Əzizim, Natiq… Zindandan zindana məktub

Aynur Elgünəş

İllüstrasiya: Meydan TV

Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin Kürdəxanı Təcridxanasından Meydan TV-nin həbsdə olan əməkdaşı Natiq Cavadlıya məktubu:

“Əzizim, Natiq Cavadlı! Düz 6 aydır ki, səndən xəbərsizəm. Sonuncu dəfə sanksiya müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinə gedəndə səni uzaqdan, Penitensiar Xidmətin maşınının dəmir barmaqlıqlarla əhatələnmiş pəncərəsindən gördüm. Sən “voronok”dan düşürdün. Həyəcanla pəncərəni döyəclədim, görmədin. Mənə elə gəldi ki, arıqlamısan, saçlarının ağı da ilk dəfə o an gözümə dəydi, ürəyimi sanki məngənə arasına qoyub sıxdılar. Maşından düşə-düşə nəsə deyirdin, mübariz, əzmkar görkəmin yerində idi. Səni tələsik məhkəmə binasına apardılar. Görüşməyək deyə məni onsuz da narahat olan “doblo”da ləngitdilər. Polis və konvoyların əhatəsində məhkəməyə daxil olanda da gözüm səni gəzirdi. Bu arada, ətrafımı elə əhatələmişdilər, sanki hansısa terror təşkilatının rəhbəri idim. Özüm özümə bayırdakından böyük görünürdüm, hakimiyyətin söz adamlarından nə qədər qorxduğunu göstərirdi, bu.

Sonradan öyrəndim ki, həmin gün Aytacla “voronok”da bir gəlmisiz. Səni görməyin sevincini yaşayırdı.

“Maşında konvoylarla çəkişərkən birdən uzaqdan çox doğma olan bir səs eşitdim, Natiq müəllimin səsi idi. Səsin arxasınca getdim. Maşının küncündə balaca açıq bir yerdən əllərimizi bir-birinə toxundurmağa çalışdıq. Yenə ümiddolu idi, kimsəyə qəzəbli deyildi. O tarixçidir, baş verən hadisələri tarixin “puzzle”larına yerləşdirib baxır. Tarixi təkcə kitablardan öyrənmir, həm də onu yazır, bir parçasına çevrilir”.

Aytac deyirdi ki, bütün ömrünü mübarizəyə, həqiqətləri axtarmağa həsr etmiş adamın əllərində qandal var idi.

“O an özümə hakim ola bilmədim. “Natiq müəllimin əlinə qandal vuranlar, utanmırsız?!” – deyə qışqırdım. Utanmayacaqlarından çox əmin olsam da… Müəllim dediyim adamın sakitliyi, müdrikliyi isə mənə təmkinli olmağı öyrədirdi. Həbsxanaya çevrilmiş Azərbaycanda bəlkə də hamının qolunda qandal var, ancaq çoxu görmür. O, ölkəsini çox sevməyin cəzasını həbsi ilə ödəyirdi.

Nə zaman əhvalını soruşsan, “Azərbaycan kimiyəm”, – deyirdi. Qolunda qandal məhkəməyə aparılarkən gerçəkdən də Azərbaycanın ağrısının, dərdinin ətə, qana gəlmiş halı idi”, – deyir Aytac.

Bax, belə sevirik səni. Sonuncu dəfə elə dekabrın 6-da, o məşum gündə danışmışdıq. İstirahətdən qayıtmışdın, enerji dolu idin. Axşam Bakı Şəhər Baş Polis İdarəsində müstəntiqin otağının qapısı açılanda üzbəüz otaqdan “Elgünəş, səni sevirəm!” – deyə qışqırdın. Səsin o şər yuvasının divarlarında əks-səda verdi, qürrələndim. Başqa vaxt yavaş danışmağın üçün az qala yalvarırdım, o an isə səsin üstündə təpindikləri ruhumu oxşadı, məni özümə qaytardı.

Dostluğumuzun neçə yaş var, xatırlamıram. O qədər uzun və keşməkeşli həyat yaşadıq ki, vaxtın necə keçdiyini anlamadım. Onsuz da tarixlər, günlər sənin qədər kimsənin yadında qalmaz. Sən müasir Azərbaycan tarixinin hər anını yaşayan, əzbər bilən birisən. Bəzən açıq, kəskin sualların insanları qıcıqlandırırdı. Ancaq işinə olan sevgi və sayğın hamını sənə hörmət etməyə məcbur edirdi.

