Telman Rəhmanovun evi

Mənbə: Meydan TV

Başlıq: Telman Rəhmanovun evi

Evini raket dağıtmış Gəncə sakini: Səsimi eşidən yoxdur

Vətəndaş icra başçısının qəbuluna düşə bilmədiyini deyir

Gəncə şəhər sakini Telman Rəhmanovun şikayəti var. Deyir, ötən ilin oktyabrında Gəncəyə atılan raket evini uçurub. Həmin gündən bu yana 5 nəfərlik ailəsi ilə birgə küçələrdə qalıb.

“Qanunla bizi ya yataqxana, ya da evlə təmin etməli idilər. Müraciət etdik, dedilər: “Yataqxanada yer qalmayıb, doludur”. O zaman kirayə mənzillə təmin edin, dedik. Onda da “bunun üçün Maliyyə Nazirliyi vəsait ayırmalıdır, ayırmayıb”, - cavabını verdilər”.

Telman Rəhmanov deyir ki, özünün kirayə mənzil tutmaq üçün imkanı yoxdur. Odur ki, evlərinin həyətində olan kiçik, 10 kvadratlıq daxmada yaşamalı olublar:

“Yaşlı anam bizimlə yaşayır. O, bizim kimi güclü deyil, xəstədir, problemləri var. Ona görə qohum evinə göndərmişik. Amma qonaq qalmaq da 1- 2 gün olar. Nə vaxtacan orada qalmalıdır? Hələ evin bərpası nə qədər çəkəcək, bilinmir. Qışı daxmada keçirdik, zülmlə. İndi də yay gəlib, inanın istidə 4 nəfərin 10 kvadratlıq yerdə qalması nə qədər çətindir, yəqin anlayarsız. Dərdimizi hara deyək, bilmirik, eşitmirlər”.

Şikayətçi deyir ki, maliyyə ayırması üçün Maliyyə Nazirliyinə də 3 dəfə məktub göndəriblər. Sonuncu məktub Nazirlər Kabinetinə yönləndirilib, oradan da Gəncə Şəhər İcra Hakimiyyətinə:

"Qışı daxmada keçirdik, zülmlə"

"Qışı daxmada keçirdik, zülmlə"

Mənbə: Meydan TV

“Məktubun bir nüsxəsini də mənə göndərmişdilər. Orada bildirilirdi ki, problemin həllini icra hakimiyyətinə tapşırıblar, biz ora müraciət edək. İnanın, oktyabrdan bu yana mən icra başçısının qəbuluna düşə bilməmişəm. Nə zənglərə, nə də müraciətlərimə cavab verirlər. Gedirəm, “qəbul günü deyil”, - deyib, yola salırlar. Bundan o tərəfi varmı? Hara müraciət etməliyik daha?”

Rəhmanovlar ailəsi Gəncənin Cavadxan qəsəbəsində yaşayırlar. Ötən ilin oktyabrında evləri dağılanda Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər:

““Qəzalıdır, hər an uçma, dağılma təhlükəsi var”, - dedilər. Bildirdilər ki, evdə bir gün də qalmaq olmaz. Biz də çıxdıq. Bir neçə gün qohumların evinə yerləşdik, müraciət etdik. Amma bizi qalmağa yerlə təmin etmədilər”.

Rəhmanovlar ailəsinin evlərinin bərpasına isə 20 gündür başlanıb. Telman Rəhmanov bildirir ki, işin gedişatından narazı deyil. Ustalar gec saatlara qədər işləyirlər ki, evi tez bitirib versinlər. Ancaq yenə də “2-3 aya bitməz” deyir:

“Hətta evləri dağılan ailələrə birdəfəlik yardımlar verildi, bizə onu da vermədilər ki, barı onunla gedib ev tutaq. Oktyabrdan bu yana zülmdəyik”.

"Bildirdilər ki, evdə bir gün də qalmaq olmaz"

"Bildirdilər ki, evdə bir gün də qalmaq olmaz"

Mənbə: Meydan TV

Meydan TV-yə danışan Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Rzayeva deyir ki, ola bilməz kimsə diqqətdən kənar qalsın:

“Əgər belə bir yanlışlıq olubsa da, tezliklə düzəldiləcək. Zərərçəkmişlərin çoxu yataqxanalarda yerləşdirilib. Düzdür, yer olmaya bilər, amma belə hallarda kirayə haqqı ödənir. Ola bilməz ki, adı siyahıda olsun, qeydiyyata düşsün, amma qalacaq yerlə təmin olunmasın. İndi mən tapşıracağam, vətəndaşla aidiyyatı üzrə məşğul olsunlar, maraqlansınlar”.

Gülnar Rzayeva şikayətçinin ad və soyadını, əlaqə nömrəsini götürüb.

Azərbaycanda Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupları yaradılıb. Ötən il noyabrın 12-də Baş nazir bununla bağlı sərəncam imzalayıb.

Söhbət sentyabrın 27-dən başlayaraq mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamından gedir.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Üstəlik, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Ümumilikdə bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi bildirilir.

"Gedirəm, “qəbul günü deyil”, - deyib, yola salırlar"

"Gedirəm, “qəbul günü deyil”, - deyib, yola salırlar"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yhtn1k

Ən çox baxılan