Noyabrın 18-də Ermənistanda altı nazir istefa verib
Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan məhkəmə, hüquq və hüquq-mühafizə orqanlarının zəif fəaliyyətini tənqid etmişdi.
“OC Media” yazır ki, Nazirlər Kabinetinin istefası ilə bağlı şayiələr ilk dəfə bazar günü axşam saatlarında ortaya çıxıb.
Bazar ertəsi günorta saatlarına kimi altı məmurun istefa verdiyi təsdiqlənib: Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, daxili işlər naziri Vahe Qazaryan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, Ərazi İdarəetmə və İnfrastruktur üzrə nazir Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan.
İstefaların rəsmi təsdiqlənməsi fonunda Paşinyan “Facebook”dakı paylaşımında məsələyə münasibət bildirib. Deyib ki, o, bir neçə hökumət rəsmisindən istefa verməsini xahiş edib.
Paşinyan deyib: “Onlardan bunu tələb etmənin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır, mən bunu açıq şəkildə demişəm”.
Ötən cümə axşamı hökumətin iclasında Paşinyan Ermənistanın məhkəmə və hüquq-mühafizə orqanlarını hökumətin dəstəyinə və investisiyalarına baxmayaraq zəif fəaliyyətinə görə tənqid edib.
“Pensiya və sosial problemlər olsa da, biz məhkəmə, hüquq və hüquq-mühafizə sistemlərində çalışanların maaşlarını iki dəfə artırmışıq, yeni institutlar yaratmışıq, avadanlıq və nəqliyyat vasitələri almışıq, qanunları dəyişdirmişik, amma yenə də bəhanələri eşidirik”, – Paşinyan dedi.
O, cinayətlərin, o cümlədən odlu silahdan istifadə ilə bağlı artımı, korrupsiyaya qarşı səmərəsiz mübarizəni, məhkəmələrin uzanmasını və digər sistemli problemləri pisləyib.
“Səbrim tükənmək üzrədir”, – deyən Paşinyan bunun sona çatdığını vurğulayıb.
“Mənim daha verəcək heç nəyim yoxdur. Məndən nə istəsələr, onu verdim. Mən heç nəyə qarışmamışam, heç kimin işinə qarışmamışam”, – deyən Paşinyan əlavə edib ki, bu cür məsələlərlə bağlı əlavə məsləhətləşmələr aparmayacaq, əksinə, “qərarlar verəcək”.
Hakim partiya üzvləri istefaları “normal proses”, müxalifət isə Paşinyanın istefaya çağırışını “seçki strategiyası məntiqi” çərçivəsində onun imicini dəyişmək cəhdi kimi şərh edib.
“Hakimiyyət mahiyyət etibarı ilə illər ərzində yaranan bütün problemləri bir yerə yığmağa və onları yeni qiyafədə təqdim etməyə çalışır”, – deyə müxalifətçi deputat Tiqran Abramyan bildirib.
Abrahamyan əlavə edib ki, Paşinyanın 2018-ci ilin Məxməri İnqilabından sonra ilk dəfə saqqalını qırxması da bu “simvolik” prosesin bir hissəsidir:
“Burada heç nə təsadüfi deyil. Tamamilə mümkündür ki, imic nöqteyi-nəzərindən Paşinyana müəyyən məsləhətlər verilib və o, indi həyata keçirir”.
Bazar ertəsi kütləvi istefa bir neçə ay ərzində ikinci belə hadisə idi.
Oktyabrda Paşinyanın Ermənistanın elektrik enerjisi təchizatının keyfiyyətini tənqid etməsindən qısa müddət sonra üç məmur istefa verib və bu, Rusiyanın böyük elektrik paylayıcısının mümkün milliləşdirilməsi ilə bağlı spekulyasiyalara səbəb olub.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.