“Jamnews”un materialı
Rəsmi Yerevan “Ukrayna böhranı”na münasibətdə neytral mövqe tutub. Ermənistan hökuməti sadəcə “iki dost ölkə arasındakı mövcud problemlərin diplomatik dialoq vasitəsi ilə çözüləcəyinə ümid bəsləyir” və qaçqınları qəbul etməyə hazır olduğunu deyir.
Hakimiyyətdən fərqli olaraq, erməni cəmiyyəti Ukraynadakı müharibəyə son dərəcə emosional reaksiya verir və insanların fikri əməlli-başlı qütbləşib. Həm hərbi əməliyyatları başlayan Rusiyanın ünvanına, həm də Ukraynanın ünvanına kəskin rəylərə rast gəlmək olar. Çoxu 2020-ci il Qarabağ müharibəsi zamanı Ukraynanın Azərbaycanı total şəkildə dəstəklədiyini xatırladır.
Başqa ölkələrdən fərqli olaraq, Ermənistanda Ukraynadakı müharibə ilə bağlı kütləvi etiraz aksiyaları keçirilmir. Bununla belə, bir neçə etiraz aksiyası keçirilib və adamlar Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər.
Ermənistan hakimiyyətinin və erməni ictimaiyyətinin bir cür mövqe tutmasının səbəblərinin nə dərəcədə obyektiv olması, həmçinin Ukraynadakı müharibə ilə bağlı Ermənistan üçün hansı risklərin olması haqda – siyasi şərhçi Akop Badalyanın rəyi:
“Neytrallığın pozulması gözlənilməz nəticələrə gətirib çıxaracaq”
“Ermənistanın Ukraynaya münasibətdə neytral mövqe tutması ölkənin təhlükəsizliyi məsələləri və şəxsi maraqlarla bağlıdır. Ermənistanın qarşısında duran vəzifə nə siyasi, nə də hərbi planda kiminsə tərəfini tutmamaqdır.
Ermənistan maksimum neytral olmalıdır. Təhlükəsizlik planında indiki vəziyyətində bu onun üçün ən optimal mövqedir.
Əks halda nəticələr onun üçün çox gözlənilməz ola bilər.
Ermənistan Rusiyanın tərəfini tutduğu halda onun mütləq Qərblə problemləri meydana gələcək. Əksinə, Qərbin yanında dayanarsa, Moskva ilə problem yaşayacaq.
Zənnimcə, indiki vəziyyətdə Ermənistanın neytral mövqe tutması həm Rusiya, həm Ukrayna, həm də Qərb üçün anlaşılandır.
Lakin Ermənistan hər hansı bir tərəfin təzyiqi ilə Ukrayna məsələsinə münasibətdə mövqe tutmaq məcburiyyətində qalarsa, neytrallığını nə qədər saxlaya bilər? Bu suala hələ ki cavab vermək çətindir. Çox şey müharibədəki qüvvələrin tarazlığından tutmuş Qərb-Rusiya qarşılıqlı münasibətlərdə siyasi danışıqlar prosesindəki vəziyyətədək hadisələrin inkişafından asılıdır.
Odur ki, Ermənistan hər cür meydanoxumaya hazır olmalı və heç bir halda nə hər hansı bir bəyanat, nə də siyasi və ya hərbi-siyasi qərar planında kiminsə tərəfini tutmamalıdır”.
Cəmiyyətdə fikirlər haçalanıb
“Hakimiyyətdən fərqli olaraq, insanlar Ukrayna böhranına daha emosional reaksiya verir və bunun səbəbləri yetərincə anlaşılandır.
Ermənistanda hər hansı bir məsələ ilə bağlı vahid ictimai fikir yoxdur. O, həmişə çoxşaxəlidir və əsas etibarı ilə qütbləşib.
Ermənistan ictimaiyyəti üçün bu normadır.
Bu meyllənmənin hardan meydana gəlməsi başqa məslədir. Ümumilikdə postsovet məkanında hələ də sovet irsi, rusiyayönlü vektor mövcuddur. Elə Rusiyanın təsiri altında olmayan Ukraynada da rusiyayönlü mövqe var.
