Ət bahalaşa bilər

Bunan səbəb ölkədə havaların quraq keçməsi səbəbi ilə maldarlıqda yemin bahalaşmasıdır. Aran rayonlarında fermerlər heyvanları bəsləmək üçün ot çatışmazlığından əziyyət çəkirlər.

Source:


Bunan səbəb ölkədə havaların quraq keçməsi səbəbi ilə maldarlıqda yemin bahalaşmasıdır. Aran rayonlarında fermerlər heyvanları bəsləmək üçün ot çatışmazlığından əziyyət çəkirlər.

Cari ildə havaların həddən artıq quraq keçməsi Aran rayonlarının otlaq sahələrində otun azalmasına və bahalaşmasına səbəb olub. Bu isə kənd sakinlərinin, eləcə də fermerlərin heyvandarlıq təssərrüfatına mənfi təsir göstərir.

Fermer Elxan Vahidov deyir ki, heyvanlar ac qaldıqlarından xəstəliklərə tez yoluxurlar:

“Üstəlik, çəki də artıra bilmirik. Başqa sahibkardan isə ot, arpa alıb heyvan saxlamaq sərfəli deyil. Çox ziyanla başa gəlir. Üç manata sahədən yonca presi alıb heyvan kökəltmək qeyri mümkündür. Bu ilin də quraqlıq keçməsi ilə əlaqədar ümümiyyətlə bitki bitməyib. Vəziyyət göz qabağındadır.”

Kürdəmirin Qarasaqqal kənd sakini olan Elxan Vahidov 10 ilə yaxındır ki, heyvandarlıq təsərrüfatı ilə məşğul olur. Iki ildir ki, ot çatışmazlığına görə təsərrüfatını azaltmağa məcbur olub. İribuynuzlu və xırdabuynulzu heyvanları qidalandırmaq üçün həyətində sənayə üsüllü təsərrüfat sistemini qurub. Deyir, onları yaşıl yemlə deyil, od bahasına aldığı quru ot və digər yem məhsullarını qurduğu texniki qurğular vasitəsi ilə üyüdərək qidalandırır. Çünki çöllərdə, sahələrdə ot ərşə çəkilib.

Rayon sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq olduğundan kənddə olan 62 min hektarlıq ərazilər 15 il bundan əvvəl dövlət göstərişi ilə örüş məqsədilə ayrılıb və burada əkinə icazə yoxdur. Lakin illərdir torpaqlara düzgün aqrotexniki qulluğun edilməməsi, əkilməməsi, vaxtlı-vaxtında və düzgün suvarılmaması, dincə qoyulmaması, eləcə də havaların quraq keçməsi örüş sahələrinin şoranlaşmasına və bitki örtüyünün məhv olmasına gətirib çıxardıb. Bu səbəbdən əksər kənd sakinləri otun azlmasından narahatlıq keçirir

“Əvvəllər əkinə yararlı bir hektardan 100-150 ot bağlaması çıxırdısa, indi 40-50 bağ güclə almaq mümkündü. Otu əsasən bəzi otlaq sahəsi olan fermerlərdən və qonşu rayonlardan almalı oluruq ki, o da qış azuqəsi üçün nəzərdə tutulur. Gündəlik isə heyvanlar quru örüş sahələrində otladırıq, bundan doymayan heyvanlar qış azuqəsini də indidən yeyir” – deyə, fermer Elxan Vahidov bildirir.

Əsasən Zərdab və Biləsəvurdan alınan otun qiyməti isə növündən asılı olaraq dəyişir. Artım isə küləşdə 70-80 qəpik, təbii otda 1 manat, yonca otunda isə 1 -1, 50 qəpik təşkil edir. Fermer Əjdər Əliyev isə deyir ki, yol xərci və texnika isə bu məsrəfi ikiqat artırır:

“Otun qiyməti bahadır, qiymətlər hər il qışa dönəndə lap bahalaşır. Bu saat ot biçimidir, amma yonca 3 manatadır. Saman 2 manata qədər qalxıb. Arpa hələ ki, qalxmayıb. İntəhası əkməsək, almaqla da mümkün deyil. Əkəsən ki, özündə olsun, hamısını pulla almaq olmur. Hardasa 2-3 minə yaxın bəlim (ot presi-red.) alırıq. Taxil sahələrinin də 20 min hektara qədər azalması otun bahalaşmasına səbəb olub”.

Rayon sakinləri və fermerlər isə çıxış yolunu həmin otlaq sahələrinin örüş məqsədilə deyil, müxtəlif yem məhsullarının əkin sahəsi kimi istifadə edilməsində görürülər. Üstəlik ayrı-ayrı otlaq təsərrüfatlarının birləşdirilməsini də çıxış yolu hesab edirlər. Çünki pərakəndə şəklində kənd sakinlərinə paylanılan örüş sahələrinə qulluq və nəzarət etmək çətin olur. Fermer Elxan Vahidov deyir ki, bunun üçün güzəştli maliyyə kreditinin və əkinə icazənin verilməsi vacibdir:

“Yaxşı olardı ki, yerli icra orqanları örüş üçün yararlı, sualtı torpaqları biz sahibkarlara əkməyə icazə versinlər. Təklifimizi qəbul edib desələr ki, gedin torpaqlarda yonca, qarğıdalı, çuğundur, arpa bitkilərini əkin, çox yaxşı olardı. Yoxsa bizə deyirlər ki, ancaq örüş məqsədi üçün istifadə edə bilərsiz. Bu torpaqda heyvan yeyəcək bir bitki yoxdur”.

Kürdəmir rayon Icra Hakimiyyətindən isə bildirildi ki, bu, bütün Aran rayonlarında mövcud problemdir və quraq hava şəraiti, eyni zamanda suvarmanın azlığı ilə əlaqədardır. Kürdəmirdə ümümi 16 min hektar otlaq sahələri var ki, onlardan 13 minini yonca sahələri təşkil edir. Qarasaqqal kəndindəki 62 min hektarlıq qış otlaq sahələrinin əkinə verilməsinə gəlincə isə, İcra Hakimiyyətindən bildirildi ki, prezidentin 2012-ci il sərəncamına uyğun olaraq bu ərazilər maldarlığın inkişafı məqsədilə yalnız örüşə ayrılıb. Mövcud problemi aradan qaldırmaq üçün suvarma sistemləri bərba olunmalıdır. Bu isə ən tez gələn ildən reallaşa bilər.

Ekspertlər isə hesab edir ki, maldarlıqda yemin bahalaşması sonda özünü ətin qiymətində də biruzə verəcək.

Ana səhifəXəbərlərƏt bahalaşa bilər