Əsgər atası: “Azərişıq” əməkdaşları məndən 1450 manat pul istəyirlər

Yaqub Qasımov bu müddət ərzində məcbur qalıb, daş karxanasında işə düzəlib

Source: Specify Source


"Evdə bircə oğlum işləyirdi, o da könüllü orduya gedib"

Yaqub Qasımov Binə qəsəbəsindəki Hövsan südçülük sovxozunda yaşayır. Böyük oğlu, ailənin əsas işləyəni və pul qazananı sentyabrın sonundan könüllü olaraq ordu sıralarına qatılıb. Hələ də ordudan tərxis olunmayıb.

İkinci oğlu 10 günə həqiqi hərbi xidmətə yollanacaq. Digər övladının isə işləmə qabiliyyəti yoxdur.

5 nəfərlik ailəsinin evinin işığı da yoxdur. Yaqub Qasımov deyir ki, dəfələrlə müraciət edib, hər dəfəsində də “pulunu ödə, işığı çəkək”, – cavabı alıb.

“Küçəyə çəkilməli olan işığın smetasını mənim hesabıma vururlar. Deyirlər, “sən çəkməlisən”. Dövlətin görməli olduğu işi, mənə gördürmək istəyirlər. Buna görə isə məndən nə az, nə çox – düz 1450 manat pul istəyirlər. Əlavə olaraq da dövlət rüsumu 170 manat ödəməliyəm”.

Qasımovlar ailəsinin bu qədər vəsaiti ödəməyə imkanları çatmır.

Ata deyir ki, hazırda hərbidə olan oğlu Hüseyn Qasımov “Zeytun Farm” şirkətində çalışırmış. Müharibə başlayanda işini-gücünü atıb gedib.

Oğlunun hərbiyə yollanması ilə ailə əsas gəlirindən olub. Yaqub Qasımov bu müddət ərzində məcbur qalıb, daş karxanasında işə düzəlib: “Oğlumun nə zaman gələcəyi bəlli deyil. Ailəmin nə zaman normal vəziyyətə dönəcəyini də bilmirəm. Artıq hər gün generatora 5-6 manat ödəməyə də imkanım çatmır. Nəticədə günün çox hissəsini işıqsız qalırıq. Anlamadığım isə odur ki, sağım-solum, ətrafımdakı bütün evlərdə elektrik var. Bircə bizə çəkmirlər. Yəni daha doğrusu, pul istəyirlər. Bizim də onlara verməyə o qədər pulumuz yoxdur”.

Yaqub Qasımov deyir ki, fikri əsla oğlunun əsgərlikdə olmasını qabardıb kömək toplamaq və s. deyil. O, sadəcə haqqı olanı istəyir: “Demirlər dövlət rüsumu 170 manatdır? Biz həmin o 170 manatı ödəməyə hazırıq. Amma 1450 manat rüşvət vermək istəmirəm. Həm istəmirəm, həm də o qədər pulum yoxdur. Yəqin olsaydı da, verməzdim. Bütün orqanlara iradımı bildirmişəm. "Azərişıq"dan tutmuş, yerli icra hakimiyyətinə qədər. Hər yerə yazmışam, getmişəm, zəng etmişəm. “Ödəməlisən” deyirlər, vəssəlam”.

Meydan TV ailənin üzləşdiyi problemlə bağlı “Azərişıq” ASC-yə müraciət edib.

Onlar tez bir zamanda məsələni araşdırıb, ailəyə kömək edəcəklərinə söz veriblər.

Ana səhifəSosialƏsgər atası: “Azərişıq” əməkdaşları məndən 1450 manat pul istəyirlər