv edilmiş orta sahibkarlıq subyektləri isə 2024-cü ildə 3, 2023-cü ildə isə 12 təşkil edib.

Ekspertlər bildirirlər ki, 2026-cı ildə vergi güzəştlərinin ləğv edilməsi və bir sıra qaydaların sərtləşdirilməsi mikro sahibkarlar arasında ləğvlərin kəskin artmasına səbəb ola bilər. Onların fikrincə, hətta 2024-cü ildə ləğv edilmiş mikro sahibkarlığın 19 faiz artması mikro biznesin risklərə qarşı kifayət qədər həssas olduğunu göstərir. Halbuki mikro və kiçik bizneslər üzrə risklərin azaldılması iqtisadiyyatın ümumi dayanıqlığı üçün vacibdir. Çünki hazırda kiçik və orta biznes iqtisadiyyatda yaranan əlavə dəyərin 20 faizini təşkl edir. Neft sektorundan sonra məhz bu subyektlər sonra ölkə iqtisadiyyatının onurğası olduğunu deyə bilərik.

DSK-nin təqdim etdiyi 2024-cü ildə ən çox ləğv edilən biznes müəssiələrinin strukturuna baxdıqda, kənd təsərrüfatı və ticarət sahələrinin öndə gəldiyini görmək olur. Ötən il kənd təsərrüfatı sahəsində 10,3 min biznes subyekti fəaliyyətini dayandırıb ki, bu da ümumi ləğvlərin təxminən 41,6%-ni təşkil edir. Son illər kiçik fermer təsərrüfatlarının kəskin azalması bu sektordan geri çəkilən sahibkarlıq subyektlərinin göstəricilərinə də təsir göstərib.

Ötən il ləğv edilən subyektlərin sayına görə ikinci yerdə ticarət sektoru gəlir. Bu sahədə 4 461 sahibkarlıq subyekti qeydiyyatdan çıxarılıb.

3090 biznes subyekti isə nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyətini dayandırıb.

Ümumilikdə, 2024-cü il ərzində fəaliyyətdə olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı 424,4 min olub. Bu, əvvəlki ilə nisbətən 5,3 faiz artım deməkdir. Sahibkarlıq subyektlərinin 48,6 faizi Bakı şəhərində, 51,4 faizi isə digər regionlarda fəaliyyət göstərib.

Qeyd edək ki, 2024-cü ildə yeni qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı da əhəmiyyətli dərəcədə azalıb. Ötən il yeni qeydiyyata düşən mikro, kiçik və orta biznes subyektlərinin sayı 99049 olub ki, bu da 2023-cü ilə nisbətən 20,8% azalma deməkdir.

Yeni müəssisələrin yaranma tempinin zəifləməsi əsasən fərdi sahibkarların və mikro müəssisələrin qeydiyyatındakı azalma ilə bağlıdır. Belə ki, 2023-cü ildə 109,2 min fərdi sahibkar qeydiyyatdan keçibsə, 2024-cü ildə bu rəqəm 84, minə düşüb. Bu da təxminən 22,5% azalma deməkdir.

Hüquqi şəxslərin sayında da azalma müşahidə olunub, lakin faiz etibarilə fərdi sahibkarlara nisbətən daha azdır.

Ana səhifəUncategorized @azFəaliyyətini dayandıran mikro və kiçik bizneslərin sayı kəskin artıb