Rusiyanın özü postsovet ölkələrinin ictimaiyyətində özünə qarşı loyal münasibətin formalaşması üçün səylə çalışıb. Təsir uğrunda mübarizə burada həmişə gedib və bu mübarizədə Qərb müxtəlif üsul və texnologiyalarla Rusiya ilə rəqabət aparıb.
Ermənistan ictimaiyyəti isə müstəqilliyi boyu dövlətçilik sistemi ilə bağlı dərindən düşünə bilən elitası olmadığı üçün gah bir, gah da digər xarici qüvvələrin təsiri altına düşüb. Bu da cəmiyyətin qütbləşməsinə gətirib çıxarıb. Odur ki, bu gün o, Ukrayna böhranına münasibətdə qütbləşmiş fikir yürüdür. Biriləri rusiyayönlü mövqe tutur, digərləri Ukraynanın tərəfini saxlayır.
Erməni ictimaiyyətinin reaksiyasında emosional ruh əsas etibarı ilə Ukrayna və Rusiyanın Dağlıq Qarabağ məsələsinə mövqeyi ilə bağlıdır.
İnsanlar Ukraynanın Azərbaycan və Türkiyəni həm ölkə rəhbərliyi, həm də sıravi vətəndaşlar səviyyəsində qeyd-şərtsiz dəstəyini və ukraynalıların azərbaycanlılara Qarabağ müharibəsində zəfər çalmağı arzuladıqlarını xatırlayırlar. Rusiyanı isə son 20-25 ildə Ermənistana münasibətdə siyasətinə görə tənqid edilər.
Bir tərəfdən, bu normaldır, belə ki, ictimaiyyət tamamilə müstəqil fikrə malikdir, digər tərəfdən, biz yenə də ictimai oriyentirlərin yoxluğu ilə qarşılaşırıq”.
Rusiyaya qarşı sanksiyalar Ermənistana da təsir edəcək
“Rusiyaya qarşı yeridilmiş sanksiyalar, şübhəsiz ki, Ermənistana da təsir edəcək, xüsusil də onun iqtisadiyyatına. Rusların kəskin şəkildə enişə getməməsi üçün bu sanksiyalara nə qədər hazır olduqlarını bilmirəm, lakin Rusiya bazarının Ermənistan iqtisadiyyatında üstünlük təşkil etməsi səbəbindən ölkəmizin iqtisadiyyatına olan təsir aşkar duyulacaq.
Rusiya Ermənistan üçün ən böyük bazardır. Ölkə iqtisadiyyatında mühüm rol oynayan transferlərin əsas mənbəyi də Rusiyadır. Bu baxımdan çox çətin olacaq və Ermənistan başqa yollar axtarmaq məcburiyyətində qalacaq.
Siyasi nöqteyi-nəzərdən, Ukraynda müharibənin uzanması postsovet ölkələrində Rusiya mövqeyinin daha da sərtləşməsinə gətirib çıxara bilər. Konkret olaraq Ermənistanda Qərblə münasibətdə əlavə problemlər meydana gələcək. Rusiya liderinin nüvə silahlarını xüsusi hərbi növbətçilik rejiminə keçirilməsini əmr etdiyini nəzərə alsaq, bu ssenari, demək olar ki, qaçılmazdır.
Qafqazda təhlükəsizlik məsələsi yenidən aktuallaşır. Artıq qarşımızda Qafqazın yenə hərbi əməliyyatlar teatrına dönüb-dönməyəcəyi məsələsi durur.
Rusiya bu cür risklərin neytrallaşdırılması yolunda müəyyən addınlar atıb. Azərbaycanla Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamənin imzalanması bunlardan biridir.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi də mühüm rol oynayacaq. Əgər Ermənistan prosesi sürdürə bilərsə, bu, təhlükəsizlik risklərinin neytrallaşdırılmasında əlavə amil ola bilər”.