Hələ qəzetlərdə işlədiyimiz dövrlərdə bir gündə 2-3 səhifə yazı yazmaq gücündə idin və illər bu bacarığını, gücünü əlindən ala bilməmişdi. Sənin bir gün yoxluğun işin dayanmasına bərabər hadisə idi. Şəxsən mən bu ölkədə sənin qədər hadisələrə hakim ikinci siyasi müxbir tanımıram.

Əzizim Natiq, bu gün Azərbaycanda yeganə işıqlı yer həbsxanalardır. Hər gün dəmir barmaqlıqlarla əhatələnmş pəncərədən bayıra baxanda düşünürəm – cəmi bir neçə addım məsafədədir: Şəmşad, Sevinc, Ələsgər, Akif, Ülvi, Nərgiz… Adı bir yazıya sığmayacaq qədər daha neçə dostlarımız buradadır. Səni, Ülvini, Ramini isə başqa bir zindana atdılar, eyni divarların arasında olmağı belə çox gördülər. Hərdən buradakı vicdan məhbuslarının hansısa biri ilə vəkillə görüşə gedəndə rastlaşırıq, insan əzizini görmüş kimi sevinir. Eyni zamanda bayırda olanların halına acıyır. Çünki bir ölkəni işıqlı edən onun ziyalıları, ləyaqəti uğrunda vuruşan insanlarıdır. O insanların yarısı türmədə, yarısı isə ölkə xaricindədir. İndi bu ölkə yaşanmayacaq haldadır.

Əziz dostum, sən tez-tez gənclərə xatirələrini danışırdın. Hər dəfə də “Elgünəş bilir”, “Elgünəş xatırlayar”, “Elgünəş təsdiqləyər”, deyib məni şahid çəkərdin. Etiraf edim ki, çox vaxt xatırlamırdım da, amma təsdiqləyirdim. Çünki səni tanıyırdım, bilirdim yalan deməzsən, xatırlamıramsa, günah mənim yaddaşımdadır.

Məni ən heyrətləndirən məziyyətlərdən biri də kitaba, mütaliəyə marağın idi. Xüsusilə tarixi nəşrlərə sonsuz marağın var. Elə kiməsə hədiyyən də həmişə kitab olardı. İndi yəqin dörd divar arasında əsas məşğuliyyətin də mütaliədir.

Əzizim Natiq, bu, üzləşdiyin ilk haqsızlıq deyil. İllər öncə çalışdığın qəzetdən də müsahibinin sözünə görə çıxarılmışdın. Qubad İbadoğlu Kəmaləddin Heydərovu tənqid etmişdi, redaktor dərcə icazə vermişdi, ancaq işdən çıxarılan sən olmuşdun.

Ümumiyyətlə sənin müsahibələrinin böyük əksəriyyəti səs-küyə səbəb olurdu. Meydan TV-nin tarixində bu müsahibələrin böyük yeri və rolu var. Tənqidə o qədər dözümlü, tolerantsan ki, heç bir fikir səni özündən çıxara, yolundan döndərə bilməz. Sənin azad ruhunu buxovlamaq mümkün olmadığından özünü zindana atıblar. Sən Azərbaycan gerçəkliyini, siyasi səhnəsini ölkə xaricinə daşıya bilən bir jurnalistsən. Sən azad media mükafatına ilk layiq görülənlərdənsən. Müstəqil medianın məhvinə səbəb olan yeni “Media haqqında” qanuna qarşı çıxıb, aksiyaya qoşulan ilk jurnalistlərdən biri də sənsən. Təbii, bu məsələdə aksiyanın təşkilatçılarından olan, hazırda “Meydan TV işi” üzrə həbs edilən Nurlan Libreni də unutmuram.

Bir sözlə, avtoritar rejimlərdə sənin kimilərin azadlıqda olması “başağrısı”ndan başqa bir şey deyil. Onlar sənin ruhundan qorxurlar.

Əlbəttə bu da keçəçək, heç bir haqsızlıq əbədi ola bilməz. Reşat Nuri Güntekinin çox bəyəndiyim bir fikri var: “Ən uzun və çarəsiz gecəni düşün. Sabah olmadımı?”

Sən tarixi hadisələrin təkrarlanmasına həmişə inanmısan və hamımızı buna inandırmısan. Yenə də inanırıq, heç bir zülm, zindan azad ruhlu insanları buxovlaya bilməyəcək!

Əzizim, zindandan zindana yolumuzu Meydan TV kəsişdirir. Hər zaman dediyimiz kimi:

Meydanda da yan-yana,

Zindanda da yan-yana!

Aynur Elgünəş

Kürdəxanı, May 2025

Ana səhifəHəbsxanadan məktublarƏzizim, Natiq… Zindandan zindana məktub