Ermənistan Qarabağdan getmiş ermənilərin müdafiə statusunun vaxtını uzadıb

Qarabagdan köç. Foto: Meydan TV

DİN sərhədi keçməyi planlaşdıran qaçqınları sənədlərini dərhal yeniləməyə çağırıb

Ermənistan Qarabağdan getmiş ermənilərin keçici müdafiə statusunun vaxtını uzadıb və bu status olmadan onlar ölkəni tərk edə bilməyəcəklər.

“OC Media” xəbər verir ki, oktyabrın 17-də Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinə verilən müdafiə statusunun 2025-ci il dekabrın 31-dək uzadıldığını açıqlayıb.

Bu status 2023-cü ildə Qarabağdan kütləvi köçkünlükdən sonra Ermənistan vətəndaşlığı üçün müraciət etməyən 100 mindən çox erməniyə verilib.

O zaman Ermənistan hökuməti bu qərarına ziddiyyətli izahat verərək, bölgə əhalisinə verilən Ermənistan pasportlarının yalnız “səyahət sənədi” olduğunu təkid edirdi.

Cümə axşamı nazirlik sənədləşdirmə prosesinin sadələşdirildiyini qeyd edərək, sərhədi keçməyi planlaşdıran qaçqınları sənədlərini dərhal yeniləməyə çağırıb. Mümkün gecikmələr barədə də xəbərdarlıq ediblər və ilin sonuna doğru müraciətlərin sayının arta biləcəyini vurğulayıblar.

Artıq Ermənistana daxil olmaq üçün sertifikat tələb olunmasa da, ölkədən çıxmaq üçün pasportla birlikdə etibarlı sertifikat tələb olunacaq.

Onlar həmçinin qeyd ediblər ki, sertifikatın qüvvədə olma müddətində dəyişikliklər edilib. Belə ki, növbəti dəfə sertifikatın yenilənməsi prosesi avtomatik həyata keçiriləcək.

“İndi əgər bugünkü qərar nəticəsində on minlərlə insan gələn il arayışlarını yeniləmək və ya yenisini almaq üçün yenidən pasport şöbələrində növbəyə durmalı olacaqsa, əminliklə demək olar ki, biz məsuliyyətsiz və səriştəsiz şəxslərlə qarşılaşırıq. Onlar təsadüfən hakimiyyət postlarına düşüb”, – deyə əslən Dağlıq Qarabağdan olan politoloq Tiqran Qriqoryan “Facebook” hesabında yazıb.

Ötən il bir çox qaçqın ölkə üzrə pasport şöbələrində uzun növbələrə dururdu. Bəzi hallarda həftələrlə davam edən növbələr həm qaçqınların, həm də Ermənistan vətəndaşlarının məyusluğuna səbəb olub.

Rəsmilər gecikmələrin pasport şöbələrində aparılan islahatlar, habelə qaçqınların yaratdığı iş yükünün artması ilə əlaqədar olduğunu bildirib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan Qarabağdan getmiş ermənilərin müdafiə statusunun vaxtını uzadıb