Ermənistanda fransız dilinin tədrisi üçün sərmayə qoyulur

Foto: Ermənistan Təhsil Nazirliyi

Hər iki ölkə arasında sazişlər imzalanıb

Ermənistan və Fransa Ermənistanın dövlət təhsil müəssisələrində fransız dilinin tədrisinin təşviqi və inkişafı, həmçinin əlavə fransız dili layihəsinin həyata keçirilməsinə yönəlmiş sazişlər imzalayıb.

Fransa layihəyə 600 000 avro (670 000 dollar) sərmayə qoyur.

“OC Media” yazır ki, bu vəsait erməni məktəblərinin yeni dərsliklər, tədris materialları və fransız dilinin tədrisi üçün yeni proqramlarla təmin olunmasına yönəldiləcək.

“Ermənistanda fransız dili təkcə elita və ya paytaxt üçün deyil”,– deyən səfir Olivier Decottigny əlavə edib ki, müqavilələr bütün ölkədə fransız dilini seçən institutları, müəllimləri və tələbələri dəstəkləmək məqsədi daşıyır.

İmzalanmış müqavilələr həmçinin fransız dili müəllimləri üçün pedaqoji hazırlığın, o cümlədən yeni metodologiyanın keçirilməsini nəzərdə tutur.

“Fasiləsiz, müntəzəm və sistemli” təlim 2025-ci ildə başlayacaq.

Bundan əlavə, 30-a yaxın fransız dili müəllimi üçün 225 saatlıq pilot təlim proqramı həyata keçiriləcək və onlar daha sonra öz müəllim yoldaşlarına təlim keçə biləcəklər.

Təhsil naziri Janna Andreasyanın sözlərinə görə, hazırda Ermənistanda fransız dilini dərindən öyrənmə proqramları olan 19 məktəb var. Andreasyan bildirib ki, imzalanmış sazişlər həyata keçirildikcə, bu rəqəmin artacağını proqnozlaşdırırlar.

Təhsil naziri qeyd edib ki, Ermənistan 2027-ci ildə 10-cu Frankofoniya Oyunlarına ev sahibliyi etmək niyyətindədir:

“Biz fransızdilli mühitin yaxşılaşdırılmasına, eləcə də bu geniş gündəliyin bir hissəsi kimi fransız dili biliklərinin genişləndirilməsinə və yayılmasına xüsusi diqqət yetiririk”.

Ermənistan 2008-ci ildən fransız dilinin və ümumbəşəri dəyərlərin qorunmasına, yayılmasına cavabdeh olan, eləcə də Frankofoniya Oyunlarına təşkilatçılıq edən La Frankofoniya beynəlxalq təşkilatının üzvüdür. 2018-ci ildə Ermənistan bu təşkilatın 17-ci Frankofoniya Sammitinə ev sahibliyi edib.

Andreasyan rəsmi bəyanatında vurğulayıb ki, planlaşdırılan proqram xalq təhsili sahəsində həyata keçirilən islahatlara, o cümlədən “məktəblərdə xarici dil biliklərinin təkmilləşdirilməsi vəzifəsinə” tam uyğun olacaq.

İyulda Ermənistan hökuməti dövlət məktəblərində icbari rus dili dərslərinin azaldılması barədə qərar qəbul edib. O zaman belə fikirlər səslənirdi ki, hökumət rus dilinin icbari öyrənilməsindən tamamilə imtina etmək niyyətindədir.

Bununla belə, 2021-ci ildə qəbul edilmiş ümumi təhsilin dövlət standartına əsasən, rus dili ikinci sinifdən on ikinci sinfə kimi bütün şagirdlər üçün icbari fənn olaraq qalır və üçüncü sinifdən şagirdlərə təhsil almaq üçün ən azı bir əlavə xarici dil seçməyə icazə verilir

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanda fransız dilinin tədrisi üçün sərmayə qoyulur