Ermənistan vətəndaşlarına Bakıda hökm oxundu: 18 və 19 il

Məhkəmə, Foto Meydan TV

Təqsirləndirilən şəxslər azad olunmalarını xahiş ediblər

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarından daha iki nəfərin –İşxan Aşoti Sarqsyan və Vladimir Otari Rafaelyanın mühakiməsi başa çatıb. Martın 5-də Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onlara hökm oxunub. Lakin hökmü Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri çıxarıb. Hökmə əsasən, İşxan Sarqsyan 19 il, Vladimir Rafaelyan isə 18 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini qanunsuz keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə təqsirli biliniblər. İddia olunur ki, adları çəkilən Ermənistan vətəndaşları Kəlbəcər istiqamətindən gizli keçərək, Azərbaycan ərazilərini minalayıblar. Saxlanılarkən də onların üzərindən minalar tapılıb.

Hökmdən əvvəl təqsirləndirilən şəxslər son sözlərini deyiblər, onların vəkilləri çıxış ediblər.

İşxan Sarqsyanın vəkili bildirib ki, terrorçuluq ittihamı əsassızdır. Vəkilin sözlərinə görə, Azərbaycanla Ermənistan sərhədlər demarkasiya olunmayıb (demarkasiya xətti müvəqqəti barışıq, sülh dövründə daimi sərhədlər müəyyənləşənə qədər ayırıcı zolaqdır). Təqsirləndirilən şəxslərin ifadələrinə istinad edən müdafiəçi bildirib ki, onlar Azərbaycan ərazisinə keçdiklərini bilməyiblər: “Minaları basdıran zaman əllərində “M” hərfli işarələr olub. Həmin nişanlarla işarə qoyacaqdılar. Deyirlər ki, saxlanılanda üstlərində həmin nişanlar da olub. Lakin protokollaşdırılmayıb. Səmimi ifadə veriblər, istintaqa kömək ediblər. Xahiş edirik, bütün bunlar nəzərə alınsın”.

Vladimir Rafaelyanın vəkili də terrorçuluq ittihamına xitam verilməsini, digər ittihamlarla isə ona yüngül cəza təyin edilməsini istəyib. Onun istintaqla əməkdaşlığını, himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmasını xahiş edib.

“Bizim kiminsə həyatına qəsd etmək məqsədimiz olmayıb. Tutulanda da müqavimət göstərməmişik. Biz əmr yerinə yetirmişik. Bizim başqa heç bir təqsirimiz yoxdur. Xahiş edirik, mümkündürsə, bizi azad edəsiniz”, – İşxan Sarqsyan bildirib.

Vladimir Rafaelyan da heç kimə ziyan vurmadıqlarını bildirib.

Lakin Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası onları verilmiş bütün ittihamlar üzrə təqsirli bilib.

Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazisini minalamaqda ittiham olunan iki nəfərdən – Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otari 2021-ci il mayın 26-dan 27-nə keçən gecə saat 03.00 radələrində saxlanıb.

İttihama əsasən, onlar Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçiblər. Onların Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələri və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirdiyi iddia olunur. Sənədlərdə göstərilib ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürülüb.

Lakin İşxan Sarqsyan və Vladimir Rafaelyan özlərini təqsirli bilmir. Hərbçi olduqlarını və əmri icra etdiklərini deyirlər.

Ermənistan tərəfi mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycanla sərhəddə – Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyünü bildirib.

Ana səhifəSiyasətErmənistan vətəndaşlarına Bakıda hökm oxundu: 18 və 19 il