Evdə müalicə: Tibb bacıları iynə vurmağa gəlmir, dərman almağa imkan yoxdur

Səhiyyə Nazirliyi isə ötən həftə virusa yoluxmanın artması səbəbindən poliklinikaların güclənmiş iş rejimində çalışması üçün tapşırıq verib.

Source: google.az


Səhiyyə Nazirliyi və TƏBİB məsuliyyəti bir-birinə yükləyir

43 yaşlı Yasamal rayon sakini koronavirusa yoluxub. Qızı Aydan Hüseynova Meydan TV-yə deyib ki, hərarəti yüksək olsa da, atasını xəstəxanaya yerləşdirə bilməyiblər.

Onun sözlərinə görə, noyabrın 22-də atasının hərarəti 39-dək yüksəlib. Ərazi üzrə poliklinikaya müraciət ediblər, yaxma götürülüb və atasının COVID-19 infeksiyasına yoluxması faktı təsdiqlənib:

“Təcili tibbi yardım çağırdıq. Həkim yanımızda TƏBİB-in dispetçeri ilə əlaqə saxladı, xəstəxanalarda yer tapılmadı. İndi xəstəxanada yer tapmaq üçün yuxarıdan tapşırıq lazım imiş. Dedilər ki, boğulması yoxdur, evdə müalicə ala bilər. TƏBİB-in qaynar xətt xidmətinə zəng vurmaq olmur, daim məşğul göstərir”.

A.Hüseynova söyləyib ki, atası satıcı işləyib. Son bir neçə ayda işsiz qalıb:

“Evdə yalnız mən işləyirəm, 450 manat maaş alıram. Sahə həkimi yalnız vitaminlər gətirib. Amma əlavə nə qədər dərmanlar təyin edib. Məsələn, “Seftriakson”, “Azithromycin” antibiotikləri 1 həftə ərzində 6 saatdan bir içilməlidir. Bundan əlavə, qandurulducu həb, iki fərqli sistem yazılıb, hər sistemin içərisinə müxtəlif dərmanlar qatılır. “Arbidol” 200-lük həb təyin olunub, həkim yalnız qırmızı rəngli qutularda olanı almağı tövsiyə edib. Dərmanların ümumi qiyməti 250 manatı ötüb. İndi də tibb bacısı tapa bilmirəm ki, münasib qiymətə iynələri vursun. Xəstəxana da götürmür ki, müalicəsini orada davam etdirsin”.

Başqa bir şikayətçi isə müalicəsinin 750 manata yaxın vəsait tutduğunu iddia edib. Deyir ki, iynəni vurdurmaq, sistemi köçürmək üçün tibb bacısı tapa bilmir: “Poliklinikadan həkim, tibb bacısı gəlmir, onlara icazə verilmirlər. Koronaviruslu xəstə olduğunu eşidən tibb bacıları da yaxın durmurlar. Bir tibb bacısı ilə danışdım, bir sistemi 25 manata köçürür. Evdə müalicədən danışanlar bunu da nəzərə alsınlar. Kimin pulu, adamı var, xəstəxanada yer tapır. Evdə müalicə üçün pulu, xəstəxanaya yerləşdirmək üçün TƏBİB-ə sözükeçən adamı olmayan necə neyləməlidir?”

Azərbaycanda indiyədək 95 281 nəfər COVİD -19 infeksiyasına yoluxub, 1160 nəfər ölüb, 64 475 nəfər sağalıb. Qeyri-rəsmi məlumatlarda yoluxma və ölüm sayının iki dəfə çox olduğu bildirilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova noyabrın 24-də Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda 30 787 nəfər evdə müalicə alır. “2 691 nəfərə yeni diaqnoz qoyulub”. O qeyd edib ki, Bakıda 41 COVID-19 məntəqəsi var.

Səhiyyə Nazirliyi isə ötən həftə virusa yoluxmanın artması səbəbindən poliklinikaların güclənmiş iş rejimində çalışması üçün tapşırıq verib. Poliklinikalar həftənin şənbə və bazar günlərində də fəaliyyət göstərir. Evdə müalicə olunanlara isə yalnız vitaminlər verilir.

“Həkim və tibb bacısı evlərə gedib sistem köçürmür. Çünki onların da yoluxma təhlükəsi var. Bu işdə əsas güc təcili yardım həkimlərinin üzərinə düşür. Onlar onsuz da çatdırmırlar, bir də iynə vurmaq üçün gedə bilməzlər. Xəstəxanalarda yer ayırmaq isə TƏBİB-in səlahiyyətindədir. Poliklinika həkimləri yaxma götürüb, dərman təyin edir, müalicənin gedişatına nəzarət edirlər. Nazirlik evdə iynə vurmaq üçün tibb bacıları təyin etmirlər, bu, mümkün də deyil”,-bunu nazirliyin adının açıqlanmasını istəməyən əməkdaşı deyib.

TƏBİB-dən isə bildiriblər ki, evdə müalicəyə onlar nəzarət etmirlər. Xəstəxanalara isə yalnız ağır vəziyyətdə olan, eləcə də yanaşı xəstəliklərdən əziyyət çəkənlər yerləşdirilirlər.

Kliniki Tibbi Mərkəzin (“Semaşko) həkimlərindən biri isə bildirib ki, xalası oğlunu özü işlədiyi xəstəxanaya yerləşdirmək üçün 2 gün əziyyət çəkib: “Çoxu məhz dərman almağa imkanı olmadığı və iynə vurmaq üçün tibb bacısı tapmadığı üçün xəstəxanada müalicə olunmasını istəyir. Heç kimi qınamaq olmur. Bunu TƏBİB və Səhiyyə Nazirliyi tənzimləməlidir”.

Ana səhifəSosialEvdə müalicə: Tibb bacıları iynə vurmağa gəlmir, dərman almağa imkan yoxdur