Ermənistandakı seçkilərə Azərbaycandan baxış

“Yəni Azərbaycan dövləti belə bir addım da atıb”.

Source: Specify Source


“Köçəryan radikal hissəyə daxildir”

Ermənistanda iyunun 20-nə təyin edilən növbədənkənar parlament seçkiləri Azərbaycan üçün həmişə olduğundan daha artıq əhəmiyyət daşıyır. Bundan əvvəlki illərdə Ermənistanda hakimiyyətə kimin gəlməyi danışıqlar prosesində rəsmi Yerevanın hansı mövqe tutacağı baxımından maraq kəsb edirdi. Hazırda isə Ermənistanda rəhbər olacaq şəxsdən Azərbaycana münasibətdə revanş və ya sülh müqaviləsinə əməl etmək siyasətinin aparılması asılıdır.


“Qarabağ klanı müharibədə məğlub olan Paşinyana qarşı”

Ermənistanda hakim partiyaya rəhbərlik edən Nikol Paşinyanın əsas rəqibi isə müxalif bloka liderlik edəcək, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olacaq. Köçəryan Azərbaycanda müharibə cinayətkarı, Qarabağ və ətraf rayonların işğalında, o cümlədən Xocalı faciəsinin törədilməsində əsas günahkarlardan sayılır. O, seçkilərdə iştirak edəcəyini artıq təsdiqləyib. Ermənistan üçün bu seçkilər yenidən Qarabağ klanının hakimiyyətə qayıtması və ya müharibədə məğlubiyyətə baxmayaraq, Ermənistan doğumlu Paşinyanın hakimiyyətinin bir daha legitimləşdirməsi məsələsidir.

44 günlük müharibə zamanı Azərbaycan prezidenti İlham Əliyevin ittiham obyekti Nikol Paşinyan idisə, müharibədən sonra, o, daha çox Köçəryan-Sarkisyan cütlüyünü hədəfə almağa başladı. Bu da erməni cəmiyyəti üçün vəziyyətin bu hala gəlməsində kimlərin günahkar sayılması ilə bağlı mesaj idi.

Azərbaycan prezidenti 2020-ci il dekabrın 17-də MDB dövlət başçılarının sammitində çıxış edərkən Ermənistanın məğlub edilmiş ordusunu Paşinyanın deyil, ondan əvvəl ölkəyə rəhbərlik edən Köçəryan və Sarkisyanın yaratdığını

deyib

:

“Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o, belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”.

Daha sonra 2021-ci il fevralın 26-da Bakıda xarici media orqanları üçün təşkil edilən mətbuat konfransında İlham Əliyev sözlərini bir daha təsdiq edərək deyib ki, iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib

çıxardı

.

“Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı işğal altında nə qədər çox saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər”.


“Həddən artıq ədalətsiz sülh daimi ola bilməz”

Aprelin 4-də Rusiyanın Birinci kanalında “Pozner” proqramının qonağı olan Robert Köçəryan təzadlı bəyanatları ilə yadda

qalıb

.

Bir tərəfdən Ermənistanın keçmiş prezidenti bildirib ki, ölkənin vəziyyəti elədir ki, heç bir sağlam zəkalı insan revanş haqqında düşünə bilməz. Digər tərəfdən də Köçəryan bəyan edib ki, həddən artıq ədalətsiz sülh daimi ola bilməz və buna görə də hər iki tərəfin maraqlarına uyğun gələn həll yolunu tapmaq lazımdır.

Bundan başqa, o hesab edir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərin qaytarılmasından ötrü danışıqlar aparmaq imkanı var. Status məsələsinə gəldikdə isə, Köçəryan vurğulayıb ki, bu, çox çətin məsələdir, amma burada da perspektivlər var.


“Köçəryan müharibə tərəfdarıdır”

Köçəryanın hakiyyətə gəlmək şansları ilə bağlı Meydan TV-nin suallarına cavab verən “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev deyib ki, onun qalib gəlmək ehtimalı çox olmasa da, parlamentə seçilməsi tam realdır.

“Çox güman ki, ona dəstək verən siyasi partiya Daşnaksütyun olacaq. Onlar da kifayət qədər güclüdürlər və maliyyə-mənəvi cəhətdən diasporanın əsas siyasi qüvvəsi hesab olunurlar. Köçəryan radikal hissəyə daxildir, o müharibə tərəfarıdır. İndi olmasa da, gələcəkdə müharibəyə başlamağın tərəfdarıdır”, – Şahin Hacıyev deyib.

Keçmiş prezidentin Poznerin verilişində dediklərini şərh edən Şahin Hacıyev qeyd edib ki, Ermənistanda elə indi də revanş haqqında düşünürlər. Amma vurğulayıb ki, düşünmək və buna cəhd etmək fərqli məsələlərdir.

Şahin Hacıyevin fikrincə, revanşistlər Azərbaycanın hansısa ciddi səhvə yol verməsini, geosiyasi durumun dəyişməsini və o zaman nəyəsə cəhd edə bilmə imkanını gözləyirlər. Onun fikrincə, ümumiyyətlə, Ermənistanın siyasi elitası bu mövqedədir:

“Baş nazir Nikol Paşinyan bu sıraya daxil deyil və o, müharibə tərəfdarı deyil. Paşinyanın siyasi xətti Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması, Qarabağ probleminin də hansısa formada həll olunmasından ibarətdir”.

Untitled design (3).png
Şahin Hacıyev

Şahin Hacıyev Rusiyanın namizədlər arasında onun siyasətini həyata keçirəni dəstəkləyəcəyini desə də, Azərbaycan üçün Nikol Paşinyanın hakimiyyətdə qalmasının sərfəli olduğunu hesab edir. Onun sözlərinə görə, Moskva Ermənistanda hakimiyyətə gələcək hər hansı siyasi qüvvəylə işləyəcək.

“Təbii ki, Rusiya birmənalı olaraq öz adamının hakimiyyətə gəlməsini istəyər, amma Paşinyan seçilsə və yenidən qərbmeylli siyasət yeritsə, cəzalandırılacaq”, – Şahin Hacıyev qeyd edib.

O hesab edir ki, Nikol Paşinyan hakimiyyətdə qalsa, sülh prosesinin güclənməsinə təminat artar:

“Paşinyanın hakimiyyətdə qalması nəticəsində gələcəkdə Qarabağ ermənilərinin normal Azərbaycan vətəndaşı olmaq şansları artır və tədricən radikallar ordan köçüb gedəcək. Bu gedişat radikalların “kozırlar”ının əldən çıxmasıyla nəticələnəcək və onlar da bundan qorxurlar. Onların istəyi budur ki, Qarabağda yalnız öz gücləriylə sosial-iqtisadi problemləri həll etsinlər. Bunu edə bilməsələr, əhali oranı özü tərk edəcək. Qalanlar Azərbaycan qanunları ilə yaşayacaq. Bu, Türkiyədə ermənilərin yaşayışı kimidir. Erməni siyasi elitasının əsas qorxduğu bu məqamdır”.


“Azərbaycan Ermənistanla münasibətdə ayrı-ayrı adamlara görə siyasət yürütməməlidir”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə Azərbaycanın Ermənistandakı seçkiöncəsi dönəmi diqqətlə müşahidə etməli olduğunu deyib. Onun fikrincə, bu dönəmdə Azərbaycan Ermənistanla bağlı siyasətini öz milli maraqları çərçivəsində aparmalı, ayrı-ayrı adamlara görə siyasət yürütməməlidir.

“Hesab etmirəm ki, Azərbaycan dövləti Ermənistandakı hadisələrə görə ya ehtiyatlı, ya da həddən artıq aqressiv mövqe nümayiş etdiməlidir. Maraqlarımız nəyi tələb edirsə, onu etməliyik”, – İsa Qəmbər deyib.

Bununla belə, o, istisna etmir ki, Azərbaycan Rusiya ilə birgə razılaşdırılmış addımlar ata bilər. İsa Qəmbər buna misal kimi “İskəndər” raketləri ilə bağlı məsələni xatırladıb.

Isa Gambar – Musavat (2).jpg
İsa Qəmbər

“İlham Əliyevin 26 fevralda keçirdiyi mətbuat konfransında “bizdə belə məlumat yoxdur” açıqlamasını yada salmaq olar. İndi isə Şuşa ərazisində raketin qalıqlarının tapılması, Azərbaycanın rəsmi strukturlarından biri olan ANAMA-nin qalıqların Ermənistanda olan “İskəndər” raketinin “E” variantı yox, Rusiyadan kənara ixrac olunmayan “M” modifikasiyasına aid olması barədə mesajı kifayət qədər ciddidir. Yəni Azərbaycan dövləti belə bir addım da atıb. Ona görə də müxtəlif ehtimallar ola bilər”, – İsa Qəmbər bildirib.

Ermənistan Konstitusiyasına görə, parlament seçkilərində qalib gəlmiş siyasi partiya və ya partiyalar bloku Baş nazirin namizədliyini irəli sürür. Ölkəyə rəhbərliyi Baş nazir həyata keçirir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2018-сi ildə Baş nazir seçilib. Elə həmin il aprelin 13-dən etibarən Nikol Paşinyanın rəhbərliyi ilə etiraz aksiyaları başlayıb və aprelin 23-də Serj Sarkisyan istefa verib. Nikol Paşinyan mayın 8-də, parlamentdə iki dəfə səsvermədən sonra Baş nazir postuna seçilib.

Ana səhifəSiyasətErmənistandakı seçkilərə Azərbaycandan baxış