Evakuasiya xidmətinin əməkdaşı sürücünü döyüb

Maşınının aparılmasına etiraz edən şəxs polis bölməsinə aparılıb

Source:


Maşınının aparılmasına etiraz edən şəxs polis bölməsinə aparılıb

“8-ci kilometr bazarı”nın yaxınlığındakı “Diqlas” alış-veriş mərkəzinin önündə  evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbəyaxa dava-dalaşla müşayiət olunan insident baş verib.

“Yeni Müsavat”ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbəyaxa dava düşüb.

Evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım briqadası çağırılıb.

Daha sonra ətrafa çoxlu adam yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.

Jurnalistin məlumatına görə, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb. Döyülən şəxs “Nissan-Sanni” markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, heç də onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.

Sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.

Ana səhifəXəbərlərEvakuasiya xidmətinin əməkdaşı sürücünü döyüb