Əvəz Zeynallının həbs müddəti 2 ay azaldılıb

Əvəz Zeynallı. Foto: Meydan TV

Elnur Şükürovun da hökmündə dəyişiklik edilib

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının 9 illik həbs cəzası 2 ay azaldılıb.

Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və bu barədə qərar çıxarılıb.

Əvəz Zeynallı ilə birlikdə mühakimə edilən “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun da hökmündə dəyişiklik edilib.

Onun 4 illik cəzası isə 1 il azaldılaraq 3 ilə endirilib.

Hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində çıxış edən vəkillər Əvəz Zeynallıya qarşı ittihamların əsassız olduğunu bildiriblər.

Müdafiəçilər bildirib ki, Əvəz Zeynallı haqqında çıxarılmış ittiham hökmü mötəbər sübutlara əsaslanmır. Lakin Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

O, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Müdafiə tərəfi Əvəz Zeynallı haqqında apelyasiya məhkəməsinin qərarının ləğvini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.

Elnur Şükürovun vəkili də onun təqsirsiz olduğunu bildirib.

Deyib ki, onun həbsinin əsas səbəbi Əvəz Zeynallının əleyhinə ifadə verməməsi olub.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan, Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir.

O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.

Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.

Ana səhifəSiyasətƏvəz Zeynallının həbs müddəti 2 ay azaldılıb