Əvəz Zeynallı üçün Prezidentə müraciət olundu

Əvəz Zeynallı. Foto: Meydan TV

Müraciətdə onun azadlığa buraxılması istənilib

Həbsdə olan “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Bir sıra ictimaiyyət və media nümayəndələri, hüquq müdafiəçilərinin imzaladığı müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı ciddi sağlamlıq problemləri ilə üzləşib.

Bir gözündən əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər.

Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub.

“Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Zeynallıya metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə) diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması mümkün deyil”, – müraciətdə deyilir.

Əvəz Zeynallının barəsində verilmiş hökmün dəyişdirilməsi və azadlığa buraxılması istənilib.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hilal Məmmədov, jurnalist Mehman Əliyev və bir sıra media nümayəndələri, hüquq müdafiəçiləri və siyasətçilər imzalayıblar.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunur. Lakin jurnalist özünü təqsirli bilmir.

2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və həbs müddəti 2 ay azaldılıb.

2025-ci il aprelin 14-də Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Facebook” profilində Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduğunu yazıb.

Ana səhifəSiyasətƏvəz Zeynallı üçün Prezidentə müraciət olundu