Ermənistanın hakim partiyası əsgərlərin qeyri-döyüş ölümləri ilə bağlı tənqid olunub

Ermənistan ordusu, Mənbə: Reuters

“Bütün ölümlərə, bədbəxt hadisələrə və sağlamlıq problemlərinə görə məsuliyyət dövlətin üzərinə düşür”

Ermənistanda hüquq müdafiəçisi Zaruhi Hovhannisyan əsgərlərin qeyri-döyüş şəraitində öldüklərinə görə hakimiyyətin məsuliyyətini azaltmağa çalışan Parlamentin Müdafiə Komissiyasının sədr müavini Armen Xaçatryanı tənqid edib.

“Dinc həyatımızda çoxlu intiharlarımız olur, çoxlu qəzalarımız olur. Bilmirəm, siz niyə bu barədə, bu intiharların səbəbləri haqqında danışmırsınız?”, – deyə Xaçatryan çərşənbə axşamı döyüşdən kənarda əsgərlərin ölümü ilə bağlı sualı cavablandırıb.

“OC Media”nın yazdığına görə, o təklif edib ki, əsgərliyə gedənlərin bir qisminin təhsilinin zəif olmasına görə hamı, o cümlədən məktəb, uşaq bağçası, Təhsil Nazirliyi və valideynlər məsuliyyət daşısın.

“Cəmiyyətdə mövcud olan problemlər orduda yığcam şəkildə ifadə olunur”, – deyən Xaçatryan orduda onların “böyük təhlükə mənbəyi” olan bir çox hallarla üzləşdiyini qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistanda hər gün yol qəzaları nəticəsində azı bir nəfər ölür.

Çərşənbə günü Hovhannisyan “Facebook” paylaşımında bu qiymətləndirmələrə cavab verib və onları “tamamilə qəbuledilməz” adlandırıb.

“Siz güc əldə etdiniz və sadə şeyləri bilmirsiniz. Ona görə də bütün sahələrdə böyük boşluqlar var”, – Hovhannisyan yazıb.

“Hərbidə, həbsxanada, məktəbdə, xüsusi qayğı obyektlərində və s.-də şəxs birbaşa dövlətin nəzarəti altındadır və bütün ölümlərə, bədbəxt hadisələrə və sağlamlıq problemlərinə görə məsuliyyət dövlətin üzərinə düşür”, – o əlavə edib.

Hovhannisyan həmçinin hakimiyyəti silahlı qüvvələrdə islahatlar aparmadıqlarına görə tənqid edib. O vurğulayıb ki, həll yolları mövcud olsa da, bu, yalnız qərar qəbul edənlərin “müəyyən biliyə malik olması və cinayətlərə haqq qazandırmağa deyil, problemlərin həlli yollarını tapmağa çalışması” şərtilə mümkündür.

Yol-nəqliyyat idarəsində çalışmış keçmiş polis zabiti Xaçatryan 2019-cu ildən hakim partiyadan deputatdır.

Oktyabrın 14-də hakim partiya Xaçatryanın ədliyyə naziri postuna namizədliyini irəli sürdüyünü açıqlayıb. Əvvəlki nazir kadr “siyasəti ilə bağlı ziddiyyətə görə” istefaya göndərilib.

Ermənistanın ədliyyə naziri müavini Köçəryanın qızı ilə fotoları yayıldıqdan sonra istefa verib.

Son bir həftə ərzində Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrində iki ölüm faktı ilə bağlı məlumat yayıb – biri qətl, digəri isə intihar kimi araşdırılıb.

Prokurorluğun məlumatına görə, silahlı qüvvələrdə qeyri-döyüş şəraitində ölənlərin sayı son illərdə artmaqda davam edib, 2018-ci ildə 36 olmuşdusa, 2023-cü ildə bu rəqəm 53-ə çatıb.

“Azadlıq” radiosunun məlumatına görə, bu il 28 qeyri-döyüş ölümü qeydə alınıb.

Ermənistanda 18 yaşdan 27 yaşa qədər kişi vətəndaşlar üçün iki il müddətinə məcburi hərbi xidmət var.

Yanvarda eyni gündə iki hərbçinin qeyri-döyüş şəraitində həlak olmasından sonra Baş nazir Nikol Paşinyan Müdafiə Nazirliyinə problemin həlli üçün tədbirlər görməyə göstəriş verib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanın hakim partiyası əsgərlərin qeyri-döyüş ölümləri ilə bağlı tənqid olunub