İdarədə ondan hansı mövzuda izahat alındığı açıqlanmayıb
Nardaran olaylarının – 26 noyabr 2015-ci ildə Nardaranda ikisi polis olmaqla, 6 nəfərin ölümü, ilahiyyatçı Taleh Bağırzadə və digərlərinin həbsilə nəticələnən əməliyyatın dörd ili tamam oldu. Bu hadisələrdə ölənlərin xatirəsini anmaq üçün “Müsəlman Birliyi” Hərəkatının üzvləri ehsan süfrəsi təşkil etmişdilər. Anım mərasimi Maştağada – təşkilatın üzvlərindən Rövşən Əliyevin evində keçirilmişdi.
R.Əliyev dekabrın 16-da günorta saatlarında telefon vasitəsilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel kimi tanınır-red) çağrılıb. Təşkilatdan Meydan TV-yə bildirilib ki, idarəyə gedən R.Əliyev bir neçə saat ərzində orada izahatı alınandan sonra sərbəst buraxılıb.
İdarədə ondan hansı mövzuda izahat alındığı isə açıqlanmayıb.
“Müsəlman Birliyi” Hərəkatından verilən məlumata görə, 26 noyabr hadisələri vaxtı ölənlərin anım mərasimində onların ruhuna “Quran” oxunub, ehsan vermək məqsədilə toplaşmaq qərarı verilmişdi. Buna baxmayaraq, mərasimə polislər müdaxilə edərək, dərhal dayandırılmasını tələb etmuşdi. Hərəkat üzvləri insidentin yaşanmaması üçün məclisi saxlayıb, oranı tərk etmişdilər. Polislər “Müsəlman Birliyi” Hərəkatının sədr müavini (sədr Taleh Bağırzadə həbsdə olduğuna görə hazırda sədr əvəzi sayılır) Elçin Qasımov və ev sahibindən ertəsi gün Sabunçu Rayon Polis İdarəsinə gəlməyi tələb etmişdilər. Noyabrın 27-də hər idarəyə gedib, izahatları alınmışdı.
Bu hadisədən bir həftə əvvəl – noyabrın 19-da da E.Qasımov DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılmış və Nardaran hadisələrinin 4-cü ildönümü ilə əlaqədar ehsan süfrəsi vermək planına görə ona xəbərdarlıq edilmişdi. İdarədə ona deyilmişdi ki, əgər keçirməyi planlaşdırdıqları ehsan süfrəsini təxirə salmasalar, polis sərt şəkildə müdaxilə edəcək. Tövsiyə olunmuşdu ki, “Müsəlman Birliyi” Hərəkatı ehsan süfrəsi keçirmək istəyirsə, bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət edib, ərizə almalıdır.