Ülkər və Gülzar Mustafayeva bacıları 1988-ci ildə Ermənistanın Spitak rayonunda baş verən zəlzələdən sonra köçkün düşüblər. Sonralar iki bacı Şabranın Kilvar kəndində məskunlaşıb. Bu köç onların səhhətində izlər buraxıb.
“Bura gələndə bizə saat yarım vaxt verdilər. Dedilər, evdən də heç nə götürmürsüz. Saat yarıma kəndi tərk edirsiz, edin, etmirsinizsə axır dəqiqələrinizdir. Qarda gəlmişik. Soyuqdan öd, qaraciyər şişdi, buraxmadı bədənə şirəsini. Mədəyə zəhərini buraxdı. Ona görə də, bütün bədənimizə zəhər verdi. Ondan biz əməliyyat olunduq”.
Kilvarın nəfis mənzərəsində Mustafayevlərin yaşadığı ev diqqət çəkir. Onlar heç yerdə işləmir, əlillik pensiyası ilə dolanırlar. Köçkün düşərkən ağır xəstəliyə düçar olmaqları azmış kimi, burada da çarə tapa bilməyiblər. Gülzar Mustafayeva deyir, dövlət qurumları da onların şikayətlərinə məhəl qoymayıb.
“Əlilik. Ermənistandan gələndən bizə heç bir yardım olmayıb,heç bir kömək olmayıb. Mən pay torpağının yanında məskunlaşmışam. Qurbağa kimi çay qırağındayam. Bax, ağzımda bir dişim yoxdur. İmkanım olsa, ağzıma diş düzəltdirərəm. İmkanım olsa, mən bu şəraitsizlikdən, çətinlikdən çıxaram. Yağan yağış təpəmə tökülür. Kim bu şəraitdə yaşayar? Bütün paltar-palazım, hər bir şey açıqda. İcra Hakimiyyəti heç gəldi, yoxladı, xəbər aldımı ki, burada qaçqın varmı, kimsəsiz, əlildirmi, nədir burada yaşayan? Bu evdi, damdı, nədir bu, üstü belə çadırdı”.
Bacılar tez-tez keçmiş günləri xatırlayırlar. Mustafayevlər Ermənistanda şəraitlərinin yaxşı olduğunu, bolluqda yaşadıqlarını deyirlər. İndi isə həmin günləri uzaq keçmiş kimi xatırlayırlar.
“3 hektar yerimiz olub, 100 sot həyətyanı sahəmiz olub, 3 hektar da əkin sahəmiz olub. Bağımız, baxçamız olub. Bolluqda yaşamışıq. Atam həftədə bir erkək kəsirdi. Qəbula gələndə dekan dedi ki, siz harada böyümüsünüz, nə yemisiniz, siz beləsiz? Biz yeriyəndə yer gumbuldayırdı. 96 kq çəkimiz var idi. Hamımız kök idik, gümrah idik. Biz əməliyyat olandan sonra arıqladıq. İmkanımız olmadı, şəraitimiz olmadı, atam 49 yaşında rəhmətə getdi, anam da ondan 15 il sonra rəhmətə getdi”.
Ermənistandan azərbaycanlıların sonuncu deportasiyası 1988-1989-cu illərdə olub. 1988-ci ildə Ermənistandan 200 mindən çox azərbaycanlı deportasiya olunaraq Azərbayacana göndərilib.
Dekabrın 7-də Spitak zəlzələsi baş verib.