Ermənistan vətəndaşlarının məhkəmə araşdırmaları başlayıb
Bakıda həbsdə olan iki Ermənistan vətəndaşı – İşxan Aşoti Sarqsyan və Rafaelyan Vladimir Otarinin işi üzrə məhkəmə araşdırmaları başlayıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, proses Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.
Yanvarın 10-da hakim Elmin Rüstəmovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, Sarqsyan İşxan Aşoti Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri olub. Digər təqsirləndirilən Rafaelyan Vladimir Otari mühəndis istehkamçı kimi hərbi xidmət keçib. Onlar 27 may 2021-ci ildə, gecə saat 3 radələrində Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində növbəti dəfə qanunsuz keçiblər. Onlar Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirib.
Təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürüldüyü iddia olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 214.2.3 (Terrorçuluq, silahdan istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktının elanından sonra hakim təqsirləndirilən şəxslərə məlumat verib ki, əgər ittiham təsdiqini tapsa, bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İttihama münasibət bildirən Ermənistan vətəndaşları özlərini təqsirli bilməyiblər. Bu səbəbdən qərar verilib ki, öncə şahidlər dindirilsin, onlardan sonra təqsirləndirilən şəxslər ifadə verəcək.
Şahid qismində Azərbaycan Ordusunun zabiti Nicat Abdulhüseynov ifadə verib. O bildirib ki, Kəlbəcər rayonun Ayrım yaşayış yeri ərazisindəki döyüş mövqeyində xidmətdə olanda bu hadisə baş verib: “Mayın 27-də gecə saatlarında bizə məlumat verdilər ki, düşmənin bizimlə üzbəüz mövqeyində fəallıq var. Biz bütün mövqelər üzrə gücləndik. Xəbər gəldi ki, sol cinahdan düşmənin 6-8 nəfər hərbi qulluqçusu bizim döyüş mövqeyimizə girir. Gecə görmə cihazları ilə onların faəliyyətini izlədik. 4 tank əleyhinə, 20 piyada əleyhinə mina basdırmaq istəyirdilər. Biz əməliyyat keçirib, onları tərk-silah etdik”.
Digər zabit Hüseyn Həsənov da şahid qismində dindirilərkən bənzər ifadə verib.
Təqsirləndirilən İşxan Sarqsyan ifadəsində deyib ki, xüsusi təyinatlı hərbi hissədə xidmət edirdi. Mayın 24-də komandanlıqdan onlara əmr gəlib, onu Sisyana göndəriblər.
“Ayın 25-də Qaragöl ətrafında yerləşən qrupumuza qoşulduq. Sonra Basarkeçər ərazisinə göndərildim. Əmr gəldi ki, oranın kəşfiyyatı aparılsın, yolu minalamaq lazımdır. O yolu minalayıb, bağlamaq fikrimiz vardı. Minaları basdırandan sonra tikanlı məftil çəkəcəkdik ki, oranın minalı olması hamıya məlum olsun.
Komandanlıqdan əmr almışdıq ki, kiminləsə qarşılaşsaq belə, konflikt yaratmayaq. İşimizi görüb bitirəndən sonra Azərbaycan əsgərləri gəldi”.
O əlavə edib ki, heç bir müqavimət göstərmədən azərbaycanlı hərbçilərə təslim olublar.
Onun ifadəsinə əsasən, əvvəllər Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması ilə bağlı döyüş tapşırıqları olub. Hətta 2020-ci ildə Tovuz döyüşləri zamanı tapşırıq gəlib ki, o ərazidə zəif müdafiə olunan yerlərin kəşfiyyatı aparılsın.
Digər təqsirləndirilən Rafaelyan Vladimir deyir ki, komandirin əmrilə xüsusi təyinatlara qoşulub. Rəhbəri də İşxan Sarqsyan olub:
“Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürüm. Əraziyə 3 tank minası və 20 piyada əleyhinə mina daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Minaları basdırmaq əmrini aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbçiləri bizə yaxınlaşdı. Təslim olduq”.
Hər iki təqsirləndirilən şəxs bildirib ki, terrorçuluq və digər ittihamlar əsassızdır. Onlar vurğulayıb ki, hərbçi kimi əmri icra ediblər, heç bir terrorçuluqdan söhbət gedə bilməz.
Məhkəmə prosesi yanvarın 24-də davam edəcək.