“Qala Ramana” deyilən ərazidə – Əmir Bağırov küçəsinin sakinləri ərazidə kanalizasiya sisteminin qurulmasını istəyir
“21-ci əsrdə şəhərin mərkəzindən 10-12 kilometr aralıda hələ də nəcis quyusu təmizləməklə məşğuluq. Deyirlər, qazınız, işığınız var, kanalizasiyanı da özünüz qurun. Yağış yağanda küçələrdə çirkab sularla iylənə-iylənə addımlayırıq. Yağış suları nəcis quyularına dolur, quyular daşır, məhəllələrdə biabırçı vəziyyət yaranır”.
Bunu Meydan TV-yə Sabunçu rayonu, Əmir Bağırov küçəsinin sakinləri deyir. 8-ci Mədən küçəsinin sakini Sevil Hacıyevanın sözlərinə görə, uzun illərdir ərazidə kanalizasiya sisteminin qurulmaması səbəbindən dözülməz şəraitdə yaşayırlar.
“Demişdilər neft quyularının istismar müddəti bitib, hamısı yığışdırılacaq”
Hələ 1990-cı illərdən başlayaraq Ramanada – neft quyularının yaxınlığındakı ərazidə yüz hektarlarla torpaqlar vətəndaşlara satılıb. Ərazidə minlərlə fərdi yaşayış evləri tikilib. Sevil xanım deyir, burada ev tikəndə yerli icra hakimiyyətindən ona bildirilib ki, neft quyularının istismar müddəti bitdiyi üçün tezliklə ərazi təmizlənəcək, neft quyularından əsər-əlamət qalmayacaq və yaşayış məskəni salınacaq:
“Bura “Qala Ramana” deyilir. 25 ildir burada yaşayıram, 8-ci Mədəndə… Yeri satanda demişdilər, narahat olmayın, yaxın vaxtlarda şəhərətrafı yaşayış yerlərində su-kanalizasiya sistemi qurulacaq, burada da hər cür şərait yaradılacaq. Düz 25 ildir ki, eyni nağılı eşidirəm”.
“Nəcis hamını bir-birinə düşmən edib”
7-ci Mədənin sakinləri də şikayətçidir. Deyirlər, işıq, mavi qaz sistemi qurulsa da, çirkab sulardan qurtulmaq məsələsi müşlükə çevrilib:
“Deyirlər, kanalizasiyanı da özünüz qurun. Əgər bu işi özümüz görəcəyiksə, bəs Dövlət Proqramı hara getdi? Ayda üç dəfə pul verib nəcis quyusunu boşaltdırıram. Bir də görürsən qonşuda dolub daşdı, hamısı axdı gəldi evimizin altına… İyrənc bir həyat şəraiti sürürük. Burada qonşuların davası ancaq nəcisə görə olur. Hamı bir-birləri ilə düşmən olub”.
“Səsimizi çıxaranda deyirlər, evləriniz qanunsuz tikilidir”
Sakinlər dəfələrlə Sabunçu Rayonu Su İdarəsinə, “Azərsu” ASC-yə, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib:
“Hər dəfə deyirlər, gələn il kanalizasiya sistemi qurulacaq. İllərdir ki, başımızı belə aldadırlar. Qonşunun quyusunun çirkab suyu evimin altına axır, evdə üfunətdən oturmaq mümkün deyil. Bir az da səsimizi çıxaranda deyirlər, hamısı qanunsuz tikililərdir. Qaz çəkilib, işıq çəkilib, sayğac quraşdırılıb, ünvan verilib, 30 ildən çoxdur minlərlə ev tikilib, bu, necə qanunsuz tikili sayıla bilər? Kim haqqını tələb edirsə, evini sökməklə hədələyirlər. Əgər qanunsuz idisə, zəhmət olmasa, araşdırsınlar, bu torpaqları vətəndaşlara qanunsuz satanlara, bura işıq, qaz xətti çəkib sayğac quraşdıranlara, minlərlə evə ünvan verənlərə cinayət işi qaldırsınlar, biz də bilək ki, qanunsuz əməlin, cinayətin qurbanı olmuşuq”.
Bu yaxınlarda sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə təkrar müraciət ediblər. Demələrinə görə, onlara bildirilib ki, qurumun heç bir etirazı yoxdur, sakinlər özləri yaşadıqları ərazilərdə kanalizasiya sistemi qura bilərlər. Bu cavab sakinlərin narazılığına səbəb olub. Onlar bu işlərin dövlət tərəfindən görülməsini tələb edirlər.
Əmir Bağırov küçəsində ümumi yol təmir olunsa da, məhəlləiçi yollar bərbaddır. Sakinlərin bir şikayəti də bundandır. Demələrinə görə, yağışlı günlərdə yollar palçıqlı olduğundan piyadaların və avtomobillərin hərəkəti çətinləşir.
Ərazidəki su problemini is sakinlər özləri həll ediblər. Bir neçə il əvvəl məhəllələrdə pul toplayaraq su xətti çəkiblər.
Sabunçu Rayon İcra Hakimiyyətindənsə Meydan TV-yə bildirilib ki, Bakıətrafı qəsəbələrin su və kanalizasiya sisteminin qurulması işləri davam etdirilir. Bu işlər yaxın illərdə Əmir Bağırov küçəsində də görüləcək.