Jurnalistin vəsatətləri təmin olunmayıb
“Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri, 2023-cü ilin noyabrından həbsdə olan Əziz Orucovun məhkəməsi başlayıb.
Onun işinə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyilə baxılır.
Dekabrın 25-də məhkəmənin hazırlıq iclasında Əziz Orucovun vəkillərindən Fəxrəddin Mehdiyev onun haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında vəsatət qaldırıb.
Vəkil bildirib ki, Əziz Orucov 1 il 1 aydır ki, Cinayət Məcəlləsinin 188.2 (mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə həbsdə saxlanılır.
O, inşası üçün icazə almadan özbaşına ev tikməkdə ittiham olunur.
Vəkilin sözlərinə görə, Bakıda təxminən yarım milyon dövlət qurumlarının rəsmi icazəsi olmadan tikilmiş ev var və həmin evlərdə də yüzminlərlə insan yaşayır.
Belə olan halda, Əziz Orucovun haqqında cinayət işi başlanması, üstəlik, 1 ildən çoxdur ki, həbsdə saxlanması ona qarşı aşkar ayrı-seçkilikdir.
Əziz Orucov vəkilin qaldırdığı vəsatətə münasibət bildirərkən təqsirsiz olduğunu deyib.
Əziz Orucovun digər vəkili Bəhruz Bayramov isə bildirib ki, məhkəmə onun haqqında cinayət işinə xitam verməyə razılaşmasa, ev dustaqlığına buraxsın.
Bu barədə vəsatət qaldıran vəkilin sözlərinə görə, onun ittiham olunduğu maddənin sanksiyasında 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə var:
“Bu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Bu tipli işlərdə heç kimin haqqında həbs qətimkan tədbiri seçilmir. Əziz Orucovun da həbsdən buraxılması üçün həm maddi, həm də prosessual əsaslar var. Əziz Orucovun daimi yaşayış yeri var, himayəsində azyaşlı uşaqları var. Məhkəmənin gedişinə mane olmayacaq, gəlib-gedəcək”.
Əziz Orucov məhkəmədən hər iki vəsatətin təmin olunmasını, həbsdən buraxılmasını istəyib.
O bildirib ki, azyaşlı qızının getdiyi uşaq bağçasında keçirilən Yeni il şənliyində onunla birlikdə iştirak etmək istəyir:
“Bu gün qızımın bağçasında bayram şənliyidir. İstərdim ki, həbsdən çıxıb, gedib onun şənliyində iştirak edim…”
Prokuror vəkillərin qaldırdığı hər iki vəsatətə etiraz edib.
Dövlət ittihamçısı bildirib ki, cinayət işinə xitam verilməsi və Əziz Orucovun həbsdən buraxılması üçün əsaslar yoxdur.
Hakim Günel Səmədova da vəsatətləri təmin etməyib.
Məhkəmə prosesi yanvarın 8-nə təyin edilib.
2023-cü il noyabrın 27-də axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”-ün ofisində axtarış aparılıb.
Daha sonra o, Cinayət Məcəlləsinin 188.2 maddəsilə həbs olunsa da, bir ay sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham irəli sürülmüşdü.
Hətta “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunmuşdu.
İstintaqın sonunda Əziz Orucovun işi yüngülləşdirilərək yalnız torpaq məsələsilə bağlı ittihamla məhkəməyə göndərildi.
Kanalın əməkdaşı Şamo Eminov onunla birlikdə mühakimə olunmur.
Şamo Eminovun işi barədə isə məlumat yoxdur.
Əziz Orucova qarşı ittihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.
“Kanal 13” rəhbəri isə bu ittihamın absurd olduğunu, rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirdiyini bildirib.
O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.
Son 13 ay ərzində Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.