Ərzulla Buludlu: Polislər həkimlərlə çox kobud rəftar edirdilər

“Övladları yaşda uşaqlara nalayiq sözlər deyirdilər”.

Source: Specify Source


“Çevik Polis Alayının zabitlərinin avtobusda və xəstəxanadakı davranışılarını izah etmək çətindir”

Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) önündə döyülən Müsavat Partiyasının MSK-da səlahiyyətli nümayəndəsi Ərzulla Buludlu gecə narahat yatdığı üçün yenidən həkimə müraciət edəcək.

Bu barədə Ərzulla Buludlu Meydan TV-yə danışıb.

Ərzulla Buludlu fevralın 11-də mülki formada olan şəxslər tərəfindən MSK qarşısında keçirilən aksiyada döyüldüyünü söyləyib:

“MSK-nın qarşısındakı oturaq aksiya başlayan andan mən müsavatçı gənclərlə ordaydım. Soyuq olduğundan kənara çəkilib hərəkət edəndə mülki formada adamlar bir gənci tutdular, kənardan eyni formada olanlar üstümə gəldilər. Onlar mənim yaxamdan tutub avtobusa tərəf sürüyəndə hara apardığını soruşdum. Diziylə qabırğama və başıma vurdular, ardınca əşya kimi avtobusa atdılar, içəridən mənə dəyən zərbələrdən sonra huşumu itirdim. Onda ayıldım ki, avtobusda ayağımın üstündə oturmuşdular, bunun ağrısı məni ayıltdı, elə vəhşilik etdilər ki, təsəvvür edə bilmirəm. Qabırğamda və sinəmdəki ağrılar əziyyət verirdi, amma buna baxmayaraq bizi 1 saat yarım Sədərək və Bayıl da daxil olmaqla gəzdirdilər. Məqsəd vaxtı uzatmaq idi. Çevik Polis Alayının zabitlərinin avtobusda və xəstəxanadakı davranışılarını izah etmək çətindir. Övladları yaşda uşaqlara nalayiq sözlər deyirdilər”.

Ə.Buludlunun sözlərinə görə, ağrıları artdığından jurnalistlərin və gənclərin ciddi təkidindən sonra onu 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) travmatologiya şöbəsinə aparıblar. Ancaq orda da həkimlər polislərin təzyiqi altında onu rentgendən keçiriblər:

“Təsəvvür edin ki, həkim məni müayinə edir, cavabı Çevik Polis Alayının zabiti deyir. Polislər həkimlərlə çox kobud rəftar etdiklərindən ikincilər qorxduqlarını gizlətmirdilər. Həkim polisin yanında müayinənin tamamlanmadığını söylədi. Amma polis təzyiq edirdi ki, həkimlər işlərini tez bitirsinlər, sonda məni arxa qapıdan çıxartdılar, hətta mənə ayaqyoluna getməyə imkan vermədilər. Onlar məni idarəyə aparmaq istəyirdilər. Təsadüfən Suraxanı müsavatçıları öz maşınlarına mindirib evə gətirdilər, ağrıkəsici iynə vurandan sonra bir qədər sakitləşdim”.

Ərzulla Buludlu bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) travmatologiya şöbəsində onu müayinə etsələr də, hər hansı sənəd verməyiblər.

O, bu gün yenidən müayinə olunacağını söyləyib.

Fevralın 11-də bir qrup namizəd, seçkidə müşahidəçi və məşvərətçi olmuş insanlar Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib. Onlar fevralın 9-da keçirilən parlament seçkilərində bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlara etirazlarını bildiriblər. Polis aksiyaçılarla bərabər hadisəni işıqlandıran jurnalistləri də saxlayıb. Saxlanan insanlara zor tətbiq edilib. Saxlanılanlar arasında jurnalistlər də olub, Sevinc Vaqifqızı və Aynur Elgünəşin polis tərəfindən döyüldüyü bildirilib.

Ancaq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə aksiya dağıdılarkən xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Ötən gün seçki ilə bağlı danışan Prezident İlham Əliyev "əgər namizədlər seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar", – demişdi.

Prezident seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini də söyləmişdi.

Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Ana səhifəSiyasətƏrzulla Buludlu: Polislər həkimlərlə çox kobud rəftar edirdilər