“Eurovision-2022”də skandal: “Güman ki, siyasi motivlidir”

“Eurovision 2022”. Foto: rarrarorro/shutterstock

“Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya verib”

“Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytı yarışmanın yarımfinalları və finalının səsvermə nəticələrini yayımlayıb.

Müsabiqənin finalında yaşanan anlaşılmazlığa – Azərbaycanın Böyük Britaniyaya deyil, Ukraynaya səs verdiyini təsdiqlənib.

Mayın 14-də canlı yayımda peşəkar münsiflər heyətinin səsləri açıqlanan zaman növbə Azərbaycana çatanda texniki problemlərə görə nəticələri teleaparıcı Nərmin Salmanova deyil, Avropa Yayım Birliyinin nümayəndəsinin açıqlayacağı bildirilib.

Deyilib ki, texniki problemlərə görə Azərbaycan canlı yayıma qoşula bilmir.

Nümayəndə Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyini elan edib.

Yarışmanın şərtlərinə əsasən, final mərhələsində ayrı-ayrı ölkələrin münsiflər heyətinin səsləri, daha sonra isə bütün ölkələrdəki izləyici səslərinin nəticələri əsasında qalib müəyyən olunur.

Azərbaycandan olan peşəkar münsiflər heyətinə Azərbaycanın Xalq artisti Faiq Ağayev (münsiflər heyətinin sədri), Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Bəhruz Vaqifoğlu, bəstəkar Ülviyyə Bəbirli və modelyer Gülnarə Xəlilova daxildir.

Gürcüstan və Rumıniya da anoloji halla qarşılaşıb

Anoloji hadisə Azərbaycanla yanaşı, Gürcüstan, Rumıniya ilə bağlı da baş verib.

Gürcüstan da səsvermə zamanı canlı yayıma qoşula bilməyib. Müsabiqə təşkilatçıları bunu texniki nasazlıqla əlaqələndiriblər.

Avropa Yayım Birliyinin nümayəndəsi Gürcüstanın da 12 xalı Böyük Britaniyaya verdiyini elan edib. Ukraynaya isə 6 xal verilib.

Gürcüstanın İctimai Birliyi “Eurovision 2022” müsabiqəsi ilə bağlı bəyanatında bildirilir ki, ölkənin milli münsiflər heyəti Ukraynaya ən yüksək balı – birinci yeri verib. Bu, 12 xal deməkdir:
“Bunu “Eurovision” mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydasında təsdiq edilmiş sənəd sübut edir. Bu məsələ ilə bağlı İctimai Yayım müsabiqənin təşkilatçıları ilə təfərrüatları dəqiqləşdirir”.

“Eurovision”. Mənbə: Review News/shutterstock

Rumıniya nümayəndə heyətinin rəhbəri Yuliana Marçuk isə bildirib ki, “Eurovision 2022” beynəlxalq müsabiqəsinin təşkilatçıları münsiflər heyətinin qiymətləndirmələrini Ukraynanın xeyrinə dəyişiblər.

Onun sözlərinə görə, ilkin olaraq Moldovadan olan ifaçılara 12 xal verilib, lakin nəticələrin açıqlanması zamanı məlum olub ki, müsabiqənin təşkilatçıları səslərin manipulyasiyası əsasında nəticələri ləğv edib və ən yüksək qiyməti ukraynalılara veriblər.

6 ölkənin münasiflər heyətindən çıxarıldığı bildirilir

Mayın 15-də Avropa Yayım Birliyinin yarışmada səsvermə zamanı 6 ölkənin münsiflər heyətinin müsabiqədən çıxardığı bildirilmişdi.

Adları açıqlanmayan ölkələr manipulyasiyada və qaydaları pozmaqda ittiham edilirdi. Həmin ölkələrin Azərbaycan, Gürcüstan, Çernoqoriya, Polşa, Rumıniya, San Marinoun münsiflər heyəti olduğu deyilirdi.

Azərbaycanın “Eurovision”dakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov həmin ölkələrin səsvermə hüququndan məhrum edilməsi məsələsindən danışıb.

Bildirib ki, əgər Azərbaycan və digər beş ölkə qanun pozuntusuna yol verdiyi halda niyə yarışmadan kənarlaşdırılmayıb: “Biz onlardan əsaslı və inandırıcı cavab ala bilmədik. Hələ də AYB tərəfindən bu sualların cavablandırılacağını, irəli sürdükləri iddiaları sübut edəcəklərini və Azərbaycanın münsiflər heyətinin adından saxta xalların verilməsi üçün hüquqi əsasların təqdim olunacağını gözləyirik”.

İTV: “Heç bir texniki problem olmayıb”

İTV-nin açıqlamasında isə bildirilir ki, canlı yayım zamanı heç bir texniki problem olmayıb.

“Eurovision” təşkilatçıları İTV-dən başqa nəticə açıqlanmasını tələb ediblər: “Biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər”.

Mənbə: İTV

Televiziyanın açıqlamasında deyilir ki, müsabiqə təşkilatçılarının istəyi İTV tərəfindən rədd edilib: “Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə mayın 12-də keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi”.

İTV-nin bəyanatında qeyd olunur ki, yarışma təşkilatçıları baş verənlərlə bağlı Azərbaycan nümayəndəliyinə heç bir rəsmi açıqlama verməyib: “Bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb. Yayım zamanı İTV-nin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb. Bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib”.

Açıqlamada bildirilir ki, canlı yayım zamanı heç bir texniki problem olmayıb: “Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək”.

Osman Gündüz: “Baş verənlər məqsədyönlüdür”

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, baş verənlər məqsədyönlüdür.

Hesab edir ki, Azərbaycan hökuməti canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğu göndərməli, məsələni dərindən araşdırmalıdır:

“Bu müsabiqə kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi yarışdan kənarlaşdırıb”.

Osman Gündüz
Osman Gündüzün şəxsi arxivi

Mayın 15-nə keçən gecə “Eurovision 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib.

Tamaşaçıların səsverməsinin nəticələrinə görə, “Stefaniya” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu qalib olub.

Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson qrupu qələbə münasibətilə təbrik ediblər.

Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli ümumilikdə 103 xal toplayaraq, 16-cı yerdə qərarlaşıb.

Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti 2007-ci ildən Avropa Yayım İttifaqının üzvüdür.

Azərbaycan 2008-ci ildən “Eurovision” mahnı müsabiqəsində iştirak edir.

Ana səhifəMədəniyyət“Eurovision-2022”də skandal: “Güman ki, siyasi motivlidir”