Ermənistan BMT-ni Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə çağırıb (yenilənib)

Foto: arxiv

Azərbaycan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasındakı (TŞ) müzakirələrdə səslənən fikirləri yalanlayıb.

Nazirliyin bu gün yaydığı açıqlamada bildirilib ki, vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər yalandır:

“Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir”.


ABŞ və Fransa dəhlizin açılmasını tələb edir, Azərbaycan dəhlizin bağlanmadığını deyir

“Ermənistan BMT strukturlarını vəziyyətlə yerində tanış olmaq üçün Dağlıq Qarabağa faktaraşdırıcı missiya göndərməyə çağırır”.

Bunu Ermənistanın təşkilatdakı daimi nümayəndəsi Mqer Marqaryan BMT Təhlükəsizlik Şurasının 20 dekabr iclasında səsləndirib.

“Mövcud vəziyyətdə biz BMT Təhlükəsizlik Şurasını Azərbaycandan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl etməyi və Laçın dəhlizinin blokunu dərhal və qeyd-şərtsiz açmağı, təhlükəsiz və qeyri-qanuni yollara maneələrin aradan qaldırılmasını tələb edərək, addımlar atmağa çağırırıq. Həmçinin orada humanitar vəziyyəti qiymətləndirmək və BMT-nin humanitar strukturlarının maneəsiz çıxışını təmin etmək üçün Laçın dəhlizinə və Dağlıq Qarabağa faktaraşdırıcı missiya göndərilməsinə çağırırıq”, -deyə  Ermənistanın BMT-dəki daimi nümayəndəsi bildirib.

Məlumatı “Azadlıq” radiosunun erməni xidməti yayıb.

Yaşar Əliyev: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev Ermənistan tərəfinin iddialarına cavabında Dağlıq Qarabağ adlı ərazi vahidin olmadığını və Laçın yolununun bağlanmadığını söyləyib.

Yaşar Əliyevin sözlərinə görə, Bakı artıq yerli ermənilərlə birbaşa təmasdadır.

 O, misal olaraq yeni Laçın yolunun tikintisini və azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına səfərini göstərib.

“Görünür, Ermənistan və bəzi üçüncü dövlətlər yerlərdə bu müsbət hadisələrdən getdikcə daha çox narahat olurlar. Ona görə də gərginlik yaratmaq və kövrək nizamlanma prosesini pozmaq üçün hər cür təxribatlara əl atırlar. Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarında bilavasitə iştirak edən və regiona heç bir aidiyyatı olmayan bədnam iş adamı Ruben Vardanyanın bölgədə peyda olması, bəzi xarici aktorların sabitliyi pozan hərəkətləridir”, – deyə Yaşar Əliyev əlavə edib.

Yaşar Əliyev. Foto: Vikipediya

Bildirilir ki, təxminən saatyarım davam edən müzakirədə BMT Təhlükəsizlik Şurasının ondan artıq dövlətinin, o cümlədən bütün daimi üzvlərinin diplomatları Laçın dəhlizindəki vəziyyətə toxunublar.

Fransa nümayəndəsi Laçın dəhlizinin blokunun dərhal açılmasını və BMT strukturlarının bölgəyə daxil olmasının mümkünlüyünü tələb edib.

ABŞ nümayəndəsinin təqdimatı Dağlıq Qarabağı Ermənistanla birləşdirən yolun bağlanmasının həm humanitar, həm də siyasi nəticələrinə həsr olunub.

“Birləşmiş Ştatlar Laçın dəhlizinin istifadəsinə qarşı davamlı maneələrdən və artan humanitar nəticələrdən dərin narahatdır. Çox açıq deyim: Laçın dəhlizindən istifadənin qarşısında duran maneələr sülh prosesində geriləməyə gətirib çıxarır və mövcud beynəlxalq etimadı sarsıdırlar. Bu cür hərəkətlər ciddi humanitar problemlərə səbəb ola bilər. Biz Azərbaycan hökumətini və dəhlizin təhlükəsizliyinə cavabdeh olan digər qüvvələri humanitar və kommersiya məqsədləri də daxil olmaqla, sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq”, – deyə ABŞ-ın nümayəndəsi bildirib.

Rusiyanı təmsil edən diplomat deyib ki, böhran başlayandan Moskva onu aradan qaldırmaq üçün fəal işləyir: “Biz gözləyirik ki, yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqəsi bərpa olunacaq. Rusiya tərəfi Müdafiə Nazirliyinin, sülhməramlı qüvvələrin və Xarici İşlər Nazirliyinin cəlb edilməsi ilə Laçın dəhlizində yaranmış vəziyyətin tezliklə həlli üçün bütün lazımi səyləri göstərir. Azərbaycanlı və erməni tərəfdaşlarla müntəzəm əlaqələr qurulub. Bu işlər sayəsində Dağlıq Qarabağın qaz təchizatını bərpa etmək, Laçın dəhlizinin blokunu qismən açmaq mümkün olub. Azərbaycan ekoloqlarının Dağlıq Qarabağın tarlalarına səfərləri üçün kriteriyalar razılaşdırılır”.

XİN açıqlama verəcəyini deyir…

Azərbaycan Xarici İşlər Nazirliyindən Meydan TV-yə bildiriblər ki, BMT Təhlükəsizlik Şurasının iclası barədə açıqlama veriləcək.

Şuşa-Xankəndi yolundakı etiraz aksiyasının iştirakçıları BMT Təhlükəsizlik Şurasının dekabrın 21-də keçirilən iclasında deyilənlərə etiraz ediblər.

МИД Азербайджана
Foto: Meydan TV

Aksiya iştirakçılarının yaydığı bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi təəssüfləndiricidir.

Aksiya iştirakçıları BMT-nin iclasında deyilənlərə etiraz edib

“Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar”, – bəyanatda belə deyilir.

Şuşa-Xankəndi yolu. Foto: Meydan TV

İştirakçılar hesab edirlər ki, aksiya dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər:

“Biz Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir. Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik”.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəSiyasətErmənistan BMT-ni Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə çağırıb (yenilənib)