Ani Badalyan sazişi tez imzalamağa hazır olduqlarını deyir
Ermənistanın sülh müqaviləsi üzrə təkliflərdən ibarət cavab paketi hazırladığı bildirilir. Bu barədə iyulun 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mediaya deyib.
Onun sözlərinə görə, Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir:
“Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”.
Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
İyulun 20-də Azərbaycanın Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bildirmişdi ki, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb:
“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”. Amma İ.Əliyev iki məsələnin hələ açıq qaldığını əlavə etmişdi: “Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.
2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.
Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.
Